13 Avqust 2020 02:32
834
CƏMİYYƏT
A- A+

Nümunəvi mübarizə modeli


Müsbət dinamika dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qabaqlayıcı tədbirlərin göstəricisidir


Dünyanın bütün nizamını pozan, bəşəriyyəti çətin və gözlənilməz sınaqlarla üz-üzə qoyan koronavirus pandemiyası sürətlə yayılmaqda davam edir.

Dövlətlərin apardığı mübarizə metodlarına, sərt qaydalara, sosial izolyasiya tədbirlərinə rəğmən səkkiz aydır virusun yayılmasını lokallaşdırmaq mümkün olmayıb. Əksinə, COVID-19 daha da aqressiv şəkildə "öz işini görməkdədir”. Hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesus Cenevrədə keçirilən brifinqdə koronavirusa yoluxma hallarının sayının bu həftə 20 milyona, ölüm hallarının sayının isə 750 minə çatacağını proqnozlaşdırıb. ÜST rəhbəri bir daha vurğulayıb ki, pandemiya ilə səmərəli mübarizədə iki element son dərəcə vacibdir - liderlər tərəfindən qətiyyətli tədbirlərin görülməsi və vətəndaşlar tərəfindən onlara dəstək göstərilməsi.

Dünyanın bir parçası olan Azərbaycanda da qlobal pandemiyaya qarşı mübarizənin kökündə bu iki amil dayanır. Dövlətimiz ilin əvvəlindən, virusun hələ ölkəmizin sərhədlərinə yaxınlaşmasından öncə COVID-19 pandemiyasının yayılmasına qarşı qətiyyətli və qabaqlayıcı addımlar atmağa başladı.

Vətəndaşları xəstəlikdən qorumaq üçün bütün sahələrdə lazım olan hər cür tədbirlər həyata keçirildi. Qısa müddət ərzində 20-dən artıq xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi. Tibbi maska və gigiyena vasitələri istehsal edən müəssisələr açıldı. Prezident İlham Əliyevin sərəncamına əsasən, bölgələri də əhatə etməklə modul tipli xəstəxanalar quraşdırıldı. Beləliklə, ölkədə koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlandı, 35 rayon və şəhərdə 46 xəstəxana bu istiqamətdə fəaliyyətə başladı. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün lazım olan laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artaraq 6-dan 31-ə çatdırıldı. Yaxın zamanlarda laboratoriyaların sayının 45-ə çatdırılması gündəmdədir. Ötən müddət ərzində ölkədə aparılan testlərin sayı isə 800 minə çatıb.

Bir müddət öncə ölkəmizə 40 yeni təcili tibbi yardım maşını gətirilib. Daha 60 maşının da gətirilməsi nəzərdə tutulub. Bölgələrə göndərilən bu maşınların xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün böyük əhəmiyyəti var.

Səhiyyə infrastrukturunun pandemiya ilə mübarizəyə istiqamətləndirilməsi, xəstələrin dövlət hesabına müalicəsi ilə yanaşı, həkimlərin sayının artırılması və təcrübə mübadiləsi məsələləri də kompleks şəkildə həll olunur. Son iki ayda koronavirusla mübarizədə böyük fədakarlıq göstərən Azərbaycan həkimlərinin xarici həmkarları ilə təcrübə mübadiləsi aparmaları üçün Türkiyə, Rusiya, Kuba və digər ölkələrin tanınmış tibb mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilib. Son günlər isə onlara Çindən gəlmiş həkimlər də qatılıb.

Pandemiyadan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirildi. Təqribən 5 milyon nəfəri əhatə edən məşğulluq və sosial rifaha dəstək paketi icra olundu. Dövlət sektorunda çalışan 900 min nəfərin 80 faizi işə çıxmasa da, iş yeri və əməkhaqları qorundu. Dövlətin dəstəyi sayəsində özəl sektorun rəhbərləri 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısını aldılar. İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üçün 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə verildi. Aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 milyon manat məbləğində vəsait ödənildi. Sərt karantin rejimi tətbiq edilən iyul ayında 16 şəhər və rayon üzrə 290 min şəxsə birdəfəlik ödəmə üçün ümumilikdə 55 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədəki tapşırığına əsasən, növbəti sosial dəstək tədbiri kimi, avqust ayında da sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə 190 manat həcmində birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat vəsait ayrılacaq.

Pandemiya ilə mübarizənin önündə gedən həkimlərin və digər tibbi heyətin əməkhaqları da artırıldı. İnsanların rifah halının yaxşılaşdırılmasına yönələn bu işlər əhali tərəfindən birmənalı olaraq yüksək qiymətləndirildi, dəstəkləndi və alqışlandı. Bunlar Azərbaycan dövlətinin öz vətəndaşını qorumaq üçün əlindən gələni əsirgəmədiyini göstərir.

Azərbaycanın bu təhlükəli virusa qarşı apardığı mübarizə dünyaya da nümunədir. Bunu həm beynəlxalq ekspertlərin rəyləri, həm də Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin görülən işlərə verdiyi qiymət sübut edir. Bu da faktdır ki, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə dünyada nümunəvi Azərbaycan modeli kimi qəbul edilib.

Pandemiyanın elan olunduğu ilk gündən indiyədək Azərbaycanda koronavirusa qarşı mübarizə müsbət dinamika istiqamətində aparılıb. Vaxtında görülən zəruri tədbirlər sayəsində ölkədə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Digər ölkələrdə xəstəliyə yoluxanların və ölüm hallarının sayı artdığı halda, ölkəmizdə sağalanların sayı yoluxanların sayından qat-qat çoxdur. Hazırda koronavirusa yoluxma sayı kəskin azalaraq ikirəqəmli həddə düşüb. Həm müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin, həm də reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb. İyulun 16-dan sonra yaranan müsbət dinamika ölkədə koronavirus xəstəliyinin fəsadlarının minimuma endirildiyi qənaətini yaradır. Bu, dövlət başçısının həyata keçirdiyi düşünülmüş qabaqlayıcı tədbirlərin göstəricisidir. Bu, koronavirusa yoluxma hallarının qarşısının alınması üçün Azərbaycan hökumətinin qəbul etdiyi qərarların bəhrəsidir.

Təbii ki, yoluxmanın azalması sərt karantin rejimindən yumşaldılmalara keçidi labüd edib. Belə ki, avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Avqustun 10-dan isə iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib.

Lakin yumşalma tədbirləri insanların sıxlığı və ünsiyyətin çoxalması ilə müşahidə olunur. Bu isə yenidən yoluxma sayının artması təhlükəsini istisna etmir. Bunun baş verməməsi üçün qorunma tədbirlərinə daha da ciddi əməl etmək lazımdır. Qaydalara əməl edilməməsi yoluxma sayının çoxalmasına və nəticədə yumşaltma sahəsindəki növbəti addımların təxirə salınmasına, qaydaların yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Ona görə də hazırda bu sahədə əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Yumşaldılmalar, rəqəmlərin azalması, hətta sıfıra enməsi belə, virus təhlükəsinin aradan qalxması düşüncəsinə, arxayınçılıq hissinə yol açmamalıdır. Arxada qoyduğumuz ayların təcrübəsi hər birimiz üçün ibrət dərsi olmalıdır. Bəşəriyyətin başı üzərini almış təhlükənin necə qorxulu və dəhşətli olduğu artıq hamıya aydındır. Onunla mübarizədə ehtiyatsızlıq, bir an sosial məsuliyyət hissinin itirilməsi fəlakətli nəticələrlə sonlana bilər. Ona görə də hər addımda, hər yerdə ehtiyatı əldən verməmək, məsuliyyət hissini itirməmək vacibdir. Karantin qaydalarına uyğun yaşamaq özümüz, doğmalarımız, ətrafımızda olanlar və sabahımız üçün lazımdır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video