26 Iyul 2020 00:35
4747
İQTİSADİYYAT
A- A+

Ərzaq təhlükəsizliyi dövlət siyasətinin əsas xəttidir


Prezident İlham ƏLİYEV: "Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var”


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün önəmli addımlar atılıb və bu istiqamətdə işlər ardıcıllıqla davam etdirilir. Azərbaycanda ərzaq təhlükəsizliyinin böyük hissəsi ölkə daxilində formalaşdırılır. Buğda istehsalı istisna olmaqla, bütün digər əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə böyük yük düşür.

Dünyanı dolaşmaqda olan koronavirus pandemiyasının və təbiətin, yəni quraqlığın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizin kənd təsərrüfatında işlər bir an belə dayanmır. Cari ilin birinci yarısının yekunlarına görə, aqrar sahədə 2,2 faiz artıma nail olunması bunun aydın göstəricisidir.

Bu dövrdə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam edib. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal olunub. İndiyədək 1 milyon 800 min ton buğda yığılıb. Buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir.

Bununla yanaşı, ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının az olması əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində müəyyən problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra rayonlarda, xüsusilə aran bölgələrində 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəyib. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az təşkil edib. Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir.

Təsadüfi deyil ki, bu il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə aqrar sahənin suvarma suyu ilə təminatı ən əsas məsələlərdən biri kimi müzakirə edilib. Qeyd olunub ki, cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarması sayılır. İkinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlıq 25-40 faiz aşağı düşə bilər. Hazırda daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında pambığın suvarılması üzrə bəzi problemlər müşahidə olunur.

Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşanır.

Su çatışmazlığı və quraqlıq şəkər çuğunduru, çəltik, heyvandarlıq üçün yem bitkilərinin yetişdirilməsinə, meyvə bağlarına da mənfi təsir edə bilər.

Mövcud vəziyyətin aradan qaldırılması üçün dövlət tərəfindən genişmiqyaslı və çoxşaxəli tədbirlər həyata keçirilir. Sözügedən müşavirədə dövlət başçısı suyun həm həyat, həm inkişaf, həm də təhlükəsizlik olduğunu bir daha vurğulayaraq demişdir: "Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir.

Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu dözülməzdir. Biz suyu itiririk. Beləliklə, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi? Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik.”

Hazırda aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Növbəti aylarda da su təminatı ilə bağlı çətinliklərin davam etməsi gözlənilir. Bu və digər çətinliklərin tezliklə aradan qaldırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış komissiya müvafiq tədbirlər görür, qurumların fəaliyyəti əlaqələndirilir. Mövcud su ehtiyatlarının ədalətli bölünməsi üçün 53 rayon üzrə 580 mindən çox suvarma qrafiki tərtib olunub və Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilib. Qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri həyata keçirilir. Daxil olan müraciətlər təhlil edilir və baxılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilir. Həmçinin fermerlərin müraciətləri ilə bağlı müvafiq komissiyaya hər gün operativ məlumatlar göndərilir və problemlərin aradan qaldırılması üçün yerlərdə Meliorasiya və Su Təsərrüfatı ASC və yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərilir. Görülən tədbirlərin əsas məqsədi dəyər zəncirinin bütün mərhələlərində, yəni suyun sututarlarda toplanması, kanallarla nəqli və əkin sahələrinə paylanmasında səmərəliliyin təmin olunmasıdır.

Həyata keçiriləcək çoxsaylı tədbirlər sırasında kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması, suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və s. də dayanır.

Dövlət fermerləri, sahibkarları stimullaşdırmaq üçün geniş proqramlar icra edir, onlara subsidiyalar, güzəştli kreditlər verilir, texnika, gübrə, yanacaqla təminat həyata keçirilir. Torpağın suvarılması, suyun düzgün bölünməsi ilə bağlı nəzərdə tutulan və artıq icrasına uğurla başlanan işlər də, şübhəsiz ki, müsbət nəticəsini göstərəcək. Bir sözlə, dövlətin aqrar sahəyə, nəticə etibarı ilə ölkədə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə ardıcıl dəstəyi davam edir. Sözügedən müşavirədən bir gün sonra Prezidentin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam da bu sahəyə növbəti dəstəyin təzahürüdür.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video