09 Avqust 2020 00:27
1626
Mədəniyyət
A- A+

İstedadlı aktyor oyunu, rejissor duyumu, tamaşaçı zövqü


Zəfər Nemətovun səhnə həyatından teatr tarixinə yazılan səhifələr az deyil

Bəlkə də iyirmi birinci yüzilliyə möcüzə kimi daxil olan incəsənət növlərindən biri də teatrdır. Səbəbsiz deyil: teatr incəsənətin canlı növüdür. Tamaşa "burada və indi” baş verən hadisədir. Yəni oyun zamanla gizli bir müqavilədir. Bu da o deməkdir ki, teatr zaman kimi ən nəhəng fəlsəfi məfhumla ittifaqdadır.

Akademik İsa Həbibbəylinin təbirincə desək, bəlkə elə buna görə bütün zamanların ən cazibədar və mistik məkanı teatrdır. H.Ərəblinski, C.Zeynalov, H.Sarabski, M.Əliyev, S.Ruhulla, M.Davudova və başqalarının şərəfli xidmətləri haqqında hələ ötən əsrin 50-ci illərinin nəşrlərində kifayət qədər materiallar dərc edilib. Mənbələrdə göstərildiyi kimi, şərəfli və keşməkeşli tarix yaşamış Azərbaycan milli teatrı müxtəlif siyasi, ictimai, mədəni mərhələlərdən keçib. Yarandığı vaxtlardakı ilk sənətkarlar, həvəskarlar teatra can yanğısı ilə yanaşıblar.
Əlbəttə, teatr incəsənətin elə növüdür ki, orada yalnız aktyorun oyunundan söhbət gedə bilməz. Bura bütöv bir ansambl daxildir, orkestrdən başlamış, səhnə tərtibatını verən rəssama, hətta texniki işçilərədək hər kəsin tamaşada ayrıca rolu var. Tamaşaların uğurlu-uğursuz həlli, ilk növbədə, rejissorun öz peşəsinin sənətkarı olub-olmamasından daha çox asılıdır. Nə yaxşı ki, milli teatrımızın tarixinə adlarını qızıl hərflərlə yazan aktyor və rejissorlarımız az deyil, haqqında söz açmaq istədiyimiz Zəfər Əlipaşa oğlu Nemətov kimi.
Azərbaycan teatrının görkəmli rejissoru, pedaqoq, ictimai xadim, "Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 1931-ci ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilədək isə baş rejissor vəzifəsində çalışmış Zəfər Nemətovun Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi tamaşalar az olmayıb: "Məlik Məmməd”, "Müfəttiş”, "Qaraca qız”, "Yaşar”, "Anacan”, "Romeo və Culyetta”, "Komsomol poeması”, "Əlvida, Hindistan”, "İki həyat” və s.
Gənc Tamaşaçılar Teatrında yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açan, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətov atasının Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edərkən deyir ki, o, Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir: "O, bütün həyatını Azərbaycan xalqına və bizim böyük mədəniyyətimizə həsr edib. Zəfər Nemətovun görmək istədiyi bütün işləri biz davam etdirməliyik. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Eyni zamanda deyə bilərəm ki, həyatı çətin keçsə də, özündən sonra silinməz izlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yaranıb. Zəfər Nemətovun xatirəsi tamaşaçı və teatr sənətini yaşadanların simasında əziz tutulur”.
Zəfər Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub və 1971-ci il noyabrın
19-da 54 yaşında vəfat edib. Yaradıcılığı, pedaqoji, həmçinin ictimai fəaliyyəti böyük mərhələni əhatə edib. O, Azərbaycan Teatr Cəmiyyətinin 1960-cı ildə keçirilən qurultayında sədr müavini seçilib və ömrünün sonuna qədər bu vəzifədə işləyib. Azərbaycanın görkəmli sənətkarları Mərziyə Davudova, Mustafa Mərdanov və Mehdi Məmmədovla çiyin-çiyinə çalışaraq, qocaman sənət ocağının tarixi ənənələrinin qorunması və inkişaf etdirilməsi naminə səylərini əsirgəməyib. Zəfər Nemətov sənət adamlarının toplantılarının keçirilməsi üçün möhtəşəm tamaşa salonuna, kiçik zala, məşq və qrim otaqlarına, eyni zamanda dövrün tələblərinə cavab verən digər əlverişli şəraitlərə malik binanın tikilməsinə böyük əmək sərf edib.
Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının yerləşdiyi inzibati bina Ulu Öndər Heydər Əliyevin himayədarlığı, Azərbaycanın görkəmli sənətkarları Mustafa Mərdanov və Zəfər Nemətovun cəmiyyətə rəhbərlik etdikləri dövrdə, onların gərgin əməyi sayəsində ərsəyə gəlib. Görkəmli rejissor Azərbaycanda teatr sənətinin inkişafında misilsiz xidmətlər göstərib, qüvvə və bacarığını əsirgəməyib.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video