15 Iyul 2020 22:23
1032
Məktublar
A- A+

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Hörmətli cənab Prezident,

Cari ilin 12 iyul tarixində Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi birləşmələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinə zərbələrin endirilməsi ilə bağlı göstərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı - Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Məhz bu səbəbdən qeyd olunan hadisə adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı olaraq qəbul edilməlidir.

Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Türk Şurasının 2020-ci il 14 iyul tarixli bəyanatına görə Sizə həm öz adımdan, həm də Azərbaycan xalqı adından təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2020-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video