05 Avqust 2020 02:01
3422
SİYASƏT
A- A+

İlham Əliyevin yeganə şərti


"Erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar!”


Təvavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir. Dövlət siyasətinin prioritetini faşist ideologiyasının təşkil etdiyi bu ölkə illərdir həm beynəlxalq siyasi arenalarda, həm də savaş meydanında Azərbaycan həqiqətləri qarşısında açıq qaldığı üçün yeganə çıxış yolunu təxribatlarda görür. Lakin bütün hallarda bu təxribatlara layiqli cavab verilir və dünya birliyi Azərbaycanın həm siyasi, həm də hərbi üstünlüyünə şahidlik edir.

Görünən odur ki, terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın siyasi hakimiyyəti mövcud status-kvonun saxlanması üçün çirkin təxribatlarından əl çəkmək niyyətində deyil. Tovuz istiqamətindəki sonuncu hərbi təxribatlar da bunu bir daha təsdiqləyir.


İki cəbhədə inamla mübarizə aparan Azərbaycan


Dünyanın qlobal pandemiyaya qarşı mübarizə apardığı dövrdə Azərbaycan iki cəbhədə savaşır. Bir tərəfdə "gözəgörünməz düşmən”, digər tərəfdə illərdir məkrli siyasətindən, şər-böhtandan əl çəkməyən işğalçı Ermənistan dayanır.

Hər iki cəbhədəki savaşda öz gücünə arxalanan, heç kimdən kömək almadan inamla mübarizə aparan Azərbaycan bir daha dünyaya öz gücünü, iqtisadi qüdrətini nümayiş etdirir. İllərdir iqtisadi böhran içərisində çabalayan Ermənistan isə koronavirusla mübarizədə aciz durumda qalmaqda davam edir. Ölkədəki yoluxma və ölüm sayının artması vəziyyəti getdikcə daha da gərginləşdirir. Bu vəziyyət ölkə ictimaiyyətini ciddi narahat edir və hakimiyyət virusla mübarizədə acizlikdə günahlandırılır.

Ermənistandakı ağır sosial durumun getdikcə ağırlaşdığını, haqlı narazılıqların daha da artdığını görən yeni hakimiyyət bəyənmədiyi köhnə iqtidarın ssenarisini davam etdirmək məcburiyyətində qalıb. Belə ki, baş nazir N.Paşinyan cəbhədə hərbi təxribatlara əl atmaqla diqqəti yayındırmağa çalışır. Ancaq bu şəxs anlamır ki, hərbi təxribatlar zamanı erməni əsgəri Azərbaycan Ordusunun əzici hərbi gücü qarşısında aciz qalır. Ağır itki verən tərəf Ermənistan olur və bu hal ölkədəki durumu daha da gərginləşdirir.

Tovuz istiqamətindəki son təxribat zamanı da eyni ssenari yaşandı. Kəndlərimizi, dinc əhalini ağır artilleriya ilə atəşə tutan erməni silahlı birləşmələri xəbərdarlığa baxmayaraq insanlığa sığmayan çirkin əməlini davam etdirdi. Bunun nəticəsində ordumuzun bir neçə həbçisi şəhid düşdü və Tovuzun Ağdam kəndinin 76 yaşlı dinc sakini həlak oldu.

Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu cavab tədbirləri gördü və qisas qiyamətə qalmadı. Aprel və Günnüt zəfərlərində olduğu kimi, yenə də düşmənə layiqli cavab verildi. Görülən lazımi tədbirlər, qisas əməliyyatı nəticəsində düşmənin onlarla hərbçisi, texnikası məhv edildi. Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu məhv etdi.


İlham Əliyevdən Paşinyana təkbətək savaş çağırışı


Bu təxribatdan sonra Ali Baş Komandan İlham Əliyev işğalçıya bir daha xəbərdarlıq edərək düşmənin istənilən qəfil hücumunun qarşısının məhz bu cür alınacağını söylədi. Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini deyən cənab İlham Əliyev Ermənistanın rəhbərliyinə mesaj göndərərək təkbətək savaşa çağırdı: "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.

Cənab İlham Əliyevin qətiyyətli fikirləri işğalçıya və onun havadarlarına sərt mesaj idi. Bu mesajla Prezident bir daha Azərbaycanın bu gün həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu ilə mübarizədə çox böyük gücə çevrildiyini bəyan etdi.

Bu bəyanatdan sonra bir çox beynəlxalq təşkilatlar, xüsusən də Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təxribatlarını pisləyən bəyanatların verilməsi də Azərbaycanın yüksələn beynəlxaq nüfuzunun göstəricisi idi.

Bütün bunlar əlbəttə ki, Ermənistana göz dağı oldu. Son təxribatlar zamanı başından aldığı zərbədən hələ də özünə gəlməyən Ermənistanın siyasi hakimiyyətinə bir daha bəlli oldu ki, münaqişənin həllində mövcud status-kvonun saxlanması üçün əl atdıqları təxribatlar özlərinə ağır zərbə olacaq. Yəni Azərbaycan Prezidentinin sərt xəbərdarlıqlarından nəticə çıxarmayacaqları təqdirdə hər zaman bu aqibətlə üzləşəcəklər. İstənilən çirkin təxribatlar zamanı ağır zərbə alan tərəf Ermənistan olacaq.


Ermənistan Azərbaycanla istənilən savaşda məğlubiyyətə məhkumdur


Terrora dövlət səviyyəsində dəstək verən Ermənistanın siyasi hakimiyyəti çox yaxşı anlayır və görür ki, Azərbaycanla istənilən savaşda məğlubiyyətə məhkumdur. Bunu həm cəbhədəki təxribatlara verilən layiqli cavablar, xarici ölkələrdə yaşayan soydaşlarımızın erməni lobbisinin çirkin əməllərinin ifşa etməsi və informasiya müharibəsində Azərbaycanın üstünlüyü bir daha təsdiqləyir.

Bununla yanaşı, Ermənistanın müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək ala bilməməsi də işğalçının vəziyyətini daha da ağırlaşdırıb.

İyulun 29-30-da şimal-qərb bölgəsinə səfəri çərçivəsində Balakəndə "ASAN xidmət” mərkəzinin açılışı zamanı cənab İlham Əliyev bir daha Ermənistanın məkrli niyyətinə aydınlıq gətirdi. Bəlli oldu ki, Ermənistanın "məqsədi” Tovuz təxribatında KTMT-dən hərbi yardım istəmək olub: "Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi”.

Əli hər şeydən üzülən, heç bir dövlət, təşkilat tərəfindən dəstək ala bilməyən işğalçının dalana dirəndiyi göz önündədir. Artıq beynəlxalq birlik bu ölkənin təcavüzkar siyasətini qətiyyətlə pisləyir. İndiyədək başqalarının himayəsində olan Ermənistan getdikcə olan-qalan "etibarını” da itirməkdədir.


Azərbaycan Prezidenti dəyişməyən yeganə şərtini açıqladı


Məhz bu cür cıxılmaz vəziyyətdə olan Ermənistanın baş naziri N.Paşinyanın münaqişənin həlli ilə bağlı Azərbaycana yeddi "şərt” irəli sürməsi isə gülünc görünür. Çünki faşist ideologiyasına xidmət edən baş nazirin iddiasına görə, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır.

Cənab İlham Əliyev bu gülməli "şərtlərə” də münasibətini bildirərək vurğuladı ki, ağlı başında olan hər bir adam bunun qəbuledilməz olduğunu görə bilər. Çünki "Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir "respublikanı” heç kim tanımır: "Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası”nı. Bax mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. "Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq”.

Prezident bəyan etdi ki, erməni xalqı indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına nə qədər göz yumacaqsa, bir o qədər də cinayətkarların girovu kimi yaşamaq məcburiyyətində qalacaq.

Cənab İlham Əliyev Balakəndə bir daha işğalçı Ermənistanın rəhbərliyinə xəbərdarlıq edərək həm kəskin mesajlar ünvanladı, həm də münaqişənin həll ilə bağlı öz şərtini açıqladı: "Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Bu, Azərbaycan Prezidentinin dəyişməz mövqeyi, yürütdüyü qətiyyətli siyasətin ana xəttidir. Münaqişənin həlli istiqamətində aparılan bütün danışaqlarda xalqın istək və arzusunu əsas tutan cənab İlham Əliyev Balakəndən Ermənistana bir daha səsləndi: "Erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır... Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video