12 Avqust 2020 00:26
3755
İQTİSADİYYAT
A- A+

Azərbaycanın neft-qaz strategiyası möhkəm dayaqlara əsaslanır


Prezident İlham ƏLİYEV: "Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”


Azərbaycan əsrlərdir yerin təkindən və artıq 70 ildən çoxdur dənizin dibindən neft hasil edir. Zaman-zaman ölkəmizin qaz yataqlarının da sayı artıb və indi bizim dünya şöhrətli "Şahdəniz”imiz var. Nə xoş ki, təbiətin öz səxavətli əli ilə yurdumza bəxş etdiyi bu böyük sərvət tükənmir. Son illərdə kəşf olunmuş yeni karbohidrogen yataqlarının bir hissəsi Azərbaycana gəlir gətirir, digərləri isə işlənmə mərhələsindədir və gələcək üçün böyük potensial vəd edir. Bu yataqlardan biri doğma Qarabağımızın adını daşıyan "Qarabağ” yatağıdır.

"Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün dayaq blokunun inşası uğurla başa çatıb və bu il avqustun 10-da qurğunun Xəzərə yola salınmasında Prezident İlham Əliyevin iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.

Xatırladaq ki, "Qarabağ” Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yataq Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. O vaxt burada 3 quyu qazılıb. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə kontrakta xitam verilib. Beləliklə, həmin tərəfdaşlar "Qarabağ”ı tərk ediblər. Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensialı barədə öz fikirlərində israrlı idilər və zaman bunu sübuta yetirdi.

2020-ci ildə SOCAR və Norveçin "Equinor” (keçmiş "Statoyl”) şirkətinin birgə qazma əməliyyatı vasitəsilə "Qarabağ” məhz neft yatağı kimi kəşf edildi. Yataq 60 milyon ton neft ehtiyatına malikdir. Burada 6 neft, 3 qaz və 3 suvurma quyusunun qazılması nəzərdə tutulur.

"Qarabağ” yatağının istismara verilməsi istiqamətində görülən işlərin başlanğıcının belə uğurlu olması Azərbaycanın neft-qaz strategiyasının müvəffəqiyyətlə irəli getdiyinin əyani təsdiqidir.

"Qarabağ” layihəsi üzrə hazırlanmış dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) 100 faiz Azərbaycana -

SOCAR-a məxsus "BOS Şelf” şirkəti tərəfindən iki il ərzində inşa edilib. Bu qurğu SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. 16 min ton ağırlığında olan qurğu "STB-1” daşıma barjına yüklənəcək və Xəzərdəki daimi yerinə çatdırılacaq.

Dayaq blokunun hazırlanması prosesində mühüm amillərdən biri də onun məhz yerli mütəxəssislər tərəfindən inşa edilməsidir. Belə ki, qurğunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

Prezident İlham Əliyev dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə görülmüş işləri yüksək dəyərləndirib: "Nəzərə alsaq ki, "Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, "Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə "Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi, əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər.

Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”.

Yeri gəlmişkən, qeyd edək ki, sözügedən dayaq blokunun inşa edildiyi BDÖZ vaxtilə məhz Ulu Öndər Heydər Əliyevin səyi və nüfuzu sayəsində tikilib. Mütəxəssislərin fikrincə, əgər bu müəssisə olmasaydı, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin hərəsi ən azı bir neçə il ləngiyə bilərdi. Bu gün zavodda 5 minə yaxın insan çalışır. Bu və digər layihələr üçün görülən işlər çox sayda insanların məşğulluğunu təmin edir. Onların orta aylıq əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır.

Bu insanlar yüksək peşəkarlığa malik mütəxəssislər və ixtisaslı fəhlələrdir. Onlar dənizin 182 metr dərinliyində qərar tutacaq 190 metr hündürlüyündə dayaq blokunun hazırlanmasında da böyük ustalığa və səriştəyə malik olduqlarını göstərmişlər.

Növbəti mərhələlərdə Xəzərdə bu dayaq bloku üzərində stasionar dəniz özülünün üst hissəsi və göyərtə meydançası quraşdırılacaq. "Qarabağ” yatağından 2022-ci ilin sonlarında ilk karbohidrogenlərin hasil ediləcəyi gözlənilir. Bir sıra geoloji amillər deməyə əsas verir ki, burada 60 milyon tondan daha böyük həcmdə təbii ehtiyatlar var. Yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.

Göründüyü kimi, 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, onların ölkəmizin neft-qaz sənayesinə və neft-qaz potensialına marağı azalmır, əksinə, artır. Odur ki, Prezident İlham Əliyev növbəti illərdə "Qarabağ”ın və digər yataqların da uğurla istismar ediləcəyinə və Azərbaycana böyük fayda verəcəyinə əminliyini bildirib.

Prezident həmçinin "Qarabağ” yatağının Azərbaycan xalqı üçün əziz olan, əzəli və əbədi yurdumuz Qarabağın adını daşımasının rəmzi məna kəsb etdiyini vurğulayaraq demişdir: "Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video