08 Avqust 2020 22:06
656
DÜNYA
A- A+

BMT: yerli xalqların bir çoxunda virusa qarşı immunitet zəifdir


COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər. Onların bir çoxu, xüsusilə də Amazoniya mənşəli olanlar tam könüllü təcrid şəraitində yaşayır və onların virus infeksiyasına qarşı immuniteti çox aşağıdır. İstənilən bir missionerin gəlişi onlar üçün faciə ilə nəticələnə bilər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bunu 9 avqust - Beynəlxalq Yerli Xalqlar Günü ərəfəsində BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Baçelet söyləyib.

Bu günə olan məlumata görə, dünyanın 90 ölkəsində yerli xalqların 370 milyona yaxın nümayəndəsi var. Onlar dünya əhalisinin 6 faizindən azını və planetin ən kasıb sakinlərinin 15 faizini təşkil edir.

Mişel Baçelet deyib: "Demək olar ki, 90 ölkənin hər birində yerli xalqların icmaları çox vaxt ucqar rayonlarda yaşayır və tibbi yardım, təmiz su və sanitariya xidmətlərindən məhrumdur. Onların icma həyat tərzi xəstəliyin daha sürətli yayılmasına gətirib çıxara bilər …”. O əlavə edib ki, şəhər şəraitində yaşayan yerli xalqların nümayəndələri çox vaxt əhalinin ən yoxsul qruplarına aid edilir və səhiyyə sahəsi də daxil olmaqla ayrı-seçkiliklə üzləşir.

Ali komissarın qeyd etdiyi kimi, Şimali və Cənubi Amerikada yerli xalqların 70 mindən çox nümayəndəsi təhlükəli koronavirusa yoluxub. Yoluxan insanlardan təxminən 23 min nəfəri Amazon hövzəsinin kiçik yerli xalqlarına aiddir. Onlardan min nəfərdən çoxu, o cümlədən əcdadlarının adət-ənənələrini dərindən bilən bir neçə ağsaqqal dünyasını dəyişib. Bu həftə Braziliyada yavalapiti xalqının lideri Aritana faciəli şəkildə öldü.

Braziliya, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venesuela, Qayana, Surinam və Fransa Qvianasının daxil olduğu bu regionda yerli xalqların təxminən 420 icması yaşayır. Onların olduğu yerlərdə torpaqlar kənd təsərrüfatının inkişafı məqsədilə faydalı qazıntıların qanunsuz hasilatı, meşələrin qırılması və yandırılması nəticəsində getdikcə daha çox dağıntıya və çirklənməyə məruz qalır.

BMT-nin baş hüquq müdafiəçisi deyib: "Hərəkət və iqtisadi fəaliyyəti məhdudlaşdıran qaydalara baxmayaraq, bu qeyri-qanuni iqtisadi fəaliyyət növlərinin bir çoxu son aylarda da davam edib. Həmçinin yerli xalqların icmalarının yüksək yoluxma riskinə səbəb olan dini missionerlərin səfərləri dayandırılmayıb”.

Müasir cəmiyyətlərdən "könüllü təcrid olunmuş” və ya təmasın ilk mərhələsində yaşayan yerli xalqlar virus infeksiyasına qarşı xüsusilə aşağı immunitetə malik ola bilər. Bu onlardan çoxu üçün faciə ilə nəticələnər. Torpaqlarını tərk etməyə məcbur olmuş icmalar və xalqlar da özlərinin ağır iqtisadi və sosial vəziyyəti ucbatından çox həssasdır. Sərhədyanı ərazilərdə sığınacaq tapanlar ən çətin vəziyyətə düşüblər.

"İyun ayında tabeliyimdə olan idarə COVID-19 kontekstində yerli xalqların İnsan Hüquqları üzrə Təlimatı nəşr edib. Təlimatda bir neçə ölkədə uğurla tətbiq edilmiş tədbirlər izah olunub. Onların çoxu yerli xalqlarla sıx məsləhətləşmə şəraitində hazırlanıb. Təlimatda həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yerli xalqların nümayəndələrinə müsbət təsir göstərən praktik tövsiyələr öz əksini tapıb”, - deyə Ali komissar bildirib.

Onun sözlərinə görə, pandemiya yerli xalqların özünüidarəetmə və öz müqəddəratını təyinetmə hüquqlarının reallaşdırılmasının vacibliyini yenidən xatırlatdı: "Onlarla məsləhətləşmək lazımdır. Yerli xalqlar öz nümayəndələri, liderləri və ənənəvi hakimiyyət orqanlarının vasitəsilə maraqlarına uyğun dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində iştiraketmə imkanına malik olmalıdır”.

M.Baçelet əlavə edib ki, söhbət insanların həyatı və bizi bəşəriyyətin ən dərin köklərinə bağlayan mədəniyyətlər, dillər və ənənəvi biliklərin dəyərli irsinin müdafiəsindən gedir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video