11 Avqust 2020 00:35
1348
İQTİSADİYYAT
A- A+

Bir daha içməli su haqqında


Prezident İlham ƏLİYEV: "Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır”


Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildən bəri Azərbaycanda istər içməli su, istərsə də suvarma suyu ilə təminatı yaxşılaşdırmaq üçün genişmiqyaslı işlər görülüb, çoxsaylı layihələr həyata keçirilib. Bu ciddi məsələ daim dövlətin diqqət mərkəzində olub.

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması ortaya bir sıra problemlər çıxarır. Digər tərəfdən, əhalinin sayının artması, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın çoxalması su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini gündəmə gətirir.

Bu il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə həmin məsələ daha geniş müzakirə olundu. Tədbirdə əhalinin təmiz içməli su ilə fasiləsiz təminatı mövzusu da özünə geniş yer aldı.

I Dövlət Proqramının icrasına başlananda ölkədə içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Həmin vaxtdan bəri görülən ardıcıl tədbirlər nəticəsində indi bu rəqəm 70 faizə çatıb. O vaxt Bakı şəhərində içməli suyu davamlı şəkildə sakinlərin 29 faizi alırdısa, bu gün paytaxt əhalisinin təxminən 82 faizi içməli su ilə fasiləsiz təmin olunur. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz təşkil edirdi. Hazırda bu rəqəm 63 faizdir.

Vəziyyəti müsbət tərəfə dəyişən təbii ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələridir. Prezident İlham Əliyev onların arasında Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusilə qeyd etmişdir: "Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın böyük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz-Qəbələ-Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük layihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olunandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik və Oğuz-Qəbələ-Bakı su kəməri bunun əyani sübutudur. Çünki bizim neft gəlirlərimiz 2006-cı ildən sonra ölkəyə gəlməyə başlamışdır. O vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi. O zaman bizim gəlirlərimiz, əlbəttə ki, çox aşağı səviyyədə idi. Ancaq, ilk növbədə, biz bu gəlirləri məcburi köçkünlərin problemlərinin və su məsələlərinin həllinə yönəltdik”.

Mütəxəssislərin fikrincə, əgər Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, bu gün Bakı şəhərinin su ilə təminatında problemlər yaşana bilərdi.

270 milyon kubmetr tutumu olan Taxtakörpü su anbarının da bu layihələr sırasında özünəməxsus yeri var. Buradan Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilib. Taxtakörpü su anbarının əhəmiyyəti həm də ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və yeni bir hövzədən Ceyranbatan anbarına su gəlir. Əvvələr isə su Samur çayından birbaşa kanal vasitəsilə Ceyranbatana axırdı. Ortadakı bu rezervuarın da Bakının su təminatında problemlərin olmamasında böyük rolu var.

Regionlarda digər su anbarları da inşa edilib, subartezian quyuları qazılıb. Əksər şəhərlərdə içməli su və kanalizasiya layihələri icra olunub. Cəmi bir neçə şəhər qalıb ki, orada bu işlər hələ tamamlanmayıb, lakin davam etdirilir.

Bu və digər layihələrin uğurla həyata keçirilməsinə baxmayaraq, görüləsi işlər də hələ çoxdur. Məqsəd ölkə əhalisini 100 faiz keyfiyyətli içməli su ilə təmin etməkdir. Prezident bunu bir daha vurğulamışdır: "İçməli su layihələrinə gəldikdə, bu layihələrin xüsusi əhəmiyyəti var. Mənim təşəbbüsümlə bu layihələr ardıcıl olaraq icra edilir... Çünki su həyat deməkdir. İlk növbədə insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır”.

İçməli su təminatı ilə bağlı bəzi çatışmazlıqlar yuxarıda qeyd edilən obyektiv səbəblərdən əlavə, təchizat prosesində buraxılan bir sıra səhvlərdən və nöqsanlardan da asılı olur. Belə ki, su itkilərinin qarşısı qəti surətdə alınmalıdır. Bunun üçün infrastruktur layihələrinin tamamlanması vacib şərtdir. Təbiidir ki, istər Bakının rayonlarında, istərsə də digər bölgələrdə əhalinin artması, yeni yaşayış evlərinin tikilməsi, ailələrin çoxalması nəticəsində daha çox içməli su tələb olunur. Su təchizatında bütün bunlar əvvəlcədən nəzərdə tutulmalıdır.

O da sirr deyil ki, böyük ərazilərdə magistral xətlər şəbəkə kimi istismar olunur. Xüsusilə bağ massivlərində çoxsaylı qanunsuz birləşmələr edilir. Magistral xətlər üzərində sakinlər tərəfindən xüsusi nasosxanalar quraşdırılır. Bu, illərdir "ənənə”yə çevrilmiş bir məsələdir. Nəticədə müəyyən ərazilərdə suyun verilişində çətinliklər yaranır, suyun təzyiqi düşür, bəzi hallarda fasiləli rejimə keçmək məcburiyyəti yaranır. Odur ki, sudan qanunsuz istifadələrə qarşı ciddi şəkildə mübarizə aparılması bir daha günün tələbinə çevrilir.

Prezident İlham Əliyev sözügedən müşavirədən sonra, yəni iyulun 27-də "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bu sərəncamla, həmçinin "Su ehtiyatlarından səmərəli istifadənin təmin ediləsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı” təsdiq edilib. Sənəddəki bölmələrdən birində içməli su təchizatı sisteminin təkmilləşdirilməsi tədbirləri əhatə olunub. Məsələn, bu istiqamətdə görüləcək işlərə II Bakı su kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması, III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi aid edilib. Buraya eləcə də Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin Nazirlər Kabinetinə təqdim olunması daxildir. Plana görə, əhalinin içməli su ilə təmin olunması məqsədilə regionlarda quraşdırılmış modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmalı və icrası təmin edilməli, həmçinin digər çoxsaylı işlər görülməlidir. Məqsəd isə birdir - ölkə əhalisi 100 faiz keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmalıdır.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video