30 Iyul 2020 19:30
711
CƏMİYYƏT
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhid generalın ailəsi ilə görüşüb


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun şəhid general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən Allahşükür Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü - müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğulayıb. QMİ sədri bildirib ki, əzəmətli Ərəfə günü Həcc ziyarəti zamanı xüsusi önəm kəsb edən mübarək zamandır. Builki Ərəfəni qəhrəman şəhid ocağında keçirərək şəhidimizin mübarək ruhunu yad etməkdən şərəf və qürur duyduğunu qeyd edən Şeyxülislam Allahşükür Paşazadə Vətəni sevməyin imandan olduğunu xatırladıb. Bildirib ki, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir.

Şeyxülislam Allahşükür Paşazadə haqq işimiz uğrunda mübarizədə canını fəda etmiş general-mayor Polad Həşimovun atasına və övladlarına başsağlığı verib, ikinci Fəxri xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhuna dualar oxuduğunu bildirib. Qeyd edib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olub, dinc sakin qətlə yetirilib. QMİ sədri Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad edib, Tovuz rayonu istiqamətində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib.

QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhuna dualar oxuyub.

Şəhidin ailəsi ilə səmimi söhbət edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının qəhrəman oğulları ilə fəxr etdiyini, onların xatirəsini əziz tutduğunu və qanlarının yerdə qalmaması üçün mübarizəyə hər zaman hazır olduğunu vurğulayıb. QMİ sədri əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik dövlətçilik xətti və qətiyyətli siyasi iradəsi sayəsində, inşallah, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, düşmən layiqli cəzasını alacaq, şəhidlərimizin qanı ilə suvarılmış Vətən torpağı işğaldan azad olunacaq və biz bütün bayramlarımızı könül xoşluğu ilə qeyd edəcəyik. QMİ sədri Azərbaycan Prezidentinin Qəbələyə səfəri zamanı şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qərarını yüksək dəyərləndirib. Bildirib ki, bu, Azərbaycan xalqının öz qəhrəman övladlarına verdiyi dəyərin təzahürü olaraq gənc nəslin vətənpərvərlik ruhunu dərinləşdirən məqamlardandır.

Ziyarətdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə iyulun 12-də erməni quldurlarının Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla anıblar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Komitə sədri çıxışında Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün təmini, haqq işimizin qələbəsi yönündə yorulmaz fəaliyyəti barədə məlumat verib, Azərbaycan dövlətinin şəhid ailələrini hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, onların xatirəsini əbədiləşdirmək, qanlarının yerdə qalmaması üçün lazım olan bütün addımları atdığını vurğulayıb.

Şəhid generalın ailəsi ilə görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.

Şəhid Polad Həşimovun ailəsi Şeyxülislam Allahşükür Paşazadəyə və onunla bərabər təşrif buyuran bütün şəxslərə dərin minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video