13 Avqust 2020 19:48
1307
İQTİSADİYYAT
A- A+

Alınmış mallara görə ödənilən ƏDV-nin 5,9 milyon manatı istehlakçılara geri qaytarılıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (www.edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, keçən müddət ərzində artıq portalda 466 min 948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 375 min 536-sı və ya 80 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız bu tip kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində "www.edvgerial.az” portalına müraciət etməli və çek barədə məlumatları, yəni nəzarət kassa aparatının çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin "BirBank” tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı”na yerləşdirilir.

İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir transaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru "Kapital Bank”dır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video