14 Iyul 2020 18:30
275
SİYASƏT
A- A+

Səfir: Ermənilərin məqsədi bu münaqişəyə KTMT-ni, ilk növbədə, Rusiyanı cəlb etməkdir

 
Münaqişəni həll etmək üçün bu münaqişənin səbəblərini aradan qaldırmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikri "Exo Moskvı” radiostansiyasına müsahibəsində söyləyib. Səfir xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildir davam edir və danışıqlar xatirinə bitib-tükənməyən danışıqlar olmamalıdır. Status-kvo dəyişdirilməlidir. Minsk qrupunun həmsədrləri olan ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.

Diplomat deyib: "Prinsip etibarilə hər şey çox sadədir: Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş təcavüzkar ölkə var və bu təcavüzün qurbanı olan Azərbaycan var. Konstruktivlik barədə danışanda dəfələrlə təklif edilmiş sxemə görə Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması Dağlıq Qarabağın statusunun müzakirəsindən başlanır. Yad dövlətin ordusu Azərbaycan ərazisində olduğu halda bu cür münaqişələr labüddür”.

P.Bülbüloğlu iyulun 12-də münaqişənin başlanmasından söhbət açaraq deyib: "Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra sərhədin delimitasiyası üzrə iş aparır. Azərbaycanın beynəlxalq miqyasda rəsmən qəbul edilmiş birinci sərhədi Rusiya Federasiyası ilə olacaq. Azərbaycan sərhədin qorunması funksiyasını Müdafiə Nazirliyindən sərhəd qoşunlarına verib. Bu nə deməkdir? Təbii ki, sərhəd qoşunları Müdafiə Nazirliyinin qoşunları kimi təchiz olunmayıb. Ayın 12-də nə baş verib? Haqqında söhbət gedən "UAZ” avtomobili mütəmadi olaraq Azərbaycan ərazisindəki postların arasında hərəkət edir və bu, heç vaxt hər hansı irada səbəb olmayıb, çünki erməni tərəfdə də eyni hadisə baş verir. Bu "UAZ” maşınında zabitlər gedirmiş və onlara silahlı hücum edilib, azərbaycanlı hərbi qulluqçular öldürülüb. Bu barədə ratsiya vasitəsilə məlumat verilib və kömək gəlib. Cavabında dayaq məntəqələrindən birinə ağır toplardan atəş açılıb və təbii ki, ordu işə qarışıb. Bu münaqişə belə başlanıb”.

Nəyə görə toqquşma Dağlıq Qarabağda təmas xəttində deyil, sərhəddə baş verib? Səfir deyib: "Bu, ondan ötrü edilir ki, KTMT, ilk növbədə, Rusiya bu münaqişəyə cəlb edilsin, Rusiyanın sərhədində Rusiya Federasiyasını narahat edən daha bir münaqişə ocağı yaransın. Aydındır ki, KTMT-nin bütün üzvləri ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri var və qırğız və ya qazax əsgər yəqin ki, Azərbaycan əsgərinə atəş açmayacaq. Azərbaycan bütün lazımi sənədləri KTMT-yə təqdim edəcək. Biz heç nəyi gizlətməyə çalışmırıq. Qarabağda doğulmuş, əcdadları o torpaqda dəfn edilmiş bir adam kimi demək istəyirəm ki, işğala son qoyulmayınca hadisələrin hər cür inkişafı mümkündür. Bizim torpağımız işğal altında qaldıqca, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti bu vəziyyətlə razılaşmayacaq”.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycan cəmiyyəti hakimiyyət orqanlarından qəti tədbirlər görülməsini tələb edir. Səfir daha sonra deyib: "İnsanlar həlak olub! Bu, nə qədər davam edəcək? Biz buna nə qədər dözəcəyik? Nə vaxta qədər təcavüzkarın başını tumarlayıb demək olar: "Biz çox narahatıq, gəlin, məsələni sülh yolu ilə həll edək?”. Qoşunlarınızı çıxarın və məsələni sülh yolu ilə həll edək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video