09 Avqust 2020 00:48
751
CƏMİYYƏT
A- A+

Tədbirlər yumşaldılır, tələblər sərtləşdirilir


Prezident pandemiya ilə mübarizənin nəticələrindən razı qalsa da, dövlət şirkətlərinin fəaliyyətinə kəskin iradlarını bildirdi


Pandemiya davam edir. Və davam etdikcə dünyanın sosial-iqtisadi və mənəvi-psixoloji düzənini dəyişir, bütün ölkələri və xalqları sınağa çəkir.
Kimi bu dəyişiklik və sınaqdan çıxmaq üçün daxili imkanlarını səfərbər edib vəziyyəti müəyyən dərəcədə nəzarətdə saxlamağı bacarır, kimi də az itkilərə məruz qalmaqdan ötrü yollar arayır. Amma hər iki halda COVID-19 dünyanın demək olar ki, bütün ölkələrinin iqtisadi durumundan və bu üzdən əhalinin sosial güvənliyinin təminatından yan keçmir.

Təsadüfi deyil ki, bu gün hətta ən inkişaf etmiş ölkələrə belə davam edən pandemiyanın fəsadlarını azaltmaq üçün riskli olsa da, karantin qaydalarını yumşaltmağa məcbur olurlar. Nəticəsi isə göz qabağındadır - koronavirus bu yumşaltmanın yaratdığı "münbit” şəraitdən istifadə edərək yeni "həmlə”lər edir.

Həqiqətən, çox çətin vəziyyət, "olum və ölüm” qədər çox mürəkkəb seçimdir. Bu "seçim tərəzisi”nin bir gözündə əhalinin sağlamlığı, digərində dolanışığıdır. Hər ikisi də həyat qədər əhəmiyyətli, yaşam qədər vacibdir. Nə etməli, necə etməli? İndi bütün dövlətlərin, hökumətlərin cavab axtardığı suallar bunlardır.
Desək ki, bu sualların ölkəmizə dəxli yoxdur, bizdə pandemiyanın yaratdığı problemlərin hamısı asanlıqla həll edilir, bütün işlər nəzarətdədir, səmimi olmarıq. Ən azından sərt karantin qadağalarının ilk yumşaldılmasından sonra ölkədə yoluxma və ölüm hallarının artmasını xatırlamaq yetər. Məgər adına nə deyirlər desinlər, istər ikinci dalğa, istərsə də birinci dalğanın ikinci mərhələsi, həmin artımlar ölkəmizə az problem yaratdı? Hələ indi-indi özümüzə gəlməyə, az da olsa rahat nəfəs almağa başlamışıq.
Lakin yenə də təhlükə tam sovuşmayıb, dönə-dönə təkrarlandığı kimi, virus aramızdan getməyib. Bir az boşalan, arxayınlaşan kimi, o, yenə də "meydan sulamağa” başlaya bilər.

Elə avqustun 6-da Prezident İlham Əliyevin ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirənin də əsas səbəbi və məqsədi bununla bağlı idi.

Baş Nazir Əli Əsədovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirak etdikləri müşavirədə dövlət başçısı ölkəmizdə pandemiyanın elan olunduğu dövrdən bu günəcən görülən tədbirlər və onların nəticələri barədə həm özü qısa məlumat verdi, həm də iştirakçıların hesabatlarını dinlədi.

Məlum oldu ki, COVID-19-la mübarizə tədbirlərinin gücləndirilməsi, o cümlədən karantin tədbirlərinin sərtləşdirilməsi sayəsində ötən ayın 16-dan başlayaraq ölkədə müsbət dinamika, yəni yoluxma və ölüm hallarının azalması, sağalanlarınsa sayının artması müşahidə edilir. Prezident bu müsbət dinamikanı vaxtında və qətiyyətlə görülmüş tədbirlərin, atılmış addımların nəticəsi kimi qiymətləndirdi.

"Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarətdə saxlayacağıq” - deyən dövlət başçısı bu əminliyi şərtləndirən faktlara, daha doğrusu, həyata keçirilən tədbirlərə də diqqət çəkdi: "Əlbəttə bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik... Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir... Hesab edirəm ki, biz, eyni zamanda, testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atırıq. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir... Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq”.

Prezident bu sırada, həmçinin istifadəyə verilən modul tipli xəstəxanaları da xatırlatdı. Qeyd etdi ki, indiyəcən ölkə üzrə 9 belə xəstəxana istifadəyə verilmişdir. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayının 16-ya çatdırılacağını vurğulayan dövlət başçısı həmin səhiyyə müəssisələrində 3200 koronavirus xəstəsinin müalicə ala biləcəyini bildirdi. Bundan əlavə, FHN-in xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilmişdir. 1300 çarpayılıq daha bir xəstəxananınsa ayın sonunacan açılmağı nəzərdə tutulur.

Amma Prezident bununla kifayətlənmir, ölkənin gözlənilməz fövqəladə hallara hazır olması üçün əlavə tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu sırada ölkəyə yeni təcili tibb avtomobillərinin gətiriləcəyinin, laboratoriyaların yaradılacağının və s. tədbirlərin nəzərdə tutulduğunu qeyd edə bilərik. "Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq” - deyən dövlət başçısı məhz belə operativ, çevik və məqsədyönlü tədbirlər hesabına COVID-19-un nəzarətdə saxlanıldığını bildirmişdir.

Prezident müşavirədə, həmçinin pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərindən və bu təsirlər nəticəsində yaranan problemlərin həlli yollarından da danışmışdır. Qeyd etmişdir ki, 5 milyona yaxın ölkə vətəndaşı geniş sosial paketlə əhatə olunub, dövlət sektorunda çalışan 900 min nəfərin böyük əksəriyyəti faktiki işləmədiyi halda əməkhaqqını alır, 760 min nəfərə maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub, 600 min insana, o cümlədən qeyri-formal fəaliyyət göstərən və işini müvəqqəti itirən aztəminatlı təbəqəyə bir neçə ay ərzində 190 manat müavinət verilib və s.

Yeri gəlmişkən qeyd edək ki, elə həmin müşavirədə Prezident bu müavinətin davam etdirilməsi barədə müvafiq qurumlara tapşırıq verdi: "Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

Müşavirədə diqqətçəkən, ölkənin gündəmində geniş müzakirə edilən məqamlardan biri də bir çox dövlət şirkətlərinin fəaliyyətinin Prezident tərəfindən ciddi tənqid edilməsi oldu. Açığı, dövlət şirkətlərinin səmərəsiz fəaliyyəti, büdcəyə vəsait köçürməkdən daha çox ona yük olması və s. bu kimi faktlar iqtisadçı ekspertlər tərəfindən xeyli vaxt idi müzakirə edilirdi və çıxış yolu kimi də özəlləşdirilmə göstərilirdi.

İndi bu məsələnin Prezident tərəfindən sərt və ciddi formada gündəmə gətirilməsi problemin artıq dözülməz olduğundan xəbər verir: "Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi... gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına... "Azərenerji”yə nə qədər vəsait ayrılır? ...Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Digər şirkətlər, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? ...Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat ayrılır. Bəs, bunun səmərəsi haradadır?”

Sözsüz ki, Prezidentin bu suallarının arxasında həmin qurumların fəaliyyətindən həqiqətə söykənən çox ciddi bir narazılıq var. Həmin narazılığın bu səviyyəyə gəlib çatması isə artıq neçə vaxtdır ölkənin bütün sahələrində, o cümlədən iqtisadi sektorda aparılan islahatların adıçəkilən qurumlardan yan keçməsidir. Amma pandemiya bütün həyatımız kimi, nöqsanlara münasibətimizi də dəyişmişdir: "Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz”. Prezidentin bu sözlərindən sonra yəqin ki, heç bir şərhə ehtiyac yoxdur.


Raqif MƏMMƏDLİ,
"Azərbaycan”




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video