13 Iyul 2020 21:53
447
SİYASƏT
A- A+

Gənclər Təşkilatları Milli Şurası işğalçı Ermənistan ordusunun təxribatları ilə bağlı bəyanat yayıb


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ordumuzun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda düşmənin bu təxribatına Milli Ordumuzun böyük rəşadət nümayiş etdirərək sarsıdıcı cavab verdiyi, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsinin qətiyyətlə dəf edildiyi vurğulanıb. Bildirilib ki, Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin yüksək maddi-texniki imkanları növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirib.

Qeyd edilib ki, düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun gənc hərbi qulluqçuları qəhrəmancasına şəhid olublar. Bu, Azərbaycanın hər bir gəncinin Vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad olunması istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu bir daha nümayiş etdirdi. Xalqımız növbəti dəfə Azərbaycan gənci və əsgəri ilə fəxr etdi, son dərəcədə qürurlandı.

Ölkəmizin bir çox aparıcı gənclər təşkilatlarını və on minlərlə gənci ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının bəyanatında bildirilib ki, Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bəyanatda bu təxribatlar Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirilib və sərt şəkildə qınanılıb. Bununla yanaşı, münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün hüquqi-siyasi qiymət verməsi, Ermənistanı təcavüzkar siyasətinə son verməyə məcbur edəcək qərarlar qəbul etməsi üçün beynəlxalq ictimaiyyətə çağırış ünvanlanıb.

Vurğulanıb ki, gənclərimiz səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daim hazır olan ordumuza dəstək verir və onunla həmrəylik ifadə edir.

Bundan başqa, bəyanatda Ermənistanın ölkəmizə qarşı artıq 30 ildir davam edən işğal və hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğu bir daha vurğulanıb. İşğalın beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri, beynəlxalq ictimai xadimlər, xarici ölkələrin beyin mərkəzləri, qabaqcıl ali təhsil müəssisələrinin diqqətinə çatdırılması üçün bütün ictimaiyyət sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan #WarCriminals həştəqləri ilə paylaşımlar etməyə dəvət olunub.

Habelə beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər mötəbər qurumlara müraciət ünvanlanaraq, Ermənistanın beynəlxalq öhdəliklərə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməsi üçün işğalçı ölkə hökumətinə təzyiq göstərilməsi tələb olunub.

Bəyanatda, həmçinin hazırkı həssas məqamda vətəndaşlarımızın ayıq-sayıq olmalarının, ordumuzun hərbi texnikalarının və canlı qüvvəsinin hərəkət istiqaməti və ya cəmləşmə yerləri haqqında foto və videoları yayımlamamalarının, eyni zamanda, məlumatların paylaşılması zamanı ancaq rəsmi mənbələrə istinad olunmasının vacibliyi xüsusi vurğulanıb.

Qeyd edilib ki, ölkəmizin ən böyük gənclər təşkilatları platforması olan GTMŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün gənclər təşkilatlarını səfərbər edəcək və ardıcıl, mütəmadi sosial kampaniyalar vasitəsilə Azərbaycan həqiqətlərini beynəlxalq birliyin diqqətinə çatdıracaq. Qurum bütün sosial şəbəkə istifadəçilərini, ictimai fəalları və qeyri-hökumət təşkilatlarını bu fəaliyyətə dəstək verməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video