13 Avqust 2020 02:36
3460
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV Xəzərdəki “Qarabağ”ın qüdrətini özünə qaytardı


Neft-qaz yatağına geri dönüş və dənizdə ən böyük sualtı dayaq blokunun inşası Azərbaycanın real gücünün göstəricisidir


Son 17 ildə regional və qlobal miqyasda enerji bazarlarında mühüm iştirakçıya çevrilən Azərbaycanın uğurlu neft-qaz strategiyasının icrası tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycanın neft gəlirlərinin artmasına, bundan sonra uzun illər ərzində beynəlxalq neft-qaz bazarlarında aktiv iştirakçı kimi qalmasına böyük töhfə verəcək "Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı.

Bu, əlbəttə ki, böhran şəraitində sosial-iqtisadi islahatlarını davam etdirən, qlobal layihələrin müəllifi və təşəbbüskarı kimi tanınan Prezident İlham Əliyevin neft-qaz strategiysının növbəti uğurudur.

Blokun istismara verilməsi mərasimində iştirak edən cənab İlham Əliyev həm "Qarabağ” yatağı, həm də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanan möhtəşəm qurğunun funksiyası ilə bağlı maraqlı faktlar, fikirlər söylədi.


"Qarabağ” yatağı


- Xəzərin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir;

- müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır;

- neft potensial - 60 milyon tonddan çoxdur;

- yataqda 6 neft, 3 qaz və 3 suvuru

cu quyu qazılacaq;

- ildə azı 1,5 milyon ton neft, 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək.


"Qarabağ” dayaq bloku


- İnşa edilmiş ən böyük sualtı qurğudur;

- şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb;

- çəkisi 16 min tondan çox, hündürlüyü 190 metrə yaxındır;

- blokun tikintisi iki il ərzində reallaşıb;

- qurğu Xəzərdə dərinliyi 182 metr olan sahədə quraşdırılacaq;

- konstruksiyanın tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.


Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biri


Bu gün Azərbaycanda dünyaca məşhur "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqlarının işlənilməsi ilə yanaşı, bir çox digər perspektivli layihələr həyata keçirilir. "Qarabağ” yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

Dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibə verən cənab İlham Əliyev yatağın yaranma tarixindən söz açaraq bildirdi ki, ölkəmizin zəngin karbohidrogen yataqlarından biri sayılan "Qarabağ”da Ulu Öndər Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında saziş imzalanıb. Bu yataqda 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar "Qarabağ” yatağının səmərəliliyinə inanmayıblar. Bununla da sazişə xitam verilib və neft-qaz yatağı tərk edilib: "Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir”.

Qeyd edək ki, yataqda sonuncu dəfə qazma işləri 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən aparılıb. Bu il SOCAR-ın və "Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf olunub.

"Qarabağ” müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağı hesab olunur. Prezidentin söylədiyi kimi, "Azəri”, "Çıraq”, "Günəşli” yataqları sovet dövründə kəşf edildiyi, "Şahdəniz” və "Abşeron” yataqları qaz-kondensat yataqları olduqları üçün "Qarabağ” neft yatağı olaraq birinci yataqdır.

Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ” dayaq blokunun istifadəyə verilməsi ilk növbədə Azərbaycanın qüdrətinin göstəricisidir. Eyni zamanda onu deməyə əsasə verir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Buna görə də əminliklə deyə bilərik ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar da uğurla istismar ediləcək və Azərbaycana böyük fayda verəcək.

Onu da vurğulamalıyıq ki, tikintisi iki il ərzində aparılan konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub. Bu da onu deməyə əsas verir ki, Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirmiş ölkədir. Artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər.


22 il öncə tərk edilmiş "Qarabağ” yatağına qayıdış


"Qarabağ” yatağından hasilata gəlincə isə Prerzident dedi ki, əgər hər şey plan üzrə getsə, iki ildən sonra, yəni - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılacaq. Yatağın neft potensialı 60 milyon tondan çox səviyyədə qiymətləndirilsə də, dövlət başçısı hesab edir ki, işlənmə dövründə bu rəqəm daha da artacaq. Bu da əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalmasına və qaz hasilatının artmasına böyük töhfə verəcək.

Onu da qeyd edək ki, xarici mütəxəssislərin bu yataqla bağlı pessimist fikirləri "Qarabağ”ın tərk edilməsi ilə nəticələnmişdi. Ancaq yerli mütəxəssislərin yatağa olan inamlarının ölməməsi yenidən geri dönüşü reallaşdırdı.

Prezidentin də söylədiyi kimi Azərbaycan dövləti xarici tərəfdaşlarla bir çox yataqlar üzrə müqavilələr imzalasa da, heç də onların hamısı səmərə verməyib. Belə olan təqdirdə bir çox layihənin icrası dayandırılıb, onların icrasına xitam verilib. Yəni qazılmış quyular ümidləri doğrultmayıb. Ancaq "Qarabağ” yatağında aparılan işlərə xitam verilsə də yatağa olan inam ölməyib: "Hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, "Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş "Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur”.


Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri Azərbaycandadır


Hazırda Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların da icra vəziyyətinə diqqət çəkən cənab İlham Əliyev bütün layihələrin uğurla icra edildiyini söylədi.

Bəlli oldu ki, bu gün "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. İnşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Qeyd edək ki, müqavilənin müddəti də uzadılıb və Azərbaycan bundan böyük fayda götürür. Prezident son illərdə ölkəmizə bir neçə milyard dollar dəyərində bonusun da ödənildiyini vurğuladı.

"Azəri”, "Çıraq” və "Günəşli” yataqlarında ən vacib məsələ isə hasilatın sabit saxlanmasıdır. Çünki bu yataq Azərbaycanın əsas gəlir mənbəyi hesab olunur. Ona görə də burada bütün işlər plana uyğun həyata keçirilir.

Eyni zamanda dünyanın ən böyük qaz-kondensat yataqlarından biri hesab olunan "Şahdəniz-2” layihəsi də uğurla icra edilir. "Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi Azərbaycana əlavə 16 milyard kubmetr qaz verəcək. Bununla da həm daxili tələbat ödəniləcək, həm də ixrac üçün böyük həcm yaranacaq.

Gələn il həmçinin "Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. Cənab İlham Əliyev bu yatağın 2 mərhələdə işlənəcəyini və ilk mərhələdə hasil ediləcək neftin ölkəmizdə istehlak olunacağına diqqət çəkdi: "Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki Azərbaycanın artan sənaye potensialı ölkəmizə əlavə resursların lazım olduğunu diktə edir. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz "Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir”.

Azərbaycanın Xəzərdəki digər yatağı da "Şəfəq-Asiman”dır. Burada da işlər qrafik üzrə gedir. Hazırda qazma işləri aparılan yatağın çox böyük potensialı var. Dövlət başçısı dedi ki, qazma işləri buradakı ehtiyatın dəqiq həcmini göstərəcək.


Azərbaycan Avrasiyanın yeni enerji xəritəsini tərtib edir


Bu gün Avrasiyanın mühüm nəqliyyat, tranzit qovşaqlarından biri hesab olunan Azərbaycanın iştirakı olmadan bölgədə hər hansısa bir beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr Azərbaycanın razılığı əsasında reallığa çevrilir.

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycan həm də regionda qitələri birləşdirən müxtəlif layihələrə investisiya yatırır. Dövlət başçısı bu məsələlərə də münasibət bildirirək dedi ki, indi əsas diqqət "Cənub qaz dəhlizi”nin başa çatmasına yönəldilib. Hazırda bu layihə uğurla icra edilir. Dəhlizin dördüncü, yəni sonuncu layihəsi olan TAP boru kəməri artıq başa çatmaq üzrədir. Bir neçə aydan sonra Azərbaycanın təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Bununla da "Cənub qaz dəhlizi” tam istismara veriləcək. Bunun reallaşması həm də ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək "Şahdəniz” yatağının tam işlənilməsi üçün real imkanlar yaradacaq.

Bununla Azərbaycan həm də ixrac coğrafiyasını genişləndiəcək. Çünki "Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Prezident dedi ki, əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, bu ölkə də Azərbaycanın tərəfdaşı olacaq. Yəni, bu ölkəyə də qazın ixracı üçün imkan yaranacaq. Eyni zamanda digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən dövlətlərə də Azərbaycan qazının verilməsi mümkündür.

"Cənub qaz dəhlizi”ni Azərbaycanın tarixi nailiyyəti adlandıran cənab İlham Əliyev qeyd etdi ki, çox az bir zaman müddətində bu beynəlxalq layihə tam gücü ilə fəaliyyətə başlayacaq: "Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.


"Qarabağ”dan Qarabağa...


Beləliklə, bu gün Azərbaycan 1998-ci ildə tərk edilmiş "Qarabağ” yatağına qayıdır. Bu, həm də Azərbaycan üçün rəmzi məna daşıyır. Bəlkə də yatağın "Qarabağ” adlandırılması ona olan ümidin, inamın itirilməməsini şərtləndirib. Necə ki, vaxtilə tərk etmək məcburiyyətində qaldığımız doğma Qarabağımıza qayıdacağımıza olan inamımızı, ümidimizi itirmədiyimiz kimi...

Cənab İlham Əliyevin 22 ildən sonra "Qarabağ” yatağını Azərbaycana qaytarması tezliklə doğma torpağımıza qayıdacağımıza olan ümidlərimizi daha da artırmış oldu. Çünki bu gün Azərbaycan xalqı Ali Baş Komandanına, onun qüdrətli ordusuna inanır, güvənir. Ordumuzun Aprel, Günnüt, Tovuz zəfərləri Azərbaycan hərbçisinin döyüş əzmini, xalqın isə orduya inamını daha da gücləndirib.

Prezident də buna diqqət çəkərək əminliklə vurğuladı: "Necə ki, bu gün vaxtilə tərk edilmiş "Qarabağ” yatağına qayıdırıqsa, eyni qaydada doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İnanırıq ki, "Qarabağ”a qayıtmağımız Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə böyük töhfə verəcək və Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad ediləcək Qarabağın ermənilər tərəfindən dağıdılmış, məhv edilmiş kəndlərin, şəhərlərin yenidən qurulmasında "Qarabağ”ın böyük faydası olacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video