09 Avqust 2020 00:26
3504
Mədəniyyət
A- A+

Ramana qalası


Şirvan-Abşeron memarlıq məktəbinə aid edilən Ramana qalasının dəqiq tarixi məlum olmasa da, tədqiqatçılar onun XIV yüzillikdə tikildiyini ehtimal edirlər. Abidənin kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir.

Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin quruluşu və plan xüsusiyyətinə görə XIII-XIV əsrlərə aid edilməsi isə təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də Qız qalasını misal göstərmək olar.

Hündür qayanın üstündə tikilmiş bu möhtəşəm abidə bütün ətraf kəndlərdən görünür. Qala Abşeronun digər analoji tikintilərinə xas olan üslublar əsasında inşa edilmişdir, lakin başqalarından fərqli olaraq, bu qalanın həyəti və divarları planda uzunsov dördbucaqlıdır. Qala divarının tinlərində və şərqə baxan tərəfində, divarların ortasında qüllələr vardır. Qapısı qərb divarda olub portal şəklindədir. Düzbucaqlı qüllə şaquli xətt üzrə dörd yarusa bölünərək, bunlardan birincisi və axırıncısı daş qübbə ilə, aralıqda olan ikisi isə ağac materialla örtülmüşdür. Həmin hissələr hazırda yoxdur.

Mərtəbələr arasında dolama pilləkənlər mövcuddur. Qəsrin divarlarla birlikdə uzun tərəfinin ölçüsü 30 metrə yaxın, qısa tərəfi isə 20 metrdir. Divarların hündürlüyü 7,8, mərkəzi qüllənin hündürlüyü isə 18 metrdir. Abidənin bütün hissələri ağ daşdan hörülmüşdür.

Tarixçilərin fikrincə, dünya əhəmiyyətli bu qala həmçinin müdafiə-istehkam məqsədi daşıyırmış. İlk baxışdan ölçüsü kiçik görünsə də, əslində, düşməndən müdafiə olunmaq üçün əla imkanlara malik idi. Həmin dövr monqolların dağıdıcı yürüşləri ilə yadda qalıb. Onların hücumları şəhərlərin məhv olması və çoxlu insan tələfatı ilə nəticələnirdi. Buna görə də o dövrdə düşməndən müdafiə olunmaq üçün müxtəlif qurğular tikilirdi. Bu qalanın da daxilində yerləşən qüllənin ikinci mərtəbəsi sığınacaq kimi nəzərdə tutulmuşdu. Hücum vaxtı insanlar asma pilləkənlərlə qalanın yuxarısına çıxırmışlar. Daha sonra pilləkənləri də özləri ilə yuxarı qaldırırmışlar ki, düşmənlər onları görə bilməsinlər. Abşeron qalalarının daha mürəkkəb texniki imkanları da var imiş. Güman edilir ki, Mərdəkanda və Nardaranda yerləşən qalalar, eləcə də Ramana qalası yeraltı yollarla Qız qalası ilə əlaqəli imiş. Düşmən hücumları zamanı ehtiyac yarananda həmin yollarla əhali Qız qalasına sığınarmış. Tarixçilər Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunan Ramana qalasından Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu da qeyd ediblər.

Abidə bir çox filmlərin çəkilişində istifadə olunub. "Koroğlu”, "Nəsimi”, "Babək”, "Dədə Qorqud” kimi filmlərin müxtəlif kadrlarında möhtəşəm abidəni görmək mümkündür. Qala bu filmlərdən birinin, "Koroğlu”nun çəkilişi zamanı, yəni 1950-ci ildə bərpa olunub. Qala divarlarından bayırda, sağ tərəfdə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video