07 Avqust 2020 00:14
514
SİYASƏT
A- A+

Ermənistan ordusu koronavirusa təslim oldu


Korrupsiyanın, əsgər ölümlərinin, fərariliyin geniş yayıldığı işğalçı ölkənin silahlı qüvvələri pandemiya qarşısında aciz qalıb


Ermənistanda bütün sahələr üzrə yaşanan tənəzzül Paşinyan hakimiyyətə gəldikdən sonra bu ölkənin ordusunda da acınacaqlı durumun yaranması ilə müşayiət olunur.

Orduda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordunu da bürüyüb. Erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.

Ermənistanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən mənbə kimi baxırlar. O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hadisələr gizli saxlanılır.

Hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı vəziyyətdədir. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir. Onu da vurğulayaq ki, döyüş şəraitində ordunun itkiləri azmış kimi, qeyri-döyüş şəraitində həyatını itirmiş hərbi qulluqçuların sayının da artması ciddi narazılıq doğurmaqdadır. Ermənistan silahlı qüvvələrində də koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma həddindədir.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyindən mart ayında verilən məlumata görə, koronavirusa yoluxan əsgərlərin sayı 6-ya çatmışdı. Keçən aylarda müdafiə naziri David Tonoyan jurnalistlərə müsahibəsində orduda təxminən 20 yoluxmuş hərbi qulluqçunun olduğunu bildirmişdi. Müdafiə nazirinin müavini Qabriyel Balayan isə koronavirusa yoluxan hərbi qulluqçuların böyük hissəsinin müqavilə ilə xidmət edən şəxslər olduğunu deyib. Onlar isə hərbi hissələri tərk etmək və geri qayıtmaq imkanları olan qulluqçulardır.

Bununla yanaşı, ötən ayın əvvəlində Ermənistanda hərbi çağırışçılar arasında edilmiş testlər zamanı onların bir qismində koronavirusa yoluxma faktı qeydə alınıb. Təxminən 30 çağırışçıda yoluxma halı aşkar edilib. Lakin bu rəqəmlərin dəfələrlə azaldılaraq ictimaiyyətə açıqlandığı deyilir.

"Vətən” partiyasının sədri Artur Vanesyan orduda yaranmış vəziyyətlə bağlı "Aravot” qəzetinə müsahibəsində bildirib ki, pandemiya şəraitində orduda çox ciddi problemlər yaranıb. Qeyd edib ki, silahlı qüvvələrdə koronavirus mövzusu ətrafında hamının problemə məsuliyyətlə yanaşması və təmkinli olması məsləhətdir: "Hansısa şəxsi və ya siyasi maraqlar naminə bu mövzudan istifadə etməməyi məsləhət görürəm. Təəssüf ki, bu cür tendensiyalara rast gəlinir. Əminəm ki, ordu rəhbərliyi bu problemlərdən xəbərdardır və bunun həlli üçün hər şey edəcək. Deyirlər ki, ordu cəmiyyətin aynasıdır. Ordudakı atmosfer cəmiyyətdəki atmosferin güzgüdəki əksidir. Düşərgələrə bölünmüş, daim daxili düşmənləri axtaran, süni şəkildə "köhnə” və "yeni”yə bölünən bir cəmiyyətin daxili atmosferi bütün sistemlərdə, o cümlədən, orduda çox tez öz yerini tapır. Cəmiyyətin günahkarları tapması və cəzalandırması tələbi tamamilə başadüşülən və ədalətlidir. Eyni zamanda bu böyük qəzəb dalğasını ordu komandirlərinə, zabitlərə düzgün və ayıq bir araşdırma olmadan yönəltmək son dərəcə təhlükəli və gözlənilməz ola bilər”.

Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Onlar hətta bir neçə dəfə Yerevan və digər şəhərlərdə yolları bağlayıblar.

Ermənistanın "İravnuk” qəzeti isə yazır ki, ordudakı zorakılıqlara və dözülməz şərtlərə qarşı ictimai etirazların genişlənməsinə baxmayaraq, yenə də əsgər ölümləri davam edir. O da xüsusi olaraq vurğulanır ki, vəziyyət belə davam edə bilməz və sonda ölkədə mütləq partlayış olacaq. Diqqətə çatdırlır ki, iqtidarın nəzarətində olan telekanallar, hakimiyyətyönlü media ölkədəki əsgərləri Müdafiə Nazirliyinin arzusuna uyğun olaraq özlərini öldürən intiharçılar kimi təqdim edir: "Hərbçilərə, özünü öldürməyə görə məsuliyyət yoxdur, əsgər ailələri isə övladlarının intihar etməsinə inanmır. Hərbi prokurorluq isə nəyisə araşdırmağa ehtiyac görmür, hətta adi izahat da verilmir. Bu vəziyyət uzun müddət davam edə bilməz. Sonda çox güclü partlayış olacaq”.

Bununla yanaşı, qarşıdakı dövr ərzində Ermənistan ordusunun daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır. Belə problemlərdən biri orduya çağırışçıların sayının sürətlə azalmasıdır. Ermənistanın üzləşdiyi demoqrafik problem və miqrasiyanın geniş vüsət alması çağırışçıların sayına da təsirsiz ötüşmür. Ordunun maddi-texniki təminatı da Ermənistanın tənəzzüldə olan iqtisadiyyatı üçün ciddi problemlər yaradır. Hazırda Ermənistanda iqtisadi durum ötən illərə nisbətən daha faciəvi şəkil alıb.

Beləliklə, qeyd olunanlar Ermənistanın bir dövlət olaraq sürətlə öz məhvinə doğru yaxınlaşdığını və bunun da yeganə günahkarının elə bu ölkənin özü olduğunu aydın göstərir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video