15 Iyul 2020 02:32
2795
SİYASƏT
A- A+

Azərbaycan əzici hərbi üstünlüyə malik olduğunu bir daha nümayiş etdirdi


İlham ƏLİYEV: "Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır”


Erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən Azərbaycan ərazilərinə soxulmaq cəhdi Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütməsinin növbəti təsdiqi oldu. Torpaqlarımızın keşiyində mətinliklə durmuş vətən övladları artilleriyadan da istifadə etməklə düşmənin hücumunun qarşısını qəhrəmancasına aldılar. Təxribatın dəf olunması və erməni hərbi birləşmələrinə sarsıdıcı zərbənin vurulması bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını anında almağa qadirdir.


Ermənistan bir daha göstərdi ki, danışıqlar prosesində maraqlı deyil


Ermənistan tərəfi xeyli vaxt idi ki, işğal olunmuş Azərbaycan ərazilərində sülh prosesinə kölgə salan hərbi-siyasi fəaliyyətlə məşğul idi. Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda işğal olunmuş ərazilərimizə gəlmələri, burada müxtəlif tədbirlərin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və danışıqlar prosesi ilə ziddiyyət təşkil edən əməllərdən başqa bir şey deyildi. Bir neçə gün əvvəl mətbuata açıqlamasında Prezident İlham Əliyev Ermənistanın təxribatçı əməllərinə beynəlxalq təşkilatlar tərəfindən reaksiya verilməməsinə toxunaraq demişdir: "Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir?”

Bəli, yaşadığımız regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil. Hakimiyyətə gəldikdən sonra hər vəchlə, müxtəlif bəhanələrlə danışıqlar prosesindən imtina etməyə çalışan N.Paşinyan bununla da işğalçı cildinə girən "demokrat” olduğunu göstərdi. Bunun nəticəsi olaraq danışıqlar prosesi faktiki olaraq iflic vəziyyətinə düşüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün faktiki olaraq danışıqlar prosesi getmir, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının da heç bir əhəmiyyəti yoxdur.


Paşinyan sələflərini uğursuzluğa aparan yolu gedir


Digər tərəfdən bu gün Ermənistanda daxili siyasi-ictimai və sosial-iqtisadi vəziyyət olduqca mürəkkəbdir, əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində heç bir irəliləyişin olmaması, insan hüquq və azadlıqlarının boğulması, avtoritar idarəçiliyin formalaşdırılması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Ermənistan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Bu baxımdan Ermənistan hərbi bölmələrinin sərhəddə törətdiyi növbəti təxribat Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini daxili məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Başqa cür desək, bu hadisə xarici düşmən mövzusunu qabartmağa və Paşinyanın səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. O hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Lakin hazırda Ermənistanda hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın isə bu yolla daxili auditoriyada uğur əldə edəcəyi mümkün deyil. Çünki Ermənistanın əvvəlki hakimiyyətləri bu ssenaridən vaxtilə istifadə ediblər, nəticədə isə həm Azərbaycanın qarşısında məğlubiyyətə uğrayıblar, həm də özlərini ifşa ediblər.


Azərbaycan öz sərhədlərini layiqincə qorudu


Dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan gərginlik davam edir. Mövqelərimizi ələ keçirmək məqsədilə erməni hərbi birləşmələri hücuma keçməyə cəhd göstərib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ciddi itkilər verən düşmən geri oturdulub. Azərbaycan Ordusunun Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi yayılmış videolardan da görünür.

Artilleriya atəşi ilə qəflətən hücum həyata keçirən düşmənlə döyüşdə həlak olan hərbçilərimizin qisası isə layiqincə alınıb. Bununla bağlı Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan etdi: "Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Hazırda əməliyyat şəraiti erməni hərbi birləşmələrinə qarşı ciddi cəza tədbirləri həyata keçirən qoşunlarımızın nəzarəti altındadır. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri ordumuzun əks zərbəsi nəticəsində 70-dən çox Ermənistan əsgərinin və zabitinin öldürüldüyünü, 300-dən çox hərbçinin isə yaralandığını bildirirlər.

Onu da qeyd edək ki, dövlət ya sülhsevər siyasət yürütməli, yaxud aqressiv və işğalçı olmalıdır. Azərbaycanın Ermənistanla sərhəddin Qazax və Tovuz istiqamətlərinə əsasən sərhədçiləri yerləşdirməsi respublikamızın həyata keçirdiyi siyasətin mahiyyətində beynəlxalq hüquqla təsbit olunmuş prinsiplərin dayandığını göstərir. Qarşı tərəfdə isə erməni hərbi birləşmələri cəmləşib ki, bu da Ermənistanın yürütdüyü militarist və işğalçılıq siyasətinin mahiyyətinə tam uyğundur. Amma nə qədər təcavüzkar olsa da, Ermənistan Azərbaycan qarşısında gücsüzlüyünü anlayır. Ona görə təxribatı dövlət sərhədi istiqamətində törətməklə daxil olduğu təşkilatlara arxalanır. Lakin bu gün Azərbaycanın beynəlxalq münasibətləri, ayrı-ayrı dövlətlərlə dostluq əlaqələri elə bir səviyyədədir ki, Ermənistanın daxil olduğu təşkilatlar belə onun müdafiə etməyəcəklər. Bunu son illərdə baş verən bir sıra hadisələr də təsdiq edib.

Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə, Talış əməliyyatları, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı ordumuzun hansı imkanlara qadir olduğunu göstərib. Bugünlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü nümayiş etdirdi.

Ən əsası odur ki, bu cür təxribatçılıq əməlləri Ermənistanın öz başında çatlayır və Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video