14 Iyul 2020 00:52
756
CƏMİYYƏT
A- A+

Azərbaycanın bütün resursları koronavirusla mübarizəyə səfərbər olunub


Ölkədə həyata keçirilən tədbirlərin əsas məqsədi yalnız Azərbaycan vətəndaşlarının həyatını qorumaqdır


İkinci minilliyin 20-ci ili müasir dünyanı heç vaxt qarşılaşmadığı vəziyyətlə - COVID-19 kimi sürətlə yayılan, sərhəd tanımayan ölümcül bir virusla üz-üzə qoydu. İnkişaf səviyyəsindən, müasir səhiyyə və güclü iqtisadiyyatından asılı olmayaraq, dünyanın heç bir ölkəsi qlobal pandemiyaya hazır deyildi. Üstəlik, COVID-19 yeni virus olduğu üçün "xasiyyəti” də elmə tam məlum deyildi. Virusu öyrəndikcə hər dəfə onun təzə xüsusiyyətləri meydana çıxdı, iki ay əvvəlki fikirlər bəzən təsdiqini tapmadı. Bununla belə, koronavirusla mübarizədə keçən yarım il ərzində dünya ölkələri epidemiyanı idarə etməyi, COVID-19-a nəzarəti öyrəndi, mübarizə sahəsində təcrübə qazandı. Dövlətlər virusa yoluxma hallarının inkişaf dinamikasına uyğun olaraq sərt, yaxud yumşaldıcı tədbirlər həyata keçirməyə başladılar. Azərbaycan hökuməti də hadisələrin inkişaf dinamikasına uyğun qərarlar qəbul etdi.

Hələ yoluxma hallarının nisbətən aşağı olduğu, xüsusi karantin tədbirlərinin gerçəkləşdirildiyi dönəmdə ölkənin səhiyyə sistemi, iqtisadiyyatı, sosial sferası pandemiya ilə mübarizəyə hazırlandı. Qısa zamanda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar inşa edildi, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, koronavirusu aşkarlayan testlər, müasir laboratoriyalar alındı, ölkəyə süni nəfəs aparatları gətirildi. Tibbi maska, eləcə də digər ləvazimat və geyimlər, dezinfeksiya, sanitariya-gigiyena və digər bu kimi məhsullar istehsal edən müəssisələr yaradıldı. İqtisadiyyatın tənəzzülünün qarşısını almaq, milli valyutanın dayanıqlılığını qorumaq üçün tədbirlər həyata keçirildi, kütləvi psixozun, ajiotajın yaranmaması üçün bir sıra maarifləndirici və istiqamətləndirici addımlar atıldı. Pandemiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən xüsusi karantin rejiminin tətbiqi, qaydalara əməl olunması, cəmiyyətdə süni təşviş yarada biləcək halların qarşısının alınması üçün hüquqi baza formalaşdırıldı, konsepsiyalar hazırlandı və həyata keçirilməsinə başlanıldı. Bir sözlə, qısa vaxt ərzində ölkənin bütün resursları koronavirusla mübarizəyə səfərbər olundu. Dövlətimiz COVID-19-la mübarizəyə vaxtında başladı və bu istiqamətdə görülən tədbirlər effektini göstərdi. Məhz dövlət tərəfindən vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı tədbirlər, karantin rejiminin tətbiqi ölkədə koronavirusa kütləvi yoluxma hallarının qarşısını aldı.


Dövlət üçün heç bir səbəb əhalinin sağlamlığından öndə deyil


Hazırda bütün dünya pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirir, insanların ölümcül COVID-19 virusunun qurbanına çevrilməmələri üçün sərt məhdudlaşdırıcı addımlar atır. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri nəticəsində ölkəmizdə yeni növ koronavirusa yoluxma hallarının sürətlə artması da hökuməti zəruri addımlar atmaq məcburiyyəti qarşısında qoydu və sərtləşdirilmiş karantin rejimi uzadıldı. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərin əsas məqsədi, hədəfi yalnız Azərbaycan vətəndaşlarının həyatını, sağlamlıqlarını qorumaqdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bizim üçün ön sırada insanların sağlamlığı dayanır. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz. Vətəndaşların çoxu bu tədbirlərin mahiyyətini yaxşı başa düşür və dəstəkləyir.

Lakin təəssüf ki, hələ də xəstəliyə etinasız yanaşan, yalnız özünün deyil, ətrafının da sağlamlığına biganə münasibət sərgiləyən insanlar var. Evdən çıxması qəti qadağan olunduğu halda, parka, marketə gedərək sağlam insanların da həyatını riskə atan COVID-19 xəstələri, ziyafət təşkil edən şəxslər... Təbii ki, belə hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır, polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilir.


Karantin rejimini pozanlar inzibati qaydada məsuliyyətə cəlb olunurlar


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyi müəyyənləşib. Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar. Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda da gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. İnsanların diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən iyulun 11-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 161 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 74-ündə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Təəssüflə demək lazımdır ki, xəstəliyin yayılmasının başlıca səbəbi də məhz belə məsuliyyətsiz davranışlar, karantin qaydalarına əməl olunmamasıdır. Elə ona görə bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli davranıb nizam-intizama riayət etsələr, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Hazırda virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz pozuntulara qarşı nə qədər barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.


Gündəlik yoluxma sayı sabitləşib


Sevindirici haldır ki, son zamanlar virusun mövcudluğuna inanmayanların sayı da azalıb. Hazırda vətəndaşlar özlərini virusdan qorumaq üçün daha məsuliyyətli davranır, qoyulan qaydalara daha diqqətli yanaşırlar. Artıq tibbi maskadan istifadə edənlərin də sayı çoxdur. Bu da öz müsbət nəticəsini verir. Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. Xəstəlikdən sağalanların sayında da artım var. Belə davam edərsə, yaxın zamanlarda gündəlik statistikanın azalacağına, sağalanların sayının artaraq yoluxanları üstələyəcəyinə ümid etmək olar.

Əhalinin bu cür həmrəylik nümayiş etdirməsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlətin apardığı mübarizə ilə yanaşı olmalıdır. İndiki məqamda ən böyük vətənpərvərlik nümunəsi məhz dövlətin bütün çağırışlarına əməl etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafdakı insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video