11 Avqust 2020 00:38
2760
CƏMİYYƏT
A- A+

Dövlət başçısının səfərləri regionların simasını başdan-başa dəyişib


Müstəqil Azərbaycanın müasir tarixində yeni səhifələr açan islahatlar illər ötdükcə bir-birini əvəz edir. Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin həyata keçirilməsi nəticəsində respublikamız dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Ölkə rəhbərinin konkret hədəflərə hesablanan uğurlu addımları nəticəsində paytaxtla yanaşı, respublikamızın bütün bölgələrində həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də nəhəng infrastruktur layihələri icra olunur.

Qədim tarixə, zəngin mədəniyyətə malik Gəncə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər tamamilə yenidən qurulmuş və inkişaf etmiş Avropa şəhərlərindən heç də fərqlənmir. Bu yenilənmə dövlət başçısının qədim Nizami yurduna hər səfərindən sonra daha geniş vüsət almış, şəhərdə park və xiyabanların sayı artmış, mədəniyyət obyektlərinin siyahısına yeniləri əlavə edilmişdir.

Yaxın keçmişdə Gəncəyə gələn qonaqlar şəhərin hansı vəziyyətdə olduğunu yaxşı xatırlayırlar. Xüsusilə şəhərin Bakı istiqamətindən olan girişinin necə baxımsız olduğu hamının yadındadır. Boz düzəngah, daşlı-kəsəkli torpaq, adda-budda ağaclar ürək ağrıdırdı. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi yerləşən ərazi baxımsız vəziyyətdə idi. İndi həmin istiqamətdə şəhərə yaxınlaşanda uzaqdan çox müasir və qədim bir şəhər gözlərin önündə canlanır. 75 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağını, Qoşa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Abidə-Kompleksini, geniş ərazini əhatə edən yaşıllığı, yaraşıqlı fəvvarəni seyr etdikcə adamın ürəyi dağa dönür. Qalanın daxilində yerləşən dördmərtəbəli muzeydə isə tarixin istənilən dövrünə səyahət etmək mümkündür. Hərb tarixi, etnoqrafiya, süfrə mədəniyyəti, qədim sənət nümunələri Gəncənin böyük mədəniyyətə malik olduğunu diqqətə çatdırır. Muzeydə qədim yurdun dünyaya səs salan sənətkar övladları haqqında ətraflı məlumat almaq üçün təkcə "Sələflər və xələflər” qalereyasına baxmaq kifayətdir.

İnsanda xoş ovqat yaradan bu ərazini keçib şəhərə üz tutanda yol boyu yamyaşıl ağacların və qədimliyi özündə əks etdirən istinad divarlarının əzəmətini artıran 5 kitabə dəyərli məlumat kimi insanda xoş təəssürat yaradır. Dahi Nizami Gəncəvinin "Xəmsə”sinin poemalarına həsr olunmuş bu kitabələr gələn qonaqlarda dünya şöhrətli şair haqqında geniş təsəvvür yaradır. Şairin məqbərəsi isə bu təəssüratı tamamlayır.

Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın qayğısı və yaxından köməyi ilə Gəncədə bir çox tarixi abidələr, o cümlədən Comərd Qəssab, Cavad xan tarixi memarlıq abidələri, muzeylər, təhsil və səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub.

Şəhərin gözəlliyinə yeni gözəllik qatan, Prezident İlham Əliyevin bünövrəsini qoyduğu və iki il sonra açılışını etdiyi Heydər Əliyev Park-Kompleksi bu gün Gəncənin əsas istirahət məkanına çevrilmişdir. Parkın yenidən qurulması üçün təsdiq edilmiş layihənin təqdimatı keçiriləndə çoxları buna inanmaq istəmədi. Lakin Ulu Öndərə olan böyük ehtiram və məhəbbət insanlara elə bil güc-qüvvət verdi. İki il sonra parkın açılışında iştirak edən dövlət başçısı buranı möcüzə adlandırdı. Parkda ucaldılan Heydər Əliyev Mərkəzi, Zəfər Tağı, "Amfiteatr”, uşaqların və böyüklərin ürəyincə olan qeyri-adi attraksionlar və sair indi həm sakinlərin, həm də qonaqların ziyarət ünvanına çevrilmişdir.

Gəncədə insanların rahatlığı üçün yaradılan istirahət məkanları bununla bitmir. İllər boyu baxımsız vəziyyətdə olan, hətta məişət tullantılarının məkanına çevrilmiş Gəncəçayın sahili indi gözəlliyə bürünmüş seyrangahdır. Burada Məhsəti Gəncəvi və Uşaq Yaradıcılıq mərkəzləri inşa edilməklə ərazinin gözəlliyi bir qədər də artırılmışdır. Çayın sağ sahilində yaradılmış və insanların sevimli istirahət yerlərindən birinə çevrilən Park-Bulvar Kompleksində müair oturacaqlar quraşdırılmış, müxtəlif ağac və gül kolları əkilmişdir. Həyata keçirilən bu işlər ölkə rəhbərinin qədim Nizami yurduna etdiyi tarixi səfərlərin uğurlu nəticələridir. Dövlət başçısının hər səfərindən sonra bir-birinin ardınca həyata keçirilən layihələr Gəncənin inkişafını daha da sürətləndirmişdir.

Son illərdə 460 hektarlıq ərazidə salınan park, zəngin eksponatlı 5 muzey istifadəyə verilmiş, bir milyon ağac əkilmişdir. Mədəniyyət və istirahət parklarının da sayı artmış, 5 qəsəbə-Sadıllı, Məhsəti, Natəvan, Şeyxzamanlı və Cavad xan qəsəbələri tamamilə yenidən qurulmuşdur. Məktəblərin və uşaq tərbiyə müəssisələrinin hamısı yenilənmiş, səhiyyə ocaqlarının sayı artırılmış, əvvəldən olanlar isə əsaslı şəkildə təmir edilmişdir. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının tikilərək istifadəyə verilməsi şəhər mərkəzinin arxitekturasına daha bir gözəllik bəxş etmişdir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün inşa edilən yeni binada son tamamlama işləri görülür. İnamla demək olar ki, genişmiqyaslı quruculuq işləri aparılarkən Gəncənin qədim şəhərsalma ənənəsi qorunur.

Hazırda qədim Gəncə inkişafının yeni mərhələsini yaşayır. Şəhər öz tarixi simasını saxlamaqla sürətlə inkişaf edir. Çoxmərtəbəli yaşayış binalarının dam örtükləri yenilənir, fasad hissələri şəhərə xas olan memarlıq ənənələri əsasında üzlənir. Yaradılan nümunəvi məhəllələr, geniş prospektlər, rahat yollar, göz oxşayan parklar bu gün Gəncəni baxımlı edən əsas elementlərdir.

Göründüyü kimi, Gəncə son illər həyata keçirilən genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində qazandığı ecazkar gözəlliyi ilə adamları heyran qoyur. Gəncəyə gələn qonaqlar da öz heyranlıqlarını bildirir, bu qədim şəhərə dönə-dönə gəlməyi arzulayırlar. Şəhər sakinləri gözləri önündə gündən-günə gözəlləşən, müasirləşən və çiçəklənən Gəncədə yaşadıqları üçün fəxr edirlər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu il iyun ayının 24-də Gəncəyə etdikləri tarixi səfər də şəhər sakinlərinə unudulmaz anlar yaşatdı. Digər səfərlər kimi bu dəfə də şəhərdə bir sıra obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhər sakinləri ilə yaddaqalan görüşlər keçirdilər. Səfər çərçivəsində "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verildi. Həmin gün Gəncədə tikinti materialları istehsalı zavodunun, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, 1 saylı şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı həyata keçirildi. Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanışlıq da yaddaqalan oldu.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gəncəyə diqqət və qayğısı bu gün də davam edir. Gəncəlilər bunu onların qədim Nizami yurduna növbəti səfərlərində bir daha hiss etdilər. Hazırda bütün dünyada COVID-19 pandemiyasının yayılmasına baxmayaraq, Gəncədə abadlıq və quruculuq işləri davam etdirilir. Dövlət başçısının sakinlərlə keçirdiyi görüşdə qarşıya qoyduğu tələb və tövsiyələri həyata keçirməyi özlərinin bir nömrəli vəzifələri hesab edən gəncəlilər bütün bu işlərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdardırlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video