30 Iyul 2020 01:06
3277
SİYASƏT
A- A+

Prezidentin gündəliyində vətəndaşların sağlamlığı birinci olaraq qalır


İlham Əliyevin Qobustan və İsmayıllı rayonlarına səfəri çərçivəsində 2 modul tipli xəstəxananın açılışı bunu bir daha təsdiqləyir


Dünən Prezident İlham Əliyev Şimal-Qərb bölgəsinə səfər edib. Bu səfər zamanı dövlət başçısı Qobustan və İsmayıllı rayonlarında bir sıra mühüm obyektlərin açılış mərasimlərinə qatılıb. Öncə Qobustan rayonunda olan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışını edib.

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə də tanış olan dövlət başçısı İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. İsmayıllıya səfəri çərçivəsində Prezidentin iştirakı ilə Muğanlı-İsmayıllı -Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Daha sonra dövlət başçısı İsmayıllıda da koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılış mərasiminə qatılıb.

Prezidentin iki rayona səfəri çərçivəsində bir neçə sosial obyektin açılışı, "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması əlbəttə ki, ilk növbədə cənab İlham Əliyevin məhz pandemiya ilə mübarizə dövründə həyata keçirdiyi uğurlu sosial siyasətinin əyani təzahürü kimi qiymətləndirilməlidir. Çünki qlobal böhranın digər ölkələr kimi Azərbayan iqtisadiyyatına da zərər vurmasına baxmayaraq ölkədə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan sosial layihələrin heç biri təxirə salınmır. Hətta ötən illə müqayisədə bu il xalqın rifah halının yaxşılaşdırılmasına yönələn daha çox sosial layihə gerçəkləşməkdədir.

Qobustan və İsmayıllıda 2 modul tipli xəstəxananın, müxtəlif kənd və qəsəbələri birləşdirən yeni yolların açılışı bir daha göstərir ki, həm vətəndaşların sağlamlıqlarının qorunması Prezidentin gündəliyində birinci olaraq qalır, həm də ölkədaxili yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və regionlarda əhaliyə göstərilən sosial xidmətin daha da asanladırılması ilə bağlı nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.

Hər zaman olduğu kimi cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlərin icrasının yekunları ilə şəxsən maraqlanır, yeni yaradılan müəssisələrin açılış mərasimlərinə qatılaraq xeyir-duasını verir, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlər keçirərək onların problemlərini dinləyir və aidiyyatı orqanlara ciddi tapşırıqlarını, göstərişlərini verir.

Aylardır dövlət COVID-19-la mübarizə istiqamətində çox mühüm tədbirlər görməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə virusla mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Yəni modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb ki, onlardan da bir neçəsinin artıq açılışı olub.

Qobustan və İsmayıllıda modul tipli xəstəxanaların açılışından sonra ölkədə bu tip müalicə mərkəzlərinin sayı 8-ə çatdı. Hazırda üçü Bakıda olmaqla, Sumqayıtda, Gəncədə, və Abşeron rayonunda modul tipli xəstəxanalar fəaliyyətdədir.

Səfər çərçivəsində İsmayıllıda təməli qoyulan "DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi də bir daha Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfinin dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olduğunu təsdiqlədi.

Dövlət başçısı yeni yolların da açılışını edərək xeyir-duasını verdi. Ümumiyyətlə, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi diqqət yetirilir.

Cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenidən tikilir.

Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, qlobal böhran dövründə əhalisinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiənin təmin edilməsi Prezidentin siyasətinin prioritetidir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video