07 Iyul 2020 00:51
2349
CƏMİYYƏT
A- A+

Bütün qərarlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib


Altı aydır insanları qorxuya, təlaşa salan bircə söz var - koronavirus. Ölüm saçan taclı bəla... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 11-də adını COVID-19 qoyduğu, martın 11-də isə pandemiya elan etdiyi infeksiya dünyanın 218 ölkə və bölgəsinə şaxələnib.

Hazırda dünyada koronavirusa ümumi yoluxma sayı 12 milyona çatıb. Dünya dövlətlərinin rəsmi statistikasına əsasən, artıq pandemiya qurbanlarının sayı 540 min nəfərə yüksəlib və ölüm halları hər gün artmaqdadır. Son günlərin rəqəmləri COVID-19-un miqyasının, bu isə, öz növbəsində, infeksiyanın daha çox yayılması təhlükəsinin artdığını göstərir. Elə ona görə də dünya dövlətləri böyük səbirsizliklə virus əleyhinə peyvəndin yaranacağı tarixi gözləməklə yanaşı, pandemiyanın qarşısını müəyyən qədər almaq üçün karantin tədbirlərini sərtləşdirirlər. Çünki hələ də infeksiya ilə mübarizədə əsas effektli üsul sosial izolyasiya və özünütəcrid sayılır.

Dünyada CovId-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı gündən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə etdi: virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həlli, vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi.

Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, xalqının sağlamlığını düşünərək virusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı, çevik tədbirlər həyata keçirdi. Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin əvvəlində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil olundu. Operativ Qərargahın işinin düzgün təşkili koronavirusla mübarizə strategiyasının effektiv icrasını, qarşıya qoyulan vəzifələrin çevik şəkildə həllini təmin etməyə imkan verir.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli addımlar atıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olundu. Ölkənin xarici aləmlə əlaqələri məhdudlaşdırıldı, sərhədlər bağlandı. Virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq yükdaşımaları və çarter reysləri istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları, digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları dayandırıldı.

Pandemiya ilə mübarizə çərçivəsində səhiyyə, sosial, iqtisadi və s. sahələrdə müxtəlif istiqamətlərdə işlər görüldü. Dövlət koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün lazımi işləri həyata keçirdi.

Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verildi. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan 5-i artıq istifadəyə verilib. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlara cavab verən əlavə tibbi laboratoriyalar alındı və qısa müddətdə onların sayı 26-ya çatdırıldı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin, diaqnostik alətlər və tibbi ləvazimatların ölkəyə gətirilməsi təmin edildi. Həkimlərin xəstəxanalara səfərbər olunması, onların təminatı məsələləri həll olundu, əməkhaqlarının 3-5 misli miqdarında əlavələr verilməsinə başlandı. Ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan problemlər aradan qaldırıldı.

20 mindən artıq vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi, onlar 4-5 ulduzlu hotellərdə karantinə alındı.

Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlılığı, sahibkarlara yardım məqsədilə zəruri tədbirlər görüldü, bu məqsədlərə milyardlarla vəsait ayrıldı. Sosial-iqtisadiyyat sahəsində qısa müddətdə 4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planının əsas mahiyyəti makroiqtisadi sabitliyi qoruyub saxlamaq, iqtisadiyyata dəstək vermək və əhalinin sosial müdafiəsini təmin etmək olmuşdur.

Paralel olaraq, cəmiyyətlə kommunikasiya, əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində ardıcıl və intensiv iş aparıldı. Xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görüldü. Qısa zaman ərzində dövlətin bütün imkanları pandemiyaya qarşı səfərbər olundu. Prezident İlham Əliyevin sərəncamları, çoxsaylı tapşırıqları, gündəlik nəzarəti altında həyata keçirilən səmərəli tədbirlər nəticəsində koronavirusla mübarizədə müsbət nəticələr qazanıldı. Azərbaycan hələ virusun ilk yayıldığı zamandan həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində qlobal böhrandan minimum itkilərlə çıxmağı bacaran ölkələr siyahısında yer aldı.

Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib. Respublikamızın koronavirusa qarşı mübarizə üsulu ÜST tərəfindən digər dövlətlərə nümunə göstərilib.

Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Verilən tövsiyələr, qəbul edilən qərarlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib. Dövlət rəhbəri çıxışlarının birində "Biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı” fikrini səsləndirmişdi. Dövlətimiz insanların sağlamlığını seçdi və düzgün qərarlar qəbul etdi. Lakin müşahidələr onu göstərir ki, vətəndaşların bir qismi öz sağlamlığına qarşı biganədir, qaydalara məsuliyyətsiz yanaşır, maska taxmır. Elə ona görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejiminin yumşaldılması yoluxmaların ciddi artımına səbəb oldu. Bəzi vətəndaşlar yumşalma tədbirlərindən istifadə edərək qaydalara etinasız yanaşdı. Bu da koronavirusa gündəlik yoluxmaların və ölüm sayının artımı ilə nəticələndi. Hazırda hər kəsi narahat edən məsələ statistikanın hələ də yüksək səviyyədə qalmasıdır. Ölkədə karantin rejiminin uzanmasının səbəbi də məhz bu zəncirvari yoluxmanı qırmaqdır.

Koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən asılı deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışı ilə bu pandemiyaya qalib gəlmək olar.

Dövlət üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. İndi qalır vətəndaşların üzərinə düşən vəzifələr. İndiki şəraitdə koronavirusla mübarizədə uğurun əsas şərti məhz vətəndaşların məsuliyyətindən asılıdır. Bu mübarizədə cəmiyyət olaraq birlik nümayiş etdirməli, tətbiq edilən qaydalara ciddi yanaşmalı, tibbi maskalardan istifadə etməli, sosial məsafə saxlanılmalıdır. Bu, hər birimizin şəxsi məsuliyyəti, vətəndaş borcudur. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, ətrafımızı, dolayısı ilə xalqımızı gözəgörünməz düşməndən qoruyaq.

Xəyalə MURADLI,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video