09 Avqust 2020 00:55
626
SİYASƏT
A- A+

Hücum diplomatiyasının böyük uğuru


İlham ƏLİYEV: "Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki,
onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər”

Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı yalnız işğalçıya vurulan növbəti hərbi zərbə olmadı. Bu hadisə həm də bütün dünyada erməni yalanlarını, onilliklərdir ki, irəli sürülən saxta iddiaları alt-üst etdi. Belə ki, həm hərbi qələbəmiz, həm də sonrakı günlərdə baş verənlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.


Ermənistanın təmsil olunduğu təşkilatın üzvləri Azərbaycana dəstək verdilər

Tovuz döyüşlərindən sonra Azərbaycanın siyasət meydanında da Ermənistana vurduğu zərbə Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyasının böyük uğurudur. Bu siyasət sürətlə öz hədəflərinə doğru irəliləyir, ayrı-ayrı dövlətlərin, təşkilatların, dövlət və siyasi xadimlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə olan baxışlarını dəyişir, onların baş verənlərə obyektiv münasibət bildirmələrinə səbəb olur. Məsələn, hələ bir müddət əvvəl Avropa Parlamenti təmsilçilərinin işğal olunmuş Dağlıq Qarabağdan Ermənistana magistral yolun çəkilməsini kəskin tənqid etmələri bunun bariz nümunələrindən biridir. Bu etiraz göstərdi ki, hətta Avropa qurumları da artıq erməni yalanlarına inanmaq istəmirlər.
Ermənilərin sərhəddəki təxribatından sonra isə Azərbaycanın haqlı mövqeyi beynəlxalq səviyyədə əhəmiyyətli dərəcədə dəstəkləndi. Hətta Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvləri də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri sənədlər çərçivəsində Azərbaycana dəstək verdilər, Ermənistanın təcavüzkar siyasətinə etirazlarını bildirdilər. Bütün bunlar işğalçı dövlətin və dünya erməniliyinin Azərbaycanla bağlı iddialarının yalan və saxta olduğunu təsdiqləyən mühüm amillər oldu. Ermənistanın üzvü olduğu KTMT-nin onun müraciətinə qeyri-ciddi münasibəti isə rəsmi Yerevanı növbəti dəfə diplomatik müstəvidə pərt vəziyyətinə saldı. "O ki qaldı KTMT-yə, onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda müvafiq məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədilər.
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan eyni zamanda KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?” - deyə bu barədə Prezident İlham Əliyev Balakəndə ASAN könüllüləri ilə görüşdə bildirib.

Erməniliyin işğalçı, vandal və ter rorçu mahiyyətini bütün dünya gördü

Erməni yalanlarına vurulan daha bir zərbə bu günlərdə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların mütəşəkkil şəkildə keçirdikləri aksiyalar zamanı baş verənlər oldu. Belə ki, Azərbaycanın Tovuz qələbəsindən, beynəlxalq ictimaiyyətin işğalçıya etirazından, ABŞ Konqresinin Ermənistan əleyhinə qəbul etdiyi düzəlişlərdən sonra dərin şok keçirən ermənilər xarici ölkələrdə dinc aksiyalar keçirən azərbaycanlılara qarşı etdikləri zorakı və qeyri-insani hərəkətlərlə özlərinin mahiyyətlərini açıb göstərdilər. Bir daha sübut olundu ki, ermənilər keçmişdə olduğu kimi, bu gün də terrorçu xislətlərindən əl çəkə bilməyiblər. Hətta dünyanın ən sivil ölkələrində yaşasalar belə onların genlərindən irəli gələn vandal davranışları, şüurları dəyişməyib. Çünki Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Azərbaycanlılara hücum edənlərin üzərində "Asala” sözü yazılmış köynəklər geymələri onların terror siyasətini bu gün də davam etdirmələrinin bir daha göstəricisidir.
Məsələnin təəssüf doğuran tərəfi isə ermənilərin məhz polislərin gözü qarşısında aksiya iştirakçılarına fiziki güc tətbiq etmələri, hüquq-mühafizə orqanlarının baş verənlərə laqeydliyi nəticəsində özlərini cəzasızlıq mühitində hiss etmələridir. Bu da öz növbəsində Qərb ölkələrinin siyasi dairələrindəki erməni təəssübkeşliyindən xəbər verir. Eyni zamanda bu hadisələrin insan hüquqlarının etibarlı təmin olunmasına önəm verən ölkələrdə baş verməsi haqlı olaraq suallar doğurur. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətində çox haqlı olaraq deyilir: "Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər. Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar? Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur. Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?”

Şərəfsizliyin və mənəviyyatsızlığın son həddi

Baş verən bu hadisələr, ermənilərin azərbaycanlılara qarşı məlum davranışları başqa bir həqiqətə də yenidən aydınlıq gətirdi. Bu da sapı özümüzdən olan "beşinci kolon” təmsilçilərinin Azərbaycan dövlətinə və xalqımıza xəyanət etmələri barədə uzun müddətdir səslənən fikirlərin reallıqda öz təsdiqini tapmasıdır. Bəli, Tovuz qələbəsindən və ermənilərin azərbaycanlıların dinc aksiyalarına hücumlarından sonra ölkəmizdəki, habelə ABŞ və Avropada yaşayan bəzi antimilli ünsürlərin Azərbaycanı və xalqımızı ittiham etmələri onların xəyanət yolu tutduqlarını, ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini tam aydınlığı ilə sübuta yetirdi.
Bir daha aydın oldu ki, AXCP sədri Əli Kərimlinin fəaliyyəti müxalifətçilik deyil. Çünki hərbi təcavüzə, ermənilərin hücumuna məruz qaldığımız, vəzifəsindən, statusundan, əqidəsindən asılı olmayaraq hər kəsin milli həmrəylik nümayiş etdirməli olduğu bir vaxtda öz millətini və dövlətini ittiham etmək şərəfsizliyin ən son həddidir.
Atası ermənilər tərəfindən qətlə yetirilən S.Osmanqızının ermənilərin ABŞ və Avropada azərbaycanlılara qarşı təxribatlarını, bayrağımızı təhqir etmələrini görməzdən gələrək onların sivil toplum olmasını sübut etməyə çalışması, öz millətini xuliqanlıqda, quldurluqda ittiham etməsi isə tək xəyanətin deyil, sözün bütün mənalarında, mənəviyyatsızlığın, əxlaqsızlığın göstəricisidir. Damarlarında əsl azərbaycanlı qanı axan bir insan heç vaxt millətini təhqir etməzdi ki, S.Osmanqızı bunu etdi. Bu hərəkəti ilə həm də atasının ruhunu təhqir etdi.
Ə.Kərimli, S.Osmanqızı, A.Məmmədov, V.İsgəndərli kimilərinin xarici xüsusi xidmət orqanlarının nəzarətində olduqları, öz maddi maraqları üçün Azərbaycana xəyanət yolu tutduqları çoxdan məlumdur. Tovuz qələbəsindən və son günlərdə ermənilərin terrorçu, barbar və vandal imiclərinin bütün dünyaya daha yaxından əyan olmasından sonra onlar eyni tezislər əsasında oxşar bəyanatlar verməklə, oxşar məzmunlu çıxışlarla Azərbaycanı ittiham etməklə ermənipərəst dairələrin maraqlarına xidmət etdiklərini özləri sübuta yetirdilər. Necə deyərlər, özləri özlərini ifşa etdilər. Azərbaycan xalqı əsasən xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain, murdar mahiyyətini bir daha anladı. Ən əsası isə hər kəs əmin oldu ki, dövlətin maraqlarını satanlar, xalqa xəyanət edənlər kimlərdir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video