Alternative content

17:23 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı xanlarının sarayı
Bakı xanlarının sarayı
ANA SƏHİFƏ / Mədəniyyət
00:15 05.07.2020


Şəhərlər bir növ canlı orqanizmdir. Hər şəhərin özünəməxsus taleyi vardır. Bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınır, bir qismi talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olur, digərləri isə əlverişli təbii iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığının inkişafına görə çiçəklənərək şöhrət qazanır. Bakı məhz belə şəhərlərdəndir.

1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazisində 20-dən çox kiçik feodal dövlətləri olan xanlıq və sultanlıqlar yaranmışdı. Bakı xanlığı isə ərazisinə görə yığcam olsa da, Azərbaycanın şimalında yaradılmış çox önəmli və strateji siyasi dövlət qurumlarından biri idi. Xanlar feodal zümrəsinin ali təbəqəsi olmuşlar. Bakı xanlarının sarayında I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu 1747-1765-ci illər), Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu 1765-1784-cü illər),

II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu 1784-1791-ci illər), Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu 1791-1792-ci illər), Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu 1792-1806-cı illər) yaşamış və xanlığı idarə etmişlər.

Bakının Rusiya imperiyası tərəfindən 1806-cı ildə üçüncü işğalı (birinci işğal 1723-cü ildə general-leytenant M.A.Matyuşkin, ikinci işğal 1796-cı ildə general V.Zubov tərəfindən olmuşdur) zamanı İçərişəhər ərazisində bir neçə tarixi məhəllə sökülmüş, o cümlədən də Bakı xanlarının yaşayış yerindəki bəzi binalar qismən dağıdılmışdı. Həmin ərazidə Bakı qarnizonunu yerləşdirmək üçün əsgər kazarmaları tikilmişdi.

"Bəy” titulundan yuxarıda duran xanlar cah-cəlallı sarayları, malları-mülkləri, var-dövlətləri ilə həmişə seçilmişdilər. Bakı xanlarının sarayı zənginlik və gözəlliyi ilə nəinki rus generallarını, hətta adi əsgərləri belə məftun etmişdir. Vaxtilə indiki Qoşa Qala qapısının yaxınlığındakı beş həyətdə yerləşmiş saray portalda yazılmış tarixə əsasən, 1750-1751-ci illərdə bir neçə mərhələdə inşa edilmişdir.

Bakı xanları inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyətini əllərində cəmləşdirib, xanlığı öz mülkləri kimi idarə edirdilər. Öz bayrağı olan və sikkələr zərb etdirən xanların divanı vardı ki, burada bütün vergi, müharibə və sülh, eləcə də digər mühüm dövlət məsələləri həll edilirdi.

Bakının xan sarayının ərazisindəki kompleks bir neçə binadan ibarət olmuşdur. Bunlar "Məscid binası”, "Qonaq evi”, "Yataq evi”, "Tövlə” və "Gülüstan”dan - yəni hovuzdan ibarət idi. Bu ərazidə su kəhriz sistemi, hamam və ovdan da vardı.

Alman səyyahı Samuil Qmelin 1785-ci ildə Sankt-Peterburqda nəşr edilmiş "Puteşestvie po Rossii” kitabının III hissəsində Bakı xanlarının sarayından da bəhs edilir.

Bundan başqa, Bakı xanlarının Abşeronda da mülkləri və böyük bağları olmuşdur. Onların indiki Nəsimi heykəli və Milli Bank yerləşən ərazisindəki bağları çox möhtəşəm idi. Bu barədə 1858-1866-cı illərdə Bakıda olan və unikal bir xəritə hazırlayan hidroqraf, kapitan-leytenant A.F.Ulski Bakı xanlarının sarayı, onların bağları və mülkləri haqqında çox maraqlı məlumat təqdim etmişdir. Onun xəritəsində bu bağ "Xanskiy sad” kimi qeyd olunur. A.F.Ulski yazırdı: "Bağın mərkəzində böyük mülk ucalır. Yamyaşıl və güllü-çiçəkli, hovuzlu bağda ceyran, cüyür və tovuz quşları var, həmçinin bülbüllərin oxuması insanı valeh edir”.

XIX əsrin sonlarında nəşr olunan "Zakavkazskiy kray - zametki” adlı kitabda Azərbaycan xanlıqlarında vəzifələr, sarayların təminatı, Hüseynqulu xanın qala daxilindəki sarayının ümumi ğörüntüsü haqqında maraqlı məlumatlar öz əksini tapmışdır.

Digər bir mənbə, XVII əsrin sonlarında, daha doğrusu, 1684-cü ilin yanvar ayında Səfəvi hakimiyyəti dövründə Bakıda olan almanəsilli həkim-təbib, etnoqraf və səyahətşunas-alim Engelbert Kempfer də məhz Bakı xanlarının sarayı yerləşən ərazidə gözəl və yaraşıqlı mülklərin olduğunu yazırdı.

Bakı xanlığının əsasını Dərgahqulu bəyin atası Hüseyn bəy Məhəmməd (hakimiyyət dövrü 1718-1723) qoymuşdur. Amma 1723-cü ildə I Pyotrun general Matyuşkinin başçılığı altında Bakı şəhərinə göndərdiyi hərbi ekspedisiya zamanı şəhəri ruslara müvəqqəti təhvil verdiyi üçün xəyanətdə ittiham edilərək Nadir şah tərəfindən vəzifəsi əlindən alınmış, oğlu Dərgahqulu bəy xan kimi təsdiqlənmişdir. O, 1731-ci ilə qədər hakimiyyətdə olmuş və 1736-cı ildə döyüşlərin birində yaralanaraq dünyasını dəyişmişdir. Dərgahqulu bəyin oğlu, 11 yaşlı Mirzə Məhəmməd (I Mirzə Məhəmməd 1747-1768) Nadir şahın ölümündən sonra növbəti Bakı xanı olmuşdur.

Bakı xanlarının evinin yerindəki məhz xanlığa aid ilk ikimərtəbəli "Yataq evi” adlanan bina 1730-cu illərdə məhz Dərgahqulu bəy tərəfindən inşa edilmişdir. İkimərtəbəli, 7 otaqlı bu bina vaxtilə çox gözəl və zəngin çalarlarla bəzədilmişdi. Lakin rus ordusunun qarət və özbaşınalığı ucbatından bina xeyli zərər görmüşdü.

O zaman Azərbaycanın daxili siyasi vəziyyəti rus işğalları üçün əlverişli şərait yaradırdı. Öz qüvvələri ilə Rusiya və Qacarlara müqavimət göstərə bilməyəcəklərini anlayan Azərbaycan xanları Rusiyanın onların istiqlaliyyətlərini bərpa edəcəyinə inanırdı. Bu isə yerli xanların Rusiya təcavüzünə qarşı vahid cəbhəsini təşkil etməyə imkan vermirdi. 1802-ci ilin sentyabr ayında Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilmiş qədim gürcü zadəgan nəslinin nümayəndəsi, Azərbaycan xalqına qarşı kəskin münasibətilə fərqlənən general Pavel Sisianov Cənubi Qafqazda rus müstəmləkə siyasətinin icraçısı olmuşdu.

1802-ci ildə Həsənəli xan vəfat etdikdən az sonra Şeyxəli xan Dərbəndi yenidən Quba xanlığına birləşdirib, Bakı xanlığına öz iddiasını bildirir. Sisianov bundan bərk hiddətlənərək Dərbəndi ələ keçirmək istəyir. O, 1803-cü ilin yanvar ayında qraf Vorontsova yazırdı ki, "əlverişli vaxtda Dərbəndi tutmaq lazımdır, çünki bu, mənə verilmiş göstərişin ümumi planına uyğundur.” Çar isə bütün dağlı hakimlərin etimadını itirməkdən çəkinərək hələlik Quba xanlığına hücuma razılıq vermir.

XVIII əsrdə Rusiyanın Azərbaycana iki hücumu Dərbənddən keçməyə yönəlmişdisə, bu dəfə hücum Car-Balakən və Gəncə istiqamətindən başlayır. Çünki 1801-ci ildə Şərqi Gürcüstan birləşdirildikdən sonra Rusiya burada əlverişli şərait əldə etmişdi. Sisianov ilk zərbəni Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə yerləşən Car-Balakənə yönəldir. 5 minlik gürcü qoşununun da yardım etdiyi general Qulyakovun başçılığı ilə rus hərbi hissələri 1803-cü ilin mart-aprel aylarında yerli əhalinin müqavimətini amansızcasına qırıb Balakəni ələ keçirir və yandırırlar. Sonra isə Car işğal edilir.

Rus qoşunlarının Azərbaycana sonrakı irəliləyişi Gəncə qalasından başlayır. General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Sisianov şəhəri təslim etməyi tələb edir və bildirir ki, tələbi qəbul olunmasa, "Gəncəyə atəş və qılıncla gələcək”. Cavad xan işğalçının tələblərini rədd edir. Bir ay davam edən mühasirədən sonra 1804-cü il yanvarın

2-dən 3-nə keçən gecə rus qoşunları həmlə ilə Gəncəni işğal edirlər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşərək həlak olurlar. Gəncə xanlığı ləğv edilir və dairəyə çevrilir. Şəhərin adı dəyişdirilərək, I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol qoyulur.

1805-ci ilin avqust ayında rus hərbi donanması Bakı limanına yaxınlaşır. Hüseynqulu xan təslim olmaq tələbini rədd etdiyindən donanmanın komandanı general Zavalişin şəhəri atəşə tutur və mühasirəyə alır. Hüseynqulu xan İran şahından yardım istəyir. Şahın vəliəhdi Abbas Mirzə urmiyalı Əsgər xana öz qüvvələri ilə Bakının yardımına getməyi əmr edir. Bu zaman qubalı Şeyxəli xan da Bakıya yardım etməyə hazırlaşırdı. General Zavalişin Bakıya İran və Quba tərəfindən yardım ediləcəyindən xəbər tutaraq Bakı ətrafından çəkilir və Lənkəranın yaxınlığındakı Sara adasında düşərgə salır.

Şamaxını tabe edən general Sisianov 1806-cı ilin fevralında özü böyük qoşunla Bakı ətrafına gəlir və qüvvələrini general Zavalişinin desant dəstəsi ilə birləşdirir. Sisianov Hüseynqulu xanı Rusiya təbəəliyini qəbul etməyə çağırır. Hüseynqulu xan müəyyən şərtlərlə razılaşdığını bildirir və fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə onu Qala darvazalarının önündə gözləyən Hüseynqulu xanın görüşünə gedir. Görüş zamanı Sisianov Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. General Zavalişin rus qoşunlarını Bakıdan Sara adasına, oradan da Qızlara aparmağa məcbur olur. Dörd ay sonra 1806-cı il iyunun 2-də general İvan Qudoviç Qafqazdakı rus qoşunlarının baş komandanı təyin olunur və onlar yenidən Azərbaycanda fəallaşırlar. 1806-cı il oktyabrın 3-də Bakını döyüşsüz tutan ruslar növbəti hədəf kimi Qubanı seçirlər. Bakıda bir batalyon və Bakı limanında hərbi donanma saxlayan general Bulqakov noyabr ayının 11-də Qubaya doğru hərəkət edir.

Bakının tutulması və general Sisianovun qətli haqqında beşcildlik "Qafqaz muharibəsi”nin I kitabındakı "Bulqakov” fəslinin muəllifi A.Potto yazır ki, "...1806-cı ilin yayında "İnfanteriya (piyada qoşunları) generalı Sergey Alekseyevic Bulqakov artıq Dərbənddə idi. Qoşunlar gələcək yüruşə tam hazır olduqdan sonra general onları Quba və Qazıkumık əyalətlərindən yan kecərək, birbaşa Bakıya apardı. O, şəhərə yaxınlaşanda bəyannamə göndərib sakinləri rus imperatorunun mərhəmətinə sığınmağa cağırdı və əks təqdirdə "məğlubedilməz qoşunlarla şəhərin bünövrəsini silkələməklə” hədələdi. Bakı xanının yaxın adamlarından biri Süleyman bəy bəyannaməyə cavab olaraq Bulqakova catdırır ki, xan əfv edilməsə, şəhər sona qədər müdafiə olunacaq, əhali hökmdardan iznsiz hec nəyə qol qoymayacaqdır...”

O dövrün müasirlərinin söylədiyinə görə, Xan sarayının çox zəngin və gözəl tərtibatı olmuşdur. 1837-ci ildə Sankt-Peterburqda dərc edilmiş "Kavkazüı ili podviqi i jiznğ zameçatelğnıx liü, deystvovavşix na Kavkaze” adlı kitabda 1806-cı ildə Bakının ruslar tərəfindən işğalı, Xan sarayının qarət olunması belə təsvir edilir: "Bakı xanının Bulqakov üçün təmizlənmiş sarayında bizim zabitlərin diqqətini divarlarda yağlı boya ilə ustalıqla çəkilmiş və qızıla tutulmuş döyüş səhnələri əks edilmiş tarixi şəkillər çəkdi. Onları uzun iskənələrlə divarlardan qopardılar. Təəccüblüdür ki, bəziləri hətta heç pozulmamışdı da. Ümumiyyətlə, bu ev çox zəngin idi: qapı və çərçivələr qırmızı çinar ağacından idi, çoxlu qiymətli xalçalar, ipək parçalar, hətta Şərq adətinin əksinə olaraq güzgülər vardı. Görünür ki, xan çıxıb getməyə heç də tələsmirdi. Bütün bu var-dovləti bizimkilər elə təmizlədilər ki, heç nə qalmadı”.

Nəhayət, bütün bu faktları təsdiqləyən yeni tapıntı isə alman etnoqraf və rəssamı A.V.Kizevetterin "Sonuncu Bakı xanının güzgülü zalı”nın yağlı boya ilə çəkilmiş çox qiymətli rəsmi olmuşdur. Son orta əsrlərdə, hətta XVIII əsrin sonlarınadək Azərbaycan saraylarının bədii tərtibatından məlum olduğu kimi, burada aynabəndlik texnikasından geniş istifadə edilmişdir.

Bu nadir rəsm əsəri Xan sarayının bu günədək naməlum olan daxili interyeri haqqında ilk vizual məlumatı verən çox qiymətli tapıntıdır. Çünki biz indiyədək "güzgülü qonaq otağı” haqqında yalnız mənbələrdən, hərbi yazıçı və səyyahların yazılarından, həmçinin xalq deyimlərindəki rəvayətlərdən başqa bir şey bilmirdik. Əsərdəki görüntülər yuxarıda adı çəkilən mənbələrdə sözlə təsvir edilən məlumatlarla üst-üstə düşür. Rəsmdə güzgülü zalın interyerində çox güman ki, Bakı xanlarının nəslindən olan xan və xanzadələrin portretləri əks edilən məşhur divar rəsmlərinin, qızılla işləmələrin, yer döşənəcəklərinin, fəvvarə və memarlıq detallarının aydın təsviri verilmişdir. Rəssam bu əsərdə otağın gözəlliyini və tavanının da bəzək ornamentlərini vurğulaya bilmişdir.

Bu otaq orta əsr Azərbaycan saraylarına xas olan böyük otaqların ən yuxarı hissəsini rəngli şüşəli şəbəkələrlə bəzəyən, "şahnişin” adlanan taglı artırma ilə tamamlanır. Şahnişində hər iki kənar hissədə yenə də xalılarla döşənmiş hündür kürsülər, mərkəzdə isə fəvvarə aydın görünməkdədir. Rəsm əsəri o qədər ustalıq və dəqiqliklə, yüksək zövq və rəng çalarlarının zənginliyi ilə seçilir ki, səviyyəli foto çəkilişindən geri qalmır.

Şahnişin əslində yalnız saraylara məxsus və sarayda küçənin, həmçinin həyətin yan tərəfinə baxan otağın ikinci və ya daha yüksək mərtəbəsində şahlara və yaxud xanlara layiq çıxıntılı, balkon tipli bir yerdir. Şirvanşahlar Saray Kompleksinin saray binasındakı "şahnişin” öz əzəmətli və möhtəşəm memarlıq üslubu və gözəlliyi ilə insanı valeh edir.

Məlumdur ki, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış bütün xanlıqlarda hər bir xanın özünəməxsus saray tikilisi və saray interyeri olmuşdur. Onları birləşdirən həm ümumi, həm də fərqli cəhətlər vardır. İrəvan, Şəki, Gəncə xan saraylarının divar və tavanlarına yağlı boya ilə qızıla tutulmuş təbiət təsvirləri, döyüş səhnələri və portretlər çəkilmiş, stalaktitlər, buxarı və taxçalar güzgülərlə işlənmişdir. Xan saraylarının ən böyük zallarında o dövrə xas fəvvarələrin olması da mütləq idi. Şamaxı xan sarayı da Şəki xan sarayı kimi, zəngin divar rəsmləri ilə bəzədilmişdi.

Xan sarayları ümumi quruluşlarına, eksteryer və interyerlərinə görə fərqlənsələr də, eyni struktura və memarlıq üslubuna malikdirlər. Maraqlıdır ki, digər sarayların xarici interyeri də daxili qədər zəngin olduğu halda, Bakı xan sarayının fasad quruluşu çox sadədir. Lakin Bakı xan sarayı böyük bir kompleksə malikdir, yəni bir neçə bina, məscid, hamam, ovdan, təsərrüfat həyəti, mətbəx, su arıtma və su təchizatı sistemi, hovuzlu bağ-baxçalı həyət və müxtəlif təyinatlı mülklərdən ibarətdir. Bakı xan sarayı bəzi memarlıq detallarından başqa, demək olar ki, hər cür bər-bəzək elementlərindən məhrumdur. Sadə, lakin sərt və əzəmətli xarici quruluşu Bakı memarlığı üçün xarakterik idi. Şirvanşahlar sarayının daxili interyeri də vaxtilə zəngin kaşılarla bəzədilmiş olsa da, xaricdən bir o qədər əzəmətli, lakin sadədir.

2015-ci ildə hamam kompleksində aparılan tədqiqat işləri, həmçinin Moskva və Sankt-Peterburq şəhərlərinin dövlət arxivlərindən gətirilmiş xəritələr üzərində aparılan araşdırmalar nəticəsində bu kompleksin ayrıca divarlarının və hamam hasarının iki darvazasının olması aşkar edilmişdi.

XVIII əsrin II yarısı və XIX əsrdə İçərişəhərin mükəmməl qrafik xəritələrini hazırlayan rus hərbi hidroqrafları şimal qala qapısına (Qoşa Qala qapıları) yaxın su anbarının və bir məhəllə məscidinin olduğunu da xəritədə qeyd etmişlər. Bu ərazidə geniş arxeoloji qazıntılar aparılmadığından əfsuslar olsun ki, xəritələrdə qeyd edilən bir neçə abidə aşkar olunmamış və hələ də torpaq altında qalır.

1919-cu ildən sonra kompleksdə daha bir neçə dəyişikliklər edilmişdir. Belə ki, ötən əsrin 30-cu illərində hamamın ərazisindən kanalizasiya və su xətlərinin çəkilməsi NKVD-nin qərarı ilə həyata keçirilmişdir. 2015-ci ildə arxeoloji qazıntılar zamanı həmin 3 sıra azbes boru aşkar edilmiş və fotofiksasiya edilərək arxivləşdirilmişdir.

Hamam kompleksinin əsas qapısı Bakı xanlarının saray kompleksinin Qala divarına bitişik divarı yanında olduğundan, demək olar ki, bu hamam saraya aid olmuşdur.

Araşdırdığımız xəritələrdən bəlli olur ki, saray kompleksinin təsərrüfat həyəti nisbətən daha geniş və aydın oxunan formadadır. Burada mətbəx, yemək otaqları, xidmətçi otaqları, xörəkbişirmə otaqları, saxlama otaqları sutənzimləmə-paklaşdırma (su arıtma sistemi) və təmizləmə qurgusu, anbarlar, quyular, təndirlər yerləşir.

Həyətdə əsas tağlı girişlə üzbəüz dulusçu emalatxanası da mövcud olmuşdur. Kompleksin həyətində məscid və bu məscidin də ayrıca həyəti, minarəsi və ikiyaruslu otaqları var imiş. Bu fakt da xəritədə öz əksini tapmaqdadır. Həyətdə ovdan yaxınlığında gizli yeraltı yolun da olması və bu yolun arxeoloji parkın ərazisindən keçən yeraltı yol ilə bağlantısını da xalq arasında söyləyirlər. İkinci bir yeraltı yolun da Qoşa Qala qapılarının altından keçərək indiki Həsən Əliyev küçəsi istiqamətindəki yeraltı yol ilə bağlantısı olduğu da bizə məlumdur. Digər tərəfdən xəritəyə baxdıqda başqa bir yeraltı yolun olduğu anlaşılır.

Eləcə də yeni tapılmış yeraltı hamamı da Xan Sarayı Kompleksinin bir tərkib hissəsi kimi qəbul etmək olar. Belə ki, məşhur türk səyyahı Övliya Çələbi 1647-ci ildə İrəvan xanının bacısını almış Bakı xanı Əşrəf xanın toyunda iştirak etmək üçün 10 gün Bakıda qonaq olmuşdur. O, "Səyahətnamə”sində Bakı qalasındakı üç hamamdan bəhs etmiş, lakin Mirzə xan hamamının daha xoş olduğunu xüsusi qeyd etmişdir.

Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı xan sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, konservasiya və bərpa işlərindən sonra muzey kimi ictimaiyyətə təqdim ediləcək.

Kamil İBRAHİMOV,

professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM