08 Iyul 2020 00:43
3016
SİYASƏT
A- A+

İnsanların sağlamlığı bütün vəzifələrin fövqündə dayanır


İlham ƏLİYEV: "Bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik”


Ötən ilin sonlarından yayılmağa başlayan COVID-19 infeksiyası gözlənildiyindən də təhlükəli olmaqla bütün ölkələri təhdid etməkdə davam edir. Hazırda dünyada koronaviusa yoluxanların sayı 11,5 milyonu ötüb. Vəfat edənlərin sayı isə 530 mindən çoxdur. Bu qədər insan ölümünə səbəb olduğuna görə COVID-19-u haqlı olaraq müharibə ilə də müqayisə edirlər.


Qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu


İnfeksiyanın yayılmağa başladığı dövrdən, xüsusilə ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk gündən başlayaraq Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən bütün istiqamətlər üzrə ciddi çevik və qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, vəziyyətin nəzarət altına alınması və kütləvi yoluxmanın qarşısının alınması məqsədilə təhsil prosesinin dayandırılması, bütün kütləvi tədbirlərin ləğv edilməsi, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması da daxil olmaqla bir sıra qabaqlayıcı və effektli hesab olunan qərarlar qəbul edildi.

Həmçinin qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi.

COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi. Hazırda respublikamızın 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Həmçinin bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb, onlardan 5-i artıq istifadəyə verilib, ən müasir standartlara cavab verən laboratoriyalar alınıb. Fevral ayında Azərbaycanda cəmi 6 laboratoriya mövcud olduğu halda, qısa müddətdə onların sayı 29-a çatdırılıb. Tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirilməsi təmin edilib. Ən mühüm addımlardan biri də o oldu ki, ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil edildi və qısa müddətdə bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı.

Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın bir sıra bölgələrində, xüsusən inkişaf etmiş Avropa ölkələrində yaranmış kəskin vəziyyət Azərbaycanda müşahidə olunmadı. İyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından və bu tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra müsahibə verən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışaraq bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyət nəzarətdə saxlanılır: "Bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”.


Virusla mübarizə həm də vətəndaşların vəzifəsidir


Bu gün də respublikamız ciddi fəsadların müşahidə edildiyi ölkələr sırasında deyil. İstər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycanda qeydə alınan hallar digər ölkələrlə müqayisədə təhlükəli hesab olunmur. Təsadüfi deyil ki, ölkəmizin koronavirusla mübarizə sahəsindəki təcrübəsi dünyada yüksək qiymətləndirilib. Bu mənada, Ümumdünya Səhiyyə Təşklatının (ÜST) və digər beynəlxalq təşkilatların Azərbaycan hökumətinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verdiyini qeyd etmələri və bununla əlaqədar olaraq şəxsən Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmələri həqiqətən də mühüm hadisədir. Bir sözlə, Azərbaycan hökuməti pandemiya ilə mübarizə üçün kifayət qədər geniş tədbirlər planı həyata keçirib. Həkimlərimiz və polislərimiz insanların həyatını xilas etmək, karantin rejiminə əməl olunmasını təmin etmək üçün maksimum səy göstərməkdədirlər.

Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən asılı deyil. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir. Bu barədə ekspertlər, tibb işçiləri kifayət qədər fikirlərini bildiriblər. Cənab Prezident də çıxışlarında daim karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini önə çəkib. Çünki xəstəliyin yayılmasının qarşısının alınmasının birinci yolu karantin və izolyasiya rejiminin tələblərinə riayət etməkdir. Hər bir vətəndaş ilk növbədə özünü qorusa, yoluxma da olmaz və beləliklə, koronavirus təhlükəsi bir o qədər tez aradan qaldırılar.

Lakin təəssüflə qeyd etməliyik ki, hələ də karantin rejimi qaydalarının pozulması ilə bağlı xoşagəlməz hadisələr baş verməkdədir. Xəstəliyin ciddiliyinə inanmayanlara, qəbul olunmuş qərarlara etinasız yanaşanlara rast gəlinir. Qoruyucu maskalardan istifadə edilməməsinə, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarətinə, dəfn mərasimlərinin, müxtəlif məclislərin, kütləvi istirahət tədbirlərinin təşkilinə dair faktların şahidi oluruq. Müsahibəsində bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev deyib: "İlk gündən bugünə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir hoteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib”.


Cəmiyyət məhdudiyyət tədbirlərini anlayışla qarşılayır


Bəli, əgər tələblərə düzgün riayət olunsaydı, sərt karantin rejiminin uzadılmasına da gərək qalmazdı. Əslində bütün ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Ciddi səylərə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Ona görə karantin rejimi dünyanın hər yerində ya uzadılır, ya da yumşalmadan sonra yenidən tətbiq olunur. Azərbaycanla qonşu dövlətlərdə də vəziyyət belədir. Sərhədlərin açılmasından isə söhbət belə gedə bilməz.

Xoşagəlməz halların baş verməsinə baxmayaraq, bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Düzdür, məhdudiyyətlər iqtisadi fəallığı azaldır. Təbii ki, dövlətlər və insanlar bundan ciddi ziyan çəkir. Çünki gəlirlər azalır. Elə buna görə də Azərbaycan dövləti işsiz vətəndaşlara sosial müavinətlər verir, eyni zamanda sahibkarlıq subyektlərinə yardımlar edilir. Bununla belə bu gün əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi bütün vəzifələrin fövqündə dayanır. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz. "Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır” - deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.

Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var. Biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu vəziyyət hamının məsuliyyətli davranış nümayiş etdirməsi, birliyini, həmrəyliyini daha da gücləndirmək üçün siqnal olmalıdır.

Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Əlbəttə, ölkəmizdə aparılan kompleks tədbirlər öz səmərəli nəticəsini verəcək və pandemiya ilə mübarizədə müsbətə doğru nəticələr əldə ediləcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video