08 Iyul 2020 00:38
744
CƏMİYYƏT
A- A+

Azərbaycan dövləti bütün imkanlarını pandemiya ilə mübarizəyə yönəldib


Prezident İlham ƏLİYEV: "Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik”


Bəşəriyyət Yer üzərində sürətlə yayılan yeni növ koronavirus - COVID-19-la mübarizəsini davam etdirir. Dünya COVID-19 pandemiyasının birinci mərhələsindən tam yaxa qurtarmamış ikinci və daha təhlükəli dalğası ilə üz-üzə qalıb. Ölkələrdə tətbiq olunan sərt karantin rejimləri infeksiyaya yoluxma dinamikasını bir qədər sabitləşdirsə də, yumşaldılmalar zamanı virus yenidən sürətlə yayılmağa başlamışdır.

Təəssüf ki, indiyə qədər görülən bütün tədbirlər koronavirusun qarşısında aciz qalıb. Tibbi çarə, peyvənd tapılmadığı üçün, hər nə edilsə də, COVID-19 yoxa çıxmaq bilmir. Adi bir sərvaxtlıqdan böyük fəlakətlər törənir. Yoluxdurduğu, aldığı canların statistikası isə insanlığın hələ bugünə qədər belə bir faciə ilə qarşılaşmadığını göz önünə gətirir. Ən dəhşətlisi isə dünyada baş verən bu tragediyanın nə zamana qədər sürəcəyinin bilinməməsidir. Hazırda biz, XXI əsrin müasir insanları bu qeyri-müəyyən vəziyyətin içində, sözün əsl mənasında, ölüm-dirim savaşının ortasındayıq.

İnsanlığın məhv olmaması və soyunun davam etdirilməsi isə məhz yenə də elə insanın öz əlindədir. Bu, min illərdir sübut olunmuş bir faktdır ki, heç bir dərd çarəsiz deyil. İndiki halda, yəni virusa qarşı dərman müalicəsinin, yaxud vaksinin tapılmasına qədər koronavirusa yoluxmaqdan qorunmaq lazımdır. Bu da o qədər çətin deyil: sosial məsafə saxlayaraq, maska taxaraq, əllərimizi yuyaraq.


Qlobal pandemiya ilə mübarizə davam edir


Ölkəmizdə qlobal pandemiya ilə mübarizə davam edir. Koronavirusun yayıldığı ilk zamandan etibarən hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil olundu.

Operativ Qərargahın işinin düzgün təşkili isə koronavirusla mübarizə strategiyasının effektiv şəkildə icrasını, qarşıya qoyulan vəzifələrin çevik şəkildə həllini təmin etməyə imkan verir.


Modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizəyə töhfə oldu


COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi, eyni zamanda ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verildi. Hazırda həmin klinikada 350 xəstə müalicə alır. Qısa müddət ərzində orada çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur.

Xüsusilə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizəyə inanılmaz töhfə verdi. Qısa zaman kəsimində inşa edilən bu xəstəxanalar ölkəmizdə koronavirusa yoluxan xəstələrin hər birinin xəstəxana şəraitində müalicəsini təmin etdi.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yeri yaradır.

Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.


"O vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi”


İyulun 6-da ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda inşa edilən daha bir modul tipli hospitalın açılışında iştirak etdilər.

Sözügedən hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul və müalicə etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.

Bazar ertəsi açılışı olan tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı ölkə telekanallarına verdiyi müsahibə zamanı bildirdi ki, bu ərazidə təqribən bir ay-ay yarım ərzində 1300-ə qədər çarpayısı olan yeni modul tipli xəstəxana inşa ediləcək.

"Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik”, - deyə vurğulayan Prezident qeyd etdi ki, əslində, modul tipli bu 10 xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı: "Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi”.

Qeyd edək ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı isə Prezidentin sərəncamı ilə son müddət ərzində inşa edilənlərdir.

Ölkə rəhbəri yerli KİV-ə müsahibəsində bildirdi ki, bu gün bizim hələ kifayət qədər boş çarpayılarımız var: "Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.


Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir


Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda pandemiyaya qarşı zamanında atılan çevik və qabaqlayıcı tədbirlər epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Hazırda da bununla bağlı bütün mümkün tədbirlər həyata keçirilir. Mütəxəssislərin bildirdiyi kimi, koronaviruslu xəstələrin erkən aşkarlanması virusun yayılmasının qarşısının alınmasında ən təsirli vasitələrdən biridir. Buna görə də ölkəmizdə ilkin zamanlardan etibarən gündəlik olaraq virusun aşkarlanması üçün çoxsaylı testlər aparılır. Və bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında ilkin sıralardadır.

İlham Əliyev bu məsələyə də toxunaraq vurğuladı ki, baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır: "Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bugünə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.


Xalqımızın etibarlı müdafiəsi


Göründüyü kimi, ölkəmizdə COVID-19-la mübarizə yüksək səviyyədə, birbaşa Prezidentin rəhbərliyi altında aparılır. Pandemiya vəziyyəti mütəxəssislərlə dərindən təhlil edilərək, bu istiqamətdə effektiv tədbirlər görülür. Ən kritik anlara belə hazırlıqlı olmaq üçün gələcəyə yönəlik müvafiq işlər həyata keçirilir.

Azərbaycan dövləti bütün imkanlarını və səylərini qlobal pandemiyayla mübarizəyə yönəldib. Atılan bütün təsirli addımların məqsədi isə insanlarımızın, onların sağlamlığının, həyatının bu xəstəlikdən qorunması üçündür.

Əminik ki, dövlət başçımızın liderliyi altında çox keçmədən xalqımız bu fəlakətdən də etibarlı müdafiə olunaraq öz əvvəlki əmin-amanlıq çağlarına qayıdacaq.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video