14 Iyul 2020 10:10
451
SİYASƏT
A- A+

Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasəti layiqincə davam etdirilir

 Məzmunundan və mahiyyətindən asılı olmayaraq, istənilən siyasi-iqtisadi və ictimai prosesin xalqın maraqlarına uyğun nəticə verməsi birinci növbədə dövlətin rəhbərinin fəaliyyətindən və qətiyyətindən asılıdır. Lakin mübarizələr yolu keçmiş dövlətlərin, eləcə də Azərbaycanın tarixi göstərir ki, müdrik və uzaqgörən siyasətçilər həm də tarixin gərdişini öz ölkələrinin və xalqlarının ümummilli maraqlarına uyğun dəyişməyi bacarırlar.

Bu gün müasir Azərbaycanda ilk dəfə rəhbərliyə başlamasının növbəti ildönümü tamam olan Heydər Əliyev məhz belə, yəni tarixi inkişaf proseslərinin öx xalqının maraqlarına uyğun təmin etməyi bacaran görkəmli dövlət xadimi idi.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz missiyası 1969-cu ilin 14 iyul tarixindən başlayır. Sovet hakimiyyəti dövrünün məlum tələblərinə, sərt ideoloji rejimə baxmayaraq, Ulu Öndər ilk gündən öz fəaliyyəti ilə mövcud stereotipləri alt-üst etmiş və vətəndaşlar ölkədə pozitiv dəyişikliklərə doğru dönüşün əsasının qoyulduğunu hiss etməyə başlamışdılar. Sovet dövrünün siyasi-ideoloji çətinliklərinə rəğmən Ulu Öndərin tamamilə yeni idarəçilik metodları, problemlərin həllinə fərqli baxışları, mütərəqqi kadr siyasəti ilə ölkənin inkişafına və yüksəlişinə xidmət edən fəaliyyət nümunəsi ortaya qoyması ilk gündən cəmiyyəti ruhlandırmışdı. Tezliklə Azərbaycanda bütün sahələrdə baş verən irəliləyiş, respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə ittifaq miqyasında qabaqcıl yerlərə çıxması nəticəsində ictimaiyyət Heydər Əliyevin əsl quruculuq missiyası ilə xalqa rəhbərliyinin şahidi oldu. Qısa zaman kəsiyində Azərbaycan keçmiş sovet ittifaqının tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Bu gün də Azərbaycanın iqtisadi həyatına böyük töhfələr verən bir sıra zavod və müəssisələr məhz Heydər Əliyevin uzaqgörənliyi və təşəbbüsləri ilə ölkəmizdə yaradılmışdı.

Xalqımızın böyük oğlu öz tarixi missiyasını yalnız iqtisadi inkişaf məsələləri ilə yekunlaşdırmadı. Ulu Öndər öz misilsiz əməlləri ilə həm də xalqımızı mənəvi yüksəlişə ruhlandırdı. Qeyd etdiyim kimi, sərt sovet ideologiyasına baxmayaraq, xalqımızın milli dəyərlərini, hər bir azərbaycanlının milli heysiyyətini gücləndirmək, şanlı keçmişimizi, soy-kökümüzü unutmamaq üçün mühüm tədbirlər həyata keçirdi.

Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi.

SSRİ-nin dağılmasından sonra bütün respublikalar müstəqil oldular. Azərbaycan xalqı isə müstəqilliyə qanı bahasına nail oldu. Digər xalqlardan fərqli olaraq, mərd oğul və qızlarımız bu azadlıq uğrunda canını, qanını verdi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan iqtidarların yarıtmaz siyasəti nəticəsində Azərbaycan yenidən əsarət altına düşməyə, hətta parçalanmağa yaxın idi. Hakimiyyət çəkişmələri torpaqlarımızın azadlığı uğrunda aparılan müharibəni də ikinci plana salmışdı.

Məhz belə bir vaxtda xalqın harayına səs verib hakimiyyət sükanının arxasına keçən Heydər Əliyev növbəti dəfə öz tarixi missiyasını həyata keçirdi. Bəli, məhz Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyi xilas olundu, xalqımızın bir daha əsarət altına düşməsinə imkan verilmədi. Xilaskarlıq, daha sonra isə dövlət quruculuğu missiyasını böyük uzaqgörənliklə, siyasi müdrikliklə yerinə yetirən Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisinə çevrildi.

Bu gün Azərbaycan tarixinin ən parlaq dövrünü yaşayır. Təsadüfi deyil ki, respublikamız iqtisadi imkanlarına görə Cənubi Qafqazın aparıcı dövlətidir. Regionla bağlı bütün qlobal iqtisadi təşəbbüslərin mərkəzində Azərbaycan dayanır, İlham Əliyevin sayəsində bütün tranzit marşrutlar ölkəmizdən keçir.

Ölkəmizin ən mühüm nailiyyətlərindən biri də Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu neft strategiyasını uğurla davam etdirməsi və yeni mərhələyə qaldırmasıdır. İlham Əliyevin lider qətiyyəti ilə Heydər Əliyevin neft strategiyası məntiqi sonluğuna çataraq Xəzər neftini dünya bazarlarına çıxardı. Bu gün neftdən gələn gəlirlər dövlətimizin inkişafına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Eyni zamanda İlham Əliyev Xəzərdən hasil olunan mavi yanacağın Avropa bazarlarına çıxarılmasını təmin etməklə Ulu Öndərin əsasını qoyduğu enerji siyasətini daha da inkişaf etdirir.

İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində son 17 ildə Azərbaycanın bütün bölgələri inkişaf edib, abadlaşıb. Ən mühüm nailiyyətlərdən biri də bütün vətəndaşların sosial rifahının dəfələrlə yaxşılaşdırılmasıdır. Nəhayət, son aylarda baş verən koronavirus pandemiyası bir daha göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, güclü dövlətdir. Çünki qlobal reallıqlar təsdiq edir ki, hər dövlət COVID-19-la təkbaşına mübarizə apara bilmir. Bunu 150-dən artıq dövlətin kömək üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciəti də göstərir.

Heydər Əliyevin ən böyük arzuları Azərbaycanın daha güclü dövlətə çevrilməsi, xalqımızın rifahının yüksəlməsi idi. Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepiyasının əsasında da məhz bu amillər dayanırdı. Yuxarıda qeyd olunanlar və ümumilikdə, 2003-cü ildən sonra Azərbaycanda həyata keçirilən siyasətin nəticələri Heydər Əliyevin arzularının və qarşıya qoyduğu vəzifələrin həyata vəsiqə aldığını göstərir. Ölkəmizdəki bütün pozitiv yeniliklər və inkişaf göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla gələcəyə doğru addımlayır.

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP Ağdaş rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video