15 Iyul 2020 14:43
382
SİYASƏT
A- A+

“İsrael HaYom” qəzeti: Cənubi Qafqazda eskalasiya – azərbaycanlı zabitlər öldürülüb

 
Azərbaycan ilə Ermənistan arasında şimal sərhədində, Azərbaycanın Tovuz şəhəri yaxınlığında ağır döyüşlər iki gündür ki, davam edir. Azərbaycanlı zabitlər həlak olub, erməni əsgər və zabitlər arasında xeyli tələfat var, lakin erməni tərəfi təfsilatı açıqlamır.

AZƏRTAC xəbər verir ki, israilli jurnalist Neta Bar bu barədə İsraildə çıxan populyar ivritdilli "İsrael HaYom” qəzetində yazır.

Məqalə müəllifi bildirir ki, dünən tərəflər arasında atışma davam edib. Neta Bar yazır: "Azərbaycan həmin ərazidə yaşayan dinc sakinlərin evlərinin, habelə sərhədin yaxınlığında - Tovuz şəhərində erməni artilleriya mərmiləri ilə dağıdılmış evlərin fotoşəkillərini nümayiş etdirib”.

Rəsmi Bakı bir dinc sakinin ermənilər tərəfindən öldürüldüyünü bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Azərbaycanın mülki əhalisinə məqsədyönlü şəkildə hücum edilməsi və Ermənistan tərəfindən ağır silahlardan atəş açılması faşizm və vəhşilik təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin bir hissəsidir. Azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi qanlı cinayətdir”.

Neta Bar yazır: "Bu hərbi toqquşma Dağlıq Qarabağa görə silahlı münaqişə vəziyyətində olan Azərbaycan ilə Ermənistan arasında münaqişə xəttindən uzaqda baş verib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərmiş Ermənistan silahlı qüvvələrinin bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Məlumata görə, atışma Ermənistan piyada qoşunlarının Azərbaycan ordusunun mövqelərini ələ keçirmək cəhdi ilə müşayiət olunub, lakin bu cəhd baş tutmayıb”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub və Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriya silahlarından atəşə tutublar. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində Ermənistan silahlı qüvvələrinin hücuma keçmək cəhdinin qarşısı alınıb. Erməni tərəfi hər hansı ərazi tutmağa nail olmayıb”.

Hikmət Hacıyev vurğulayıb: "Ermənistan tərəfindən bu provokasiya bir daha sübut edir ki, Yerevandakı hökumət Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həll edilməsində maraqlı deyil. Beynəlxalq birlik koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistan hökuməti provokasiya törətməyi qərara alıb. Biz beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq. Yaranmış vəziyyətə görə məsuliyyət bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Məqalə müəllifi vurğulayır ki, 1994-cü ildə Ermənistan və Azərbaycan ağır hərbi əməliyyatlardan sonra atəşkəs haqqında müqavilə imzalayıb və Dağlıq Qarabağ ətrafında silahlı münaqişəyə münasibətdə atəşkəs rejimi müəyyən ediblər. İsraildə çıxan populyar ivritdilli "İsrael HaYom” qəzeti sonda yazır: "Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsi olan bu regionda hazırda erməni əhali yaşayır, azərbaycanlı əhali isə etnik təmizləmə nəticəsində bu torpaqlardan qovulub. Sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda çox gərgin və partlayış təhlükəli vəziyyət davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video