05 Iyul 2020 00:26
3435
CƏMİYYƏT
A- A+

Dünyanı xeyirxah əməllər gözəlləşdirir


Bu il "Könüllülər ili”dir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi haqqında 30 dekabr 2019-cu il tarixli sərəncam imzalayıb. Əsrlər boyu xeyirxahlığı, fədakarlığı, başqalarına könüllü və təmənnasız kömək ənənələrini yaşatmağı özünə borc bilən xalqımız üçün belə bir ilin əhəmiyyəti sərəncamın məzmununda dolğun şəkildə əksini tapıb.


Arzuların ifadəsi


Könüllülük hərəkatının getdikcə daha geniş vüsət aldığı müasir dünyamızda bu prosesin dövlət səviyyəsində dəstəklənməsi əhəmiyyətli dərəcədə vacibdir. Hazırda bu işə daha çox insan qoşulur. Hərəkat ümumilikdə dünyanın inkişafına başqa həmfikirləri ilə birgə töhfə verməyə çalışan gənclərin öz nəcib məqsədlərinə çatmasına böyük kömək göstərir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirir, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı kimi zaman keçdikcə özünü doğruldur.

Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu baxımdan Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi, cəmiyyətimizdə könüllülüyün bir dəyər kimi təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, fərdi inkişafı, müxtəlif sahələrdə bilik və bacarıqlar əldə etməsi, sosial-işgüzar çevrəsinin formalaşması baxımından çox önəmlidir.

Belə bir sərəncamla dövlət rəhbəri həm də Azərbaycan könüllülərinin, ölkəmizdə bu hərəkatın daha da genişlənməsini arzulayan bütün insanların xoş niyyətini ifadə etmiş oldu.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən son illərdə zəruri addımlar atılıb. Normativ-hüquqi baza təkmilləşdirilib. 2009-cu ilin iyun ayında "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Burada könüllülük fəaliyyətinin istiqamətləri, iştirakçıların, onun təşkilatçılarının hüquqları, vəzifələri, bu sahədə beynəlxalq əlaqələr öz əksini tapıb. Dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib. Azərbaycanın hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Könüllülük hazırda gənclərimizin müsbət mənada həyat tərzi olub. "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı və digər könüllü hərəkatları yaranıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdırılıb və onlar qısa müddətdə bir çox uğurlara imza atıblar.


Genetik kodumuza yazılmış dəyərlər


Prezident İlham Əliyev Azərbaycan könüllülərinin fəaliyyətini yüksək qiymətləndirir, ölkə gəncliyinin bu fəaliyyətə marağını təqdir edir və onlara dəstəyini əsirgəmir: "Bir çox ölkələrdə gəncləri birləşdirən təşkilatlar, qurumlar, ictimai birliklər var, o cümlədən Azərbaycanda da. Amma hesab edirəm ki, könüllülər hərəkatı bu ictimai təşkilatlar arasında xüsusi yer tutur. Çünki Azərbaycan könüllüləri həm vətənpərvərdirlər, həm biliklidirlər, həm istedadlıdırlar, həm də Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirirlər. Çünki könüllü olmaq, əslində, bizim milli xarakterimizə uyğundur. Mərhəmət, xeyirxahlıq, bir-birinə kömək göstərmək, mədəni davranış - bütün bunlar bizim genetik kodumuza yazılmış sarsılmaz dəyərlərdir. Sadəcə olaraq, könüllülər xalqımıza xas olan bütün bu müsbət amilləri, əlamətləri özündə cəmləşdirərək, bu gün bir hərəkat kimi fəaliyyət göstərirlər”.


Könüllü olmağın faydaları


Könüllülük bir könül işidir. Bu fəaliyyətə qoşulan hər kəs onun faydalarını qısa zamanda aydın şəkildə görməyə başlayır. Könüllülüyün birinci üstünlüyü başqalarına kömək göstərmək və cəmiyyətə faydalı olmaqdır. Öz bilik və bacarıqlarını fərqli mühitdə tətbiq etmək bu işin daha bir üstünlüyüdür. İnsanlar könüllülük fəaliyyətinə həm də yeni dostlar tapmaq, geniş işgüzar çevrə formalaşdırmaq, özlərinə inam yaratmaq üçün qoşulurlar. Hansısa nəticəni əldə etmək və özünə dəyər vermək hissinin formalaşması da könüllülük fəaliyyətinin bir insana qazandırdığı ən böyük üstünlükdür.

Xalqımızın tarixi keçmişindən gələn könüllülük fəaliyyətinin Azərbaycanda müasir dünyanın çağırışlarına uyğun şəkildə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verildi.

Könüllülüyün ölkəmizdə ictimai bir hərəkat kimi genişlənməsi isə Prezident İlham Əliyevin təşəbbüsü, birbaşa dəstəyi ilə yaradılaraq qısa müddətdə bütün dünyada bir Azərbaycan brendinə çevrilən "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə davam etdi. İlk mərhələdə əsas vəzifə savadlı və bacarıqlı gənclərimizin bu mərkəzlərin işinə fəal şəkildə cəlb olunaraq vətəndaşlarımıza kömək göstərməsi idi. Bu yöndə həyata keçirilən təşəbbüslər ölkəmizdə könüllülər hərəkatının inkişafına böyük təkan verdi. Bu hərəkat başqa sferaları da əhatə edərək müxtəlif layihələrin uğurla icrasına böyük imkanlar yaratdı.

Ölkəmizdə könüllülər hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. "Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir”, - deyən Mehriban xanım könüllülüyün cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ etdiyini xüsusi vurğulayıb. Xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı bizlərə ancaq qürur hissi yaşadır. Dövlətimizin diqqətindən qaynaqlanaraq milli ruhda tərbiyə alan, Azərbaycanın maraqlarını layiqincə qoruyan gənc nəslin və pandemiya dövründə geniş vüsət almış könüllülər hərəkatının xüsusi əhəmiyyəti misilsizdir, bu, cəmiyyətdə xeyirxahlıq və yeni davranış qaydaları təbliğ edir.

Gənclərimiz ölkəmizdə təşkil edilən "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində, I Avropa Oyunlarında, "Formula-1” yarışlarında, İslam Həmrəyliyi Oyunlarında böyük fədakarlıq göstərdilər. Bu beynəlxalq tədbirlərin uğurla keçirilməsinə töhfə verdilər. Bütün bunlar Azərbaycanda könüllülük fəaliyyəti üçün zəngin təcrübə formalaşdırdı. Bu təcrübənin davamını indi ən müxtəlif sahələrdə - vətənpərvərlik tərbiyəsi işində, ekoloji layihələrdə, təhsil, mədəniyyət, incəsənət tədbirlərində hər birimiz müşahidə etməkdəyik.


Strateji inkişaf yolumuz


Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında, mədəni sərvətlərimizin qorunması və dünyada təbliğində də könüllülərimiz çox fəaldırlar. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT Azərbaycanda yaranmış və inkişaf edən könüllülər hərəkatını yüksək qiymətləndirir. Azərbaycan könüllüləri öz kreativlikləri, təşəbbüskarlıqları, innovativ düşüncə tərzləri və müasir dünyagörüşləri ilə ölkəmizin, cəmiyyətimizin inkişafına yeni nəfəs gətirirlər. Azərbaycan Prezidentinin ölkə gəncliyi, o cümlədən könüllülük hərəkatının əsasını təşkil edən gənc nəslin nümayəndələri qarşısında qoyduğu böyük vəzifələr var: "Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünyagörüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq. ...Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır”.

"Könüllülər ili”nin formalaşdırdığı ənənələr və dəyərlər də ölkəmizin bu günü və gələcəyinə böyük töhfə olacaq.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video