13 Avqust 2020 02:36
3116
SİYASƏT
A- A+

Müstəqilliyi şərtləndirən əsas amillərdən biri milli-mənəvi dəyərlərin qorunmasıdır


Ulu Öndər Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatında bu vacib məsələ öz əksini geniş tapmışdır


Hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlıdır. Belə missiyanı daşıyanlar daim ali məqsədlər uğrunda mübarizənin önündə dayanıblar.

Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən amilləri qorumağı ən vacib məsələ kimi dövlət siyasətinə çevirmişdi. Həmin dövrdə respublikaya rəhbərliyin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Ümummilli Lider azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə yanaşı, milli məfkurə və düşüncə sahibi olan ziyalıları da qorumuşdu. Bu isə olduqca vacib məsələ idi.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində, kifayət qədər gərgin və taleyüklü bir məqamda xalqa rəhbərlik missiyasını öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasət bu dəfə də xalqın tarixi ənənələrinin, milli-mənəvi dəyərlərinin, özünəməxsusluğunun qorunub saxlanılmasına, qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılmasına xidmət kimi yaddaşlara yazıldı.

Bütün varlığı ilə ali mənəvi dəyərlərə bağlı olan Ulu Öndər yeni ictimai-iqtisadi formasiyada mənəviyyat məsələlərinin xüsusi diqqət mərkəzində saxlanılmasının vacibliyini düzgün qiymətləndirərək, bu istiqamətdə sistemli və ardıcıl siyasət yürütdü, milli dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsinə, eyni zamanda, mədəni sərvətin qorunub yaşadılmasına çalışdı. Qərbin kosmopolit ideyalarının sürətlə yayıldığı bir dövrdə milli məfkurənin mühafizəsi, habelə azərbaycançılığın mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi, dini dəyərlərin, adət-ənənələrin gənc nəslə aşılanması istiqamətində həmin illərdə kompleks tədbirlər həyata keçirildi.

Xalqımızın milli düşüncə və şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyasının dərin kök salması bütün dövrlərdə özünü göstərib. Ulu Öndər bunu yaxşı bildiyi üçün bu amilə xüsusi diqqət yetirilməsini nəinki vacib sayır, hətta, yeri gəldikcə hamıdan ciddi tələb edirdi.

Ümummilli Lider sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, cəsarətlilik kimi normaları daim uca tutaraq, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi yanaşırdı. Məhz buna görə də idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, ədalətə bağlı olması da onun zəngin mənəviyyatından irəli gəlirdi. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq hesab edirdi ki, "haqlı həmişə güclüdür”.

Milli-mənəvi dəyərlərə bağlı olan Ümummilli Liderin ciddiliyinin humanistliyini üstələməməsi onun dahiliyini və müdrikliyini təsdiqləyirdi. Keçmişlərdə səhvlərə yol vermiş bəzilərini bağışlaması da buradan irəli gələn keyfiyyətlərindən idi: "Mən dəfələrlə demişəm, heç kəsə damğa vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla birlikdədirsə, qanuna riayət edirsə, buna söz yoxdur”.

Müxtəlif dövlət tədbirlərində gəncləri mənəviyyat, əxlaq, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa çağıran Ulu Öndər bunu daim diqqətdə saxlayırdı. Ötən əsrin 90-cı illərinin sonuna doğru Azərbaycan gəncliyi müxtəlif yad təsirlərə, yabançı neqativ dəyərlərin, ictimai şüurda həzm olunmayan "ənənələrin” hücumuna məruz qalırdı. Həmin dövrdə xalqın qəlibləşmiş milli-mənəvi, əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal” və ya "kosmopolit” dəyərlərin gənclər arasında təbliği geniş vüsət almışdı ki, bu da Ümummilli Lider Heydər Əliyevi ciddi narahat edən məsələlər idi.

Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu qoruyub saxlamaq, özünüdərki gücləndirmək son dərəcə aktual problem kimi önə çıxır. Yeni yüzilliyin əvvəlində Azərbaycanın da belə bir vəziyyətlə üzləşmək təhlükəsində olduğunu görən Ulu Öndər xüsusilə də gəncləri milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağa, onları mənəvi ucalığa dəvət edirdi: "Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

2001-ci il avqustun 13-də belə bir tarixi bəyanatın verilməsi o dövrün sosial-ictimai reallıqlarından irəli gəlirdi. Məsələ burasındadır ki, 90-cı illərdə yeni münasibətlər sisteminə keçid insanların təkcə yaşayış tərzinə deyil, ümumiyyətlə, dünyagörüşünə də təsir edir, xüsusən də gənc nəslin milli ruhda yetişməsinə mane olurdu. 1998-ci il avqustun 6-da mətbuat üzərində senzuranın birdəfəlik aradan qaldırılması, cəmiyyətdə tam demokratik, azad mühitin formalaşması şəraitində kütləvi informasiya vasitələrinin fəaliyyətində xaotik vəziyyətin yaranması yaddan çıxa bilməz. Bundan sui-istifadə edən bəzi mətbu orqanlar mənəvi dəyərlərdən uzaq olan, açıq-saçıq materiallara - yazılara, fotolara yer verir, bilərəkdən, ya bilməyərəkdən cəmiyyətdə mənəvi dəyərlərin aşınması prosesində fəal iştirak edirdilər.

Cəmiyyətin yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici rol oynamalı olan televiziyaların əksəriyyətində də tamamilə fərqli mənzərə baş alıb gedirdi. Kommersiya maraqlarına hesablanan bayağı və primitiv verilişlərin, filmlərin sayının getdikcə artması cəmiyyətin mütərəqqi inkişaf harmoniyasına zərbə vurur, əxlaqi dəyərlərin deqradasiyası prosesini sürətləndirir, gənc nəsildə meşşan həyat tərzinə marağı artırırdı. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün kimi yaşayan Azərbaycanda hərbi-vətənpərvərlik verilişlərinin azlığı kifayət qədər narahatlıq doğuran məqamlardan idi.

2001-ci il 13 avqust tarixli bəyanatında Ulu Öndər Heydər Əliyev çox həssas və vacib məqamlara toxunur, ölkə vətəndaşlarını ziyanlı meyillərə qarşı mübarizə aparmağa, milli-mənəvi, əxlaqi dəyərləri mühafizə etməyə çağırırdı: "Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək - bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var”.

Əlbəttə, cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğan müqavimət hissinin qabarıq şəkildə üzə çıxması da Ümummilli Lider amili ilə şərtlənir. Hər bir məsələdə Ulu Öndərin ideyalarına söykənən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısının milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir.

Dövlət başçısı daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Ümummilli Lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Onun sağlamlığı, əsasən, bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Bu gün dünya Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahididir.

Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarca fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun böyüməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan verib.

Onu da unutmayaq ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm əhəmiyyət daşıyır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genofondun, milli-mənəvi irsin qorunması məqsədi daşıyır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video