08 Iyul 2020 00:41
1236
İQTİSADİYYAT
A- A+

Avrasiyanın ən effektiv logistik məkanı


Prezident İlham Əliyevin qlobal təşəbbüsləri ilə Azərbaycan pandemiya dövründə də maneəsiz tranzit daşımalarını təmin edir


Dünya miqyasında sülhün, əmin-amanlığın, etibarlı tərəfdaşlığın, qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafına layiqli töhfələr verən Azərbaycan qlobal pandemiya dövründə də bu xoşməramlı missiyasına sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verən nümunəvi təklifləri, aktiv xarici siyasəti beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən təqdir edilir.


Beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir


Bu gün qlobal pandemiya dünya iqtisadiyyatına hərtərəfli zərbə vurmaqdadır. 150-dən artıq ölkənin sərhədləri bağlıdır. Lakin buna baxmayaraq, Azərbaycan Avrasiyanın ən etibarlı, əlverişli nəqliyyat-tranzit qovşağı olduğunu isbatlamaqdadır.

Asiyanı Avropa ilə bağlayan nəhəng nəqliyyat, logistik transmilli layihələrin reallaşmasında, onlarca ölkəni birləşdirən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Şimal-Qərb” nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayan Azərbaycan artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib və pandemiya dövründə də öz roluna məsuliyyətlə yanaşaraq, ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Yəni Azərbaycan etibarlı logistik imkanlarından qlobal pandemiya dövründə də yararlanmaqdadır.

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu.

Qlobal böhran şəraitində həyata keçirdiyi layihələr, qəbul etdiyi mühüm qərarların uğurlu nəticələri ilə bağlı həmkarlarını məlumatlandıran cənab İlham Əliyev diqqətə çatdırdı ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. "Şərq-Qərb nəqliyyat dəhlizi” ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir.

Xatırladaq ki, hələ aprel ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türk Şurasının fövqəladə Zirvə görüşündə də, görüşün yekun bəyannaməsində də pandemiya dövründə ölkələr arasında daşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyi qeyd olunmuşdu. Eyni zamanda yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılması zəruri hesab edilmişdi.

May ayının 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə də dövlət başçısı pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasının və beynəlxalq yükdaşımaların fasiləsiz həyata keçirilməsinin vacibliyini bildirmişdi. Azərbaycanın artıq Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, bir çox ölkəni birləşdirən layihələrin reallaşmasında böyük rol oynadığını deyən Prezident məhz bu çətin dönəmdə də ölkəmizin etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, ərazisi vasitəsilə daşımaları maneəsiz təmin etdiyini vurğulamışdı.

Hazırda pandemiya dövründə trans-Xəzər dəhlizi boyunca zəruri malların - ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin daim fəaliyyəti təmin edilir. Azərbaycan üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.


Dünyada 11-ci yer


Əfqanıstan və Türkmənistan prezidentləri ilə keçirilən videokonfransda cənab İlham Əliyev Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturunun yaradıldığını da diqqətə çatdırdı.

Bu infrastrukturlar - 2018-ci ildə istifadəyə verilən 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, gəmiqayırma zavodu, ölkədaxili müasir dəmir və avtomobil yollarıdır.

Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilib, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və

3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcək.

Azərbaycan eyni zamanda avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə ölkədə 16 min kilometr avtomobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib. Hava nəqliyyatının səmərəliliyinə görə ölkəmiz dünyada 12-cidir.

"Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu qitələri birləşdirir. Prezidentin söylədiyi kimi, Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bu ilin ilk altı ayında bu dəmir yolu ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə, Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir.


Tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edilib


Azərbaycan ölkənin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pandemiyadan öncəki dövrdə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edib, müvafiq tədbirlər görüb.

Bu güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşıma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini verir.

Ümumiyyətlə, bu ilin birinci rübündə Azərbaycan ərazisindən 52 min 405, o cümlədən tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib. Statistik məlumatların müqayisəsi göstərir ki, I rübdə ötən ilin müvafiq dövrünə nisbətən ölkə ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb.


Azərbaycan etibarlı tranzit ölkə kimi dünyada özünü təsdiqləyib


Əfqanıstanlı və türkmənistanlı həmkarları ilə keçirilən videokonfransda cənab İlham Əliyev nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən söz açaraq vurğuladı ki, dost ölkələr "Şərq-Qərb nəqliyyat dəhlizi”nin imkanlarının daha da artırılması üçün səylərini davam etdirməlidirlər. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Dövlət başçısı gələcək addımların müzakirəsi üçün ölkələrin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini də təklif etdi.

Qeyd edildi ki, "Şərq-Qərb nəqliyyat dəhlizi” artıq tam şəkildə fəaliyyət göstərir, 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb.

Azərbaycan eyni zamanda "Şimal-Cənub nəqliyyat dəhlizi”nin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb. "Şərq-Qərb nəqliyyat dəhlizi” çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib.

Dövlət başçısının 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfəri zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb: "Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir”.


Avropa İttifaqının "Şərq-Qərb nəqliyyat dəhlizi”nə marağı artır


Cənab İlham Əliyev eyni zamanda Avropa İttifaqının "Şərq-Qərb nəqliyyat dəhlizi”nə marağının artdığını söyləyərək, 2019-cu ilin iyul ayında Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tuskun Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getməsini və limanın imkanları ilə yerində tanış olmasını xatırlatdı. Həmçinin bəzi ölkələrin bu layihəyə qoşulduğunu da vurğuladı: "Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər”.

Avropa və Asiya ölkələrinin "Şərq-Qərb nəqliyyat dəhlizi”nin iştirakçıları olduqlarını da deyən Azərbaycan Prezident məhz nəqliyyat-logistika mövzusunun Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola biləcəyini söylədi.

Birmənalı şəkildə deyə bilərik ki, cənab İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyinin təmininə istiqamətlənən neft, qaz marşrutlarının şaxələndirilməsi, Asiyanı Avropa ilə bağlayan nəhəng nəqliyyat, logistik transmilli layihələrin reallaşması ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunun göstəricisidir. Böyük coğrafiyanı əhatə edən beynəlxalq layihələrdə Azərbaycanın da imzasının olması cənab

İlham Əliyevin beynəlxalq təşəbbüslərinin, ümumilikdə isə, uğurlu xarici diplomatiyasının bariz təcəssümüdür.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video