08 Iyul 2020 00:34
2738
Mədəniyyət
A- A+

UNESKO-nun irsi - İçərişəhər - Bakının incisi


Hər bir dövləti, xalqı tanıdan xüsusi meyarlar var ki, bunlardan yan keçmək mümkün deyil. Bu gün mədəni, tarixi irsi qoruyub saxlamadan cəmiyyətin, dövlətin gələcək inkişafından bəhs etmək olmaz. Cəmiyyətin gələcək inkişafı isə keçmişdən miras qalan milli-mədəni, tarixi irsi bu gün qoruyub saxlamaqla gələcək nəsillərə ötürməkdən keçir. Bu baxımdan hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saya bilər ki, ölkəmizin milli-mədəni irsinin təbliğində, onun qorunmasında düşünülmüş ardıcıl siyasət aparılır. Azərbaycan bu sahədə öz uğurlu modelini yarada bilib və milli-mədəni, tarixi irsinin qorunması işini nəticəyönümlü nailiyyətlərlə yerinə yetirir.

Cari ildə Azərbaycan Ulu Öndər Heydər Əliyevin hələ sovet illərində diqqəti və qayğısı nəticəsində Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmiş İçərişəhərin, Şirvanşahlar sarayı kompleksi və Qız qalası daxil olmaqla, UNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilməsinin 20 illiyini qeyd edir. Belə bir nüfuzlu, beynəlxalq əhəmiyyətli təşkilata milli-mədəni, tarixi mirasımızın, nümunələrimizin qeydə alınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yürüdülən siyasətin bariz nümunəsidir. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan UNESKO ilə aktiv və səmərəli əməkdaşlıq edir. 28 ildir UNESKO-nun üzvü olan dövlət kimi ötən illər ərzində bir sıra tarixi qoruqlarımız, ərazilərimiz bu təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycanın bu təşkilat ilə əlaqələrinin möhkəmlənməsi Heydər Əliyev Fondunun və onun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətlərinin nəticəsidir. Yarandığı vaxtdan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin tanıdılmasına, qorunmasına xüsusi önəm verib və bu fəaliyyətin əməli nəticəsi kimi milli-mənəvi dəyərlərimizin vacib nümunələri UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan musiqisinin xaricdə tanıdılması, təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib. Klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələrinin xarici dillərə, dünya ədəbiyyatının incilərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyətimizi və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına fond tərəfindən xüsusi dəstək verilib. Heydər Əliyev Fondu ötən illər ərzində mədəniyyətimizə mühüm töhfələr verib, bu gün də milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında öz xidmətlərini uğurla davam etdirməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birlikdə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi münasibətilə dövlət tədbirlərinin keçirilməsinə dair imzaladığı sərəncam milli-mənəvi dəyərlərə dövlətimiz tərəfindən verilən önəmin bariz nümunəsidir. Sərəncamdan irəli gələrək bir sıra tədbirlər həyata keçirilir, dünyada milli-mədəni irsimiz təbliğ olunur. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakının incisi - İçərişəhər yalnız Azərbaycanın, xalqımızın deyil, həm də bütün dünyadan olan turistlərin sevərək ziyarət etdiyi, dərin tarixi köklərə dayanan Azərbaycan milli mədəniyyətinin nümunələrindəndir.

Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmiz bütün milli-mədəni və tarixi abidələrinə, qoruqlarına sahib çıxa bilmir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılır, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərimizdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimlərimizi erməniləşdirir. Ancaq hər bir azərbaycanlı inanır ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olunacaq, "əsir abidələr”imiz yenidən dünyada tanıdılacaq, onların bir çoxu UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycan Respublikasına aid məkanlar olaraq daxil ediləcəkdir. Çünki Azərbaycan dövləti və xalqı "əsir torpaqlarına və abidələri”nə sahib çıxmağa gedən yolu işıqlı sonluqla nəticələndirməyi bacaracaq gücə, əqidəyə, sözə sahibdir. Ən əsası, haqq davasında qalib olacaq tərəf də Azərbaycandır və hər bir azərbaycanlı kimi mən də buna inanıram! Bakının incisi - İçərişəhərimizdən əzəli torpağımız olan Şuşadakı qalamıza qədər gedəcək yolumuz açıq olsun, əziz Azərbaycan!

Gültəkin HƏBİBLİ,

Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video