26 Iyul 2020 00:32
2427
SİYASƏT
A- A+

“Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayırıq”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Bakı şəhərinin Səbail rayonundan Fidan Abbaslı yazır: "Hörmətli cənab Prezident, Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər”.

Şuşadan məcburi köçkün Qalib Kazımov: "Cənab Ali Baş Komandanımız, cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk”.

Quba rayonu, Buduq kəndinin sakini Yaqub Həsənovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilirlər.

Ulu Öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident”.

Polşa Respublikasının Varşava şəhərindən, Polşa Azərbaycanlıları Assosiasiyasının rəhbəri Xəlil Həsənov, Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli və Hüseyn Əsədli, Həzi Rəhimli, Teymur Məmmədov yazırlar: "Hörmətli cənab Prezident, 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri öz işğalçı xislətinə sadiq qalaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə mənfurcasına hücum etmişlər. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələrinin düşmənin işğalçı həmlələrinə qarşı davam edən əks-əməliyyatları növbəti şanlı qələbəmizlə nəticələnəcəkdir.

Polşada yaşayan Azərbaycan gəncləri olaraq Qarabağımızın azad olunması və düşmənin hücumlarının qarşısının alınması üçün döyüşməyə hazırıq və əmrinizi gözləyirik”.

Ağdam rayonu, Çullu kənd sakini Yavər Cəfərov: "Hörmətli cənab Prezident, Ulu Öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun”.

Beyləqan rayonundan Rafiz İsmayıllı yazır: "Hörmətli cənab Prezident, dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk”.

Bakı sakini Sevda Rzalı: "Hörmətli Prezident, cənab Ali Baş Komandan, son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan”.

Bakı şəhəri, Binəqədi rayonundan Yeganə Əsgərlinin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi ölkəmizdə əsl Ali Baş Komandan - xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı. Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər. Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz siyasəti qətiyyətlə dəstəklədiklərini və Sizin ətrafınızda sıx birləşdiklərini bildirərək, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olduqlarını bildirdi. Heç bir daxili və xarici güc Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini şübhə altına ala bilməz”.

Laçın rayonundan Ağasif Ələkbərov: "Hörmətli cənab Prezident, ölkəmizi çoxsaylı təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Biz həmişə Sizinləyik. Biz birlikdə güclüyük”.

Quba rayonu, Zərqova kəndindən Səfər Bayramov yazır: "Hörmətli cənab Prezident, müstəqillik illərində respublikamızın bütün bölgələri kimi bizim rayonumuz da çox inkişaf edib. Xüsusilə ayırdığınız vəsaitlər hesabına son illər böyük tikinti-quruculuq işləri aparılır. Rayon mərkəzində bir çox binalar təmir edilib, yeni "ASAN xidmət” mərkəzi istifadəyə verilib. Hazırda rayon mərkəzində aztəminatlı ailələr üçün yeni yaşayış binası tikilir. Son iki ildə Quba rayonunda 20-yə yaxın yeni məktəb binası istifadəyə verilib, yeni xəstəxana binasının açılışı olub. Əziz Prezidentimiz, kəndlərimiz də Sizin qayğınızdan kənarda qalmayıb. Bu yaxınlarda yaşadığım Zərqova kəndinin yollarına asfalt çəkilib, məktəb binası təmir edilib. Biz ağsaqqallar həm rayonumuzda, həm də kəndimizdə həyata keçirilən quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Bu məktubu Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda yazıram. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, xalqımız qədim mədəniyyət mərkəzimiz olan Şuşada qələbə bayramını qeyd edəcək”.

Goranboy rayon sakini Müslüm Mustafayev: "Çox hörmətli cənab Prezident, mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram. Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı. Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.

Sumqayıt şəhərindən Ramal Bağırovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər, əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatına da layiqli cavab vermiş və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram”.

Bakı şəhərindən Cəmil Qurbanov yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, ümumdünya böhranına çevrilmiş COVID-19-un ölkəmizdə qarşının alınması ilə bağlı həyata keçirdiyiniz düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaratmışdır. Möhtərəm Prezidentimiz, Sizin pandemiya dövründə apardığınız müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurmuşdur. Bütün dünyanın COVID-19 pandemiyası kimi dəhşətli bəlaya qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hərbi bölmələrinin iyulun 12-dən başlayaraq növbəti təxribata əl atması, Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərməsi, mənfur düşmənin öz çirkin xislətindən əl çəkmədiyini göstərir. Aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Mən Sizə, pandemiya ilə savaşan tibb işçilərimizə, eyni zamanda düşmənlə üz-üzə dayanan şanlı Azərbaycan Ordusuna təşəkkürlərimi bildirirəm”.

Salyan rayonunun Kürsəngi kənd sakini Böyükağa Məmmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, son illər Sizin rəhbərliyinizlə ölkəmizdə içməli və suvarma su infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına zəmin yaradır. Son vaxtlar yaşadığımız Kürsəngi kəndində yaranmış su qıtlığının qısa müddət ərzində aradan qaldırılmasına, kənd sakinlərinin su ilə təmin olunmasına görə Sizə təşəkkür edirik. Əminik ki, bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə görülən işlər öz töhfəsini verəcəkdir”.

Bakı şəhərindən Röyal Hacıyev: "Hörmətli cənab Prezident, bir Azərbaycan gənci kimi hər zaman Sizin yanınızdayam, yürütdüyünüz siyasəti dəstəkləyirəm. Daxili və xarici düşmənlərdən Vətənimizi, dövlətimizi, ölkə başçımızı qorumaq üçün biz gənclər canımızdan da keçməyə hazırıq. Məlumunuz olduğu kimi, son zamanlar mənfur qonşularımız tərəfindən Milli Ordumuzun əsgər və zabitləri ağır artilleriyadan atəş açılaraq şəhid edilmiş, torpaqlarımıza düşmən tərəfindən təcavüzə cəhd edilmişdir. Lakin Milli Ordumuz tərəfindən düşmən layiqli cavabını almışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz gənclər daim Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanındayıq və hər zaman Sizin "hücuma” əmrinizə hazır vəziyyətdə gözləyirik”.

Samux rayonundan İlahə Qurbanova yazır: "Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video