07 Avqust 2020 15:08
6218
PARLAMENT
A- A+

Deputatlar İlham Əliyevin anti-böhran tədbirlərini təqdir etdilər


Milli Məclis Prezidentin dövlət büdcəsinə dəyişiklik təklifinə birmənalı dəstək verdi
Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasında Prezident İlham Əliyevin dövlət büdcəsində dəyişiklik edilməsi ilə bağlı parlamentə göndərdiyi təkliflər paketi 3-cü, yəni sonuncu oxunuşda təsdiq edildi.

Azərbaycan Prezidentinin anti-böhran tədbirlərini təqdir edən deputatlar cənab İlham Əliyevin təkliflərinə birmənalı dəstək nümayiş etdirdilər.


Dəyişikliklər böhran dövründə büdcənin çevikliyini daha da artıracaq

Aylardır davam edən qlobal böhran dünya iqtisadiyyatında neqativ meyillərin artmasına və başlıca istehlak tələblərinin kəskin çökməsinə gətirib çıxarıb. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatının 30 faiz, Avropa Birliyi iqtisadiyyatının 10 faiz azalması və ölkələrin xarici borclarının kəskin artması bunu təsdiqləyir.

Təbii ki, böhran Azərbaycan iqtisadiyyatından da yan keçməyib və bu mənfi tendensiya ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olub. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri eyni zamanda iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib.

Qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Bunun üçün də dövlət başçısı büdcənin gəlir və xərclərinə yenidən baxılması ilə bağlı Milli Məclisə yeni təkliflər paketi göndərmişdi. Parlament Prezidentin bu təkliflərini 3 gün geniş müzakirə etdikdən sonra sənətə müsbət rəy verdi.

Növbədənkənar sessiyanın sonuncu iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, təklif edilən dəyişikliklər mövcud şəraitin yaratdığı zərurətdən irəli gəlməklə, qarşıdakı çağırışlara cavab vermək baxımından da məqbul hesab edilməlidir. Bu dəyişikliklər böhran dövründə dövlət büdcəsinin çevikliyini daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımi maliyyə mənbələri ilə təmin edəcəkdir.

Tahir Mirkişili vurğuladı ki, qlobal böhran səbəbindən iqtisadiyyatımızda yaranan mənfi meyilləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə ehtiyac yaranıb, xərclər üzrə yeni tələbatlar ortaya çıxıb.

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Qanun layihəsinə edilən dəyişiklik üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.


Sosial müdafiə və sosial təminat üzrə 238 milyon manatlıq maliyyə dəstəyi

Prezidentin bir məktubla parlamentə göndərdiyi "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumatı da Parlamentin komitə sədri Tahir Mirkişili tədim etdi.

Bəlli oldu ki, təqdim olunmuş sənədə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Deputatlar bu dəyişikliyə də müsbət münasibət bildirdilər və sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Daha sonra iclasda "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda müzakirə edildi. Bu sənədi də təqdim edən komitə sədri Tahir Mirkişili bildirdi ki, fondun gəlir və xərcləri artırılıb.

Belə ki, layihədə 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olundu ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində İşsizlikdən Sığorta Fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.

Sənəd üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi.


Əmək müqaviləsinə xitam verilmiş şəxslərin sığorta stajı 3 ildən 1 ilədək azaldılır

Gündəliyin növbəti məsələsi - "Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh etdi. Komitə sədri sənədin əhəmiyyəti barədə danışdı və layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirdi. Qeyd edildi ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqləndi.

Komitə sədri Musa Quliyev həmçinin "İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə haqqında (üçüncü oxunuş) məlumat verərək dedi ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə uyğun olaraq xitam verilməlidir.

Qeyd olundu ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.

Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Müzakirələr zamanı parlamentin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Tahir Kərimli, Rəşad Mahmudov, Vüqar Bayramov çıxış edərək dəyişikliklərin zəruriliyini qeyd edərək layihəyə müsbət münasibətlərini bildirdilər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim etdi. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən birinci vitse-spiker Məcəllənin müvafiq maddəsindən çıxarılmış "yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırdı.

Sənəd səsə qoyularaq üçüncü oxunuşda təsdiqləndi.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov 2020-ci il dövlət büdcəsinə və büdcə zərfinə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlı parlamentdə aparılan səmərəli müzakirələrə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz təşəkkürünü bildirdi.

Gündəlikdəki məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova növbədənkənar sessiyasını bağlı elan etdi. Dövlət himni səsləndirildi və parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırdı.


R.BAXŞƏLİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video