12 Avqust 2020 00:16
598
CƏMİYYƏT
A- A+

Proqnoz vermək çətin, uğura köklənmək isə vacibdir


Koronavirus pandemiyası ildırım sürəti ilə bütün dünyanın nizamını dəyişmiş və bəşəriyyət gözlənilməyən sınaqlarla üzləşmək məcburiyyətində qalmışdır. Hansısa qeyri-adi bir qüvvə bütün müdhişliyi ilə insanlığa qənim kəsilmişdir. Onun vurduğu aramsız zərbələr ölkələrin iqtisadiyyatını çökdürmüş, görünməmiş gərginliklər yaratmış, bəşəriyyət planetar miqyasda şok təsirlərə məruz qalmışdır.

Avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə mövcud vəziyyətə toxunmuş, görülən işləri təhlil etmiş, belə mürəkkəb şəraitdə perspektivdə atılmalı zəruri addımlardan danışmışdır. Bildirilmişdir ki, pandemiyanın elan olunduğu ilk gündən indiyədək Azərbaycanda koronavirusa qarşı mübarizə müsbət dinamika istiqamətində aparılmışdır. Vaxtında görülən zəruri tədbirlər sayəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Bu gün sağalanların sayında yoluxanlara nisbətən yaranan müsbət dinamika belə qənaətə gəlməyə əsas verir ki, ölkədə koronavirus xəstəliyinin fəsadları mümkün minimuma enmişdir.

Dövlət başçısı bu işdə səhiyyə işçilərinin fəaliyyətinə yüksək dəyər vermişdir: "Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

Azərbaycan pandemiya ilə mübarizədə ölkə miqyasında görülən böyük işlərdən savayı, həm də beynəlxalq əlaqələr çərçivəsində Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən gələn həkim briqadaları dəvət etmişdir. Bundan əlavə, ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmış, 35 rayon və şəhərdə 46 xəstəxana bu istiqamətdə fəaliyyətə başlamışdır.

Bu gün ölkənin 19 rayon və şəhərində xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Görülmüş tədbirlər nəticəsində aktiv xəstələrin sayı 8 min 651 nəfərdən 2,3 dəfə azalaraq 3 min 787 nəfərə enmişdir. Laboratoriyaların sayı isə 6-dan 31-ə çatdırılmış və bu hesaba 760 minə yaxın test aparılmışdır.

Məlum olduğu kimi, dövlət başçısı koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsini tapşırmışdır. Mart-iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manat ödəniş edilmişdir.

Görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlanmış, o cümlədən əvvəlki 16 şəhər və rayonun 3-ü - Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Eyni zamanda əhalinin sosial müdafiəsi dörd istiqamətdə 12 tədbiri əhatə etmişdir. Demək olar ki, əhalinin yarısını, beş milyon insanı əhatə edən tədbirlər planı icra olunmaqdadır. Tədbirlər planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Həm dövlət, həm də özəl sektorda çalışan 1 milyon 660 min insanın məşğulluğu davam etmiş, onların əməkhaqları, iş yerləri qorunub saxlanılmışdır. İşsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər üçün də bir sıra silsilə tədbirlər həyata keçirilmışdır.

Digər istiqamət işsiz və qeyri-formal işləyən şəxslər üçün yaradılan haqqı ödənilən ictimai işlər proqramı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırılmışdır. Onlardan 38 mini davamlı, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur.

Dövlət başçısının tapşırığına əsasən, əlavə olaraq özünüməşğulluq proqramının genişləndirilməsinə başlanılmışdır. Bu proqrama Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, yerli banklar qoşulmuşdur. Dövlət qurumlarından İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi çox geniş əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi istiqamətində mühüm işlər görmüşlər.

Prezident İlham Əliyev yekun nitqində pandemiya ilə əlaqədar görülmüş işlərə, bütövlükdə, yüksək qiymət vermişdir: "Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video