10 Iyul 2020 15:14
502
CƏMİYYƏT
A- A+

Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib


Prezident İlham Əliyevin çağırışına uyğun olaraq özəl sektorun sosial məsuliyyət, həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Bunun növbəti nümunəsi kimi, "Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirilib və iyunun 10-da binadakı mənzillər həmin vətəndaşlara təqdim olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və "Kapital Bank”ın rəsmisi Tural Ayvazlı iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, H.Abdullayev Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə də ölkəmizdə heç bir sosial proqramın təxirə salınmadığını, əksinə həmin proqramların uğurla davam etdirilərək daha da genişləndirildiyini vurğulayıb.

Nazir müavini bildirib ki, dövlət başçısının çağırışına uyğun olaraq ölkəmizdə özəl sektorun sosial məsuliyyət və həmrəylik prinsipinə əsaslanan fəaliyyəti getdikcə genişlənir. Məcburi köçkünlər üçün "Qobu-1”, "Qobu-2” və "Qobu-3” yaşayış komplekslərinin özəl sektorun hesabına salınması da bunun əyani təzahürlərindən biridir. Bu il mayın 28-də "Qobu Park-3” yaşayış kompleksinin açılışında özəl sektorun əhəmiyyətli sosial layihələrə qoşulduğunu diqqətə çatdıran Prezident İlham Əliyev yaşayış kompleksinin salınmasında xüsusilə "Paşa Holdinq” şirkətinin fəaliyyətini qeyd edib. Dövlət başçısı bütün Azərbaycan şirkətlərinə müraciət edərək həmrəylik göstərməli və sosial məsuliyyət daşımalı olduqlarını bildirib.

H.Abdullayev vurğulayıb ki, "Kapital Bank” tərəfindən korporativ sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli, 3 bloklu yaşayış binasının inşa etdirilməsi də özəl sektorun sosial layihələrə fəal şəkildə qoşulmasının növbəti uğurlu nümunəsidir. Bu, həmçinin şəhid ailələrinin, müharibə əlillərinin rifahı üçün dövlətin apardığı ardıcıl işlərə özəl sektorun yaxından dəstək verdiyinin göstəricisidir.

Nazir müavini bütün sosial proqramlar kimi, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının da geniş miqyas aldığını deyib. O, nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verildiyini qeyd edib. O, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev verilməsinin nəzərdə tutulduğunu bildirib. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla, bu il artıq 370-dək mənzilin, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7970 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.

İ.Abbasov Prezident İlham Əliyevin həssas əhali qruplarına diqqət və qayğısından bəhs edib, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin olunmalarının da bunun bir əyani ifadəsi olduğunu vurğulayıb.

T.Ayvazlı dövlət başçısının çağırışına qoşulan "Kapital Bank”ın da sosial layihələrdə fəal iştirak etdiyini vurğulayıb. Bildirib ki, "Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, işsiz və əlilliyi olan şəxslər, məcburi köçkün və aztəminatlı ailələr üçün müxtəlif tədbirlər həyata keçirir. Budəfəki sosial aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilib və bununla da "Kapital Bank” şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan ardıcıl işlərə öz töhfəsini verib.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların rifahı üçün aparılan mühüm işlərə, həmçinin mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Mənzillər Şirvan şəhəri və ətraf rayonlardakı şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video