09 Avqust 2020 00:24
1166
Mədəniyyət
A- A+

Ekran sənətinin yaddaş salnaməsi


121 il bundan öncə Bakıda lentə alınan "Bibiheybətdə neft fontanı” xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub

Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Onun Böyük İpək yolu üzərində yerləşməsi, burada "qara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Həmin dövrlərdə Azərbaycana maraq artmış, ən diqqətçəkən məqam isə Fransada ixtira edilən kinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. 1898-ci il yanvarın 8-də Bakıda ilk dəfə xarici filmlər göstərilib. Həmin il iyun ayının 21-də isə paytaxtda Vasili Vyatskinin teatr-sirkində Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi”, "Qatarın dəmiryol stansiyasına daxil olması”, "Qafqaz və Merkuri” cəmiyyətinə məxsus gəminin yola salınması” və "Bazar küçəsi sübhçağı” kinosüjetləri nümayiş etdirilib.

1898-ci ildə Bakıda lentə alınan "Bibiheybətdə neft fontanı” xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub. Sonralar "Neft və milyonlar səltənətində”, "Mavi dənizin sahillərində”, "Kəndlilər”, "Arşın mal alan”, "O olmasın, bu olsun”, "Uzaq sahillərdə”, "Şərikli çörək”, "Uşaqlığın son gecəsi”, "Gün keçdi”, "Bir cənub şəhərində”, "İstintaq”, "Babək”, "Dənizi fəth edənlər”, "Xəzər neftçiləri haqqında dastan” adlı filmlərimiz xalqımızın yaddaşında özünə yer tapmaqla yanaşı, dünya kinosevərlərinin də unutmadığı ekran əsərlərindən olub. İnkişaf mərhələsi ötən əsrin ortalarına təsadüf edən Azərbaycan kinosu qısa müddətdə böyük yol qət edib ki, bunun da səbəblərindən biri xalqımızın mədəniyyət və incəsənətə daim böyük dəyər verməsidir. Həmin illərdə nəinki sənədli, eyni zamanda bədii filmlərin də istehsalı xeyli artıb. Sənətkarlıq baxımından bir-birindən fərqlənən "Qara daşlar”, "Bəxtiyar”, "Görüş”, "Qızmar günəş altında”, "Onun böyük ürəyi”, "O olmasın, bu olsun”, "Ögey ana” və s. filmlər bu gün də tamaşaçıların zövqünü oxşayır. Azərbaycan kinolarının mühüm cəhətlərindən biri onların tərbiyəvi əhəmiyyət daşımasıdır. Hər bir filmin ana xətti vətənə, torpağa məhəbbət, dosta, yoldaşa sədaqət, xeyirxahlıq, xeyrin şərə qələbəsi üzərində qurulub.
Müstəqilliyin bərpasından sonrakı illərdə bütün sahələrdə olduğu kimi, kinomuz da durğunluq mərhələsini keçib. Məhz həmin illərdə kinoteatrlarımız tamaşaçı nəfəsinə həsrət qaldı. Bütün infrastruktur dağıdılaraq yararsız hala salındı. Amma unuduldu ki, sovetlər dönəmində Azərbaycan kinosu şərəfli yol keçib. Belə olmasaydı, bir ildə kinoteatrlarda rejissoru T.Tağızadə olan "Dədə Qorqud” filminə 1,9 milyon, "Babək”ə isə 1,7 milyon tamaşaçı baxmazdı. Bir çox bədii və sənədli filmin həm ssenari müəllifi, həm aktyoru, həm də rejissoru kimi tanınan professor Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə onunla görüşərkən kino sənətinin inkişafı istiqamətində verdiyi tövsiyələri əziz xatirə kimi belə yada salır: "Bütün hallarda sənədli əsərlərdən fərqli olaraq, bədii nümunələrin yaranmasına zaman lazımdır. 1941-1945-ci illər müharibəsində, xüsusən faşizm üzərində qələbə üçün Azərbaycanın göstərdiyi kömək yalnız Xəzər nefti ilə bağlı deyildi. Moskvada Ulu Öndər Heydər Əliyevlə görüşlərimdə onun xalqımızın tarixi keçmişinə və gələcəyinə göstərdiyi diqqət və qayğısına heyran qaldım. Ümummilli Lider mənə əsaslı bir iş görməyi, Bakının əsl qəhrəman şəhər olmasını təsdiqləyəcək film çəkməyi tapşıranda o böyük şəxsiyyətin qəlbindəki vətənpərvərlik məni çox qürurlandırdı. Onda qərara gəldik ki, müharibə dövründə arxa cəbhədəki vəziyyəti əks etdirən əsərlər yaradılsın. "Vətən keşiyində” filmi də məhz Ümummilli Lider Heydər Əliyevin ideyası əsasında ekranlaşdırıldı”.
Məhz bu xidmətlərinə görə idi ki, Ulu Öndərin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən ekran əsəri də tamaşaçıların sevgisini qazanıb. "Portret” filmində isə Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin xidmətlərindən söhbət açılır.
Kinematoqrafçıların dəstəyi, rejissorlarla aktyorların sənət yanğısı ilə çəkilmiş "Nakəs”, "Qətl günü” "Pəncərə”, "Təhminə”, "Dağıdılmış körpü”, "Yuxu”, "Vahimə”, "Nə gözəldir bu dünya”, "Yük” və s. filmlərimiz tamaşaçı qəlbinə yol tapan ekran əsərləri sırasındadır. Filmlərimizin indiyədək beynəlxalq kinofestivallarda qazandığı uğurlar onların dünyanın ən aparıcı kinoteatrlarının salonlarında nümayişinə şərait yaradıb.
2006-2010-cu illərdə Azərbaycan filmləri 40-a yaxın ölkədə
90-dan artıq beynəlxalq festivalda göstərilib. Son illərdə çəkilən "Çalış, nəfəs alma”, "Lal çinar”, "Qanadlarıma sığal çək”, "Yalançılar” və s. qısametrajlı filmlər də məhz bu sıradandır. Kino sənətinin inkişafına dövlət dəstəyi adıçəkilən sahəyə ayrılmış maliyyə vəsaitində də özünü göstərməkdədir. 2006-cı ildə dövlət sifarişi ilə film çəkilişinə 2,1 milyon manat vəsait ayrılırdısa, bu rəqəm təkcə 2010-cu ildə 6 milyon manat olub. Son illər dövlət sifarişi ilə çəkilmiş 30-a yaxın tammetrajlı ("Yalan”, "Əlvida, cənub şəhəri”, "Cavid ömrü”, "Hökmdarın taleyi”, "Kabusun gözüylə”, "Tərsinə çevrilmiş dünya”, "Məhkumlar”, "Biz qayıdacağıq”, "Bəşəriyyətin xilası”, "Vəkil hekayətləri” və s.) filmlərimizin geniş tamaşaçı auditoriyasında rəğbətlə qarşılanması məhz müstəqillik illərində bu sahədə əldə edilən uğurlardandır.
Onu da qeyd edək ki, 2008-2018-ci illər üzrə kinonun inkişafına dair dövlət proqramı çərçivəsində Bakı şəhərindəki "Nizami” kinoteatrı təmir olunub və müasir texnoloji avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində çəkilən cizgi filmləri bərpa olunub. "Bir nağıl söylə mənə” filminin (iki DVD toplusunda) təqdimatı keçirilib ki, onların elektron versiyaları uşaq evlərinə, qeyri-hökumət təşkilatlarına, həmçinin telekanallara hədiyyə verilib.
Yeri gəlmişkən, təəssüflə olsa da, qeyd edilməlidir ki, milli kinomuzun dəyərli xəzinəsindən telekanallar kifayət qədər istifadə etmirlər. Onlar unudurlar ki, reklam xarakterli şouların ömrü həmin verilişlərin ekranlarda göründüyü qədərdir. Lakin mənəvi xəzinəmizin sərvətlərindən olan milli kinolarımızda klassika ilə müasirlik elə sintezləşdirilib ki, onları nə zaman, nə də onun ictimai-siyasi burulğanları ekranlardan və zövqlərdən uzaq sala bilib.
Nəhayət, Azərbaycan kinosunun uzunömürlüyündə korifey sənətkarlarımız az olmayıb. Xalqımızın bu sahədə əvəzsiz xidmətləri ilə qəlbini ovsunlayan Həsən Seyidbəylini, Adil İsgəndərovu, Ələsgər Ələkbərovu, Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu, Muxtar Dadaşovu, Əliağa Ağayevi, Səməndər Rzayevi, Həsən Əblucu, Hamlet Xanızadəni, Nəsibə Zeynalovanı, Leyla Bədirbəylini, Amalya Pənahovanı, Mikayıl Mirzəni, Rasim Balayevi, Fuad Poladovu, Ramiz Məlikovu, Sənubər İsgəndərlini və eləcə də adlarını sadalaya bilmədiyimiz onlarca sənət fədaisini xatırlamaq yerinə düşərdi.

M.NƏRİMANOĞLU,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video