04 Iyul 2020 00:37
3161
İQTİSADİYYAT
A- A+

Azərbaycan dövlətinin turizm sektoruna verdiyi dəstək təqdir olunur


Doğrusu, indiki çətin zamanda nikbin mövzudan - turizmdən danışmaq adamda istər-istəməz ani də olsa xoş əhval yaradır, COVID-19-un ən yaxın gələcəkdə həyatımızı tərk edəcəyinə inamı artırır.

Yavaş-yavaş da olsa inanmağa başlayırıq ki, çox çəkməyəcək, yenə də məzuniyyətimizi harada və necə keçirməyimizi planlaşdıracağıq, istirahət və bayram günlərində "piknik” üçün seçəcəyimiz yeri götür-qoy edəcəyik, xarici qonaq qəbul edib, xaricə qonaq gedəcəyik.

Bəli, bu gün iqtisadiyyatın aparıcı və gəlirli sahələrindən olan turizm təkcə ölkə üzrə ÜDM-dəki çəkisinə görə yox, həm də əhalinin sosial durumuna qiymət vermək sarıdan əvəzsiz sektordur. Elə bu səbəbdən mütəxəssislər pandemiyanın ən çox ziyan vurduğu sahələrdən danışarkən ilk növbədə turizm sektorunu qeyd edirlər. Dünyanın 150-yə yaxın ölkəsinin sərhədlərini bağlaması adi statistika deyil. Bu, turizm sektorunun dünya üzrə 1,5 trilyon dollar itkiyə məruz qalması deməkdir. Əgər nəzərə alsaq ki, COVID-19 hələ meydan sulamaqda davam edir və ÜST pandemiyanın nə vaxt ləğv ediləcəyi tarixi açıqlamaqda çətinlik çəkir, həmin rəqəmin artacağı şübhəsizdir.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Polikaşvili arasında videokonfransın keçirilməsinin əhəmiyyəti böyükdür. Əvvəla, ÜTT-nin təşəbbüsü ilə keçirilən bu videokonfransdakı müzakirələrdən məlum oldu ki, dünya artıq pandemiyadan sonrakı dövrə hazırlaşır. Bu isə, qeyd etdiyimiz kimi, əhalinin COVID-19 sindromundan qurtulub normal həyata dönməsi üçün vacib amildir. İkincisi, videokonfransda Z.Polikaşvilinin pandemiyadan sonrakı dövrdə ÜTT-nin ölkəmizdə turizm sektorunun dirçəlməsi üçün tövsiyə və köməyini əsirgəməyəcəyini bildirməsi bir daha sübut etdi ki, Azərbaycan sürətlə dünyanın turizm mərkəzlərindən birinə çevrilir və dövlətin bu prosesdə iştirakı təqdirəlayiqdir.

Bunu təsdiqləyən digər fakt bir il əvvəl ÜTT İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsi və Z.Polikaşvilinin Ümumdünya Turizm Təşkilatının Baş katibi seçildikdən sonra ilk səfərlərindən birini Azərbaycana etməsidir. Prezident İlham Əliyev videokonfransda həmin hadisələrə belə qiymət vermişdir: "Görüşümüz yadımdadır. O zaman siz nisbətən yaxın vaxtda Ümumdünya Ticarət Təşkilatının Baş katibi kimi mühüm vəzifəyə seçilmişdiniz. Zənnimcə, sizin ilk səfərlərinizdən biri Azərbaycana olub. O vaxt biz görüşdük və birlikdə turizm sərgisinə getdik. Beləliklə, görüşlərimizi xatırlayıram və keçən il Bakıda ÜTT İcraiyyə Şurasının iclasında iştirak etdiyinizə görə də sizə təşəkkürümü bildirmək istərdim. Belə bir mühüm beynəlxalaq təşkilatın Şura iclasının Bakıda keçirilməsini biz Ümumdünya Turizm Təşkilatı tərəfindən dostluq və dəstək əlaməti kimi qiymətləndiririk”.

ÜTT-nin Azərbaycana nümayiş etdirdiyi bu münasibətin isə əsaslı səbəbləri var. Və o səbəblərdən biri pandemiyadan əvvəl Azərbaycanın turizm sektorunun sürətlə inkişaf etdiyi ölkələr sırasında olmasıdır. Təkcə keçən il ölkəmizə 3 milyondan çox əcnəbi turist gəlmişdir ki, bu da əvvəlki ilə nisbətən 15 faiz artım deməkdir. Son 4-5 ili götürsək, bu artım 10-24 faiz civarında olmuşdur.

Azərbaycanın özəlliklərindən biri də odur ki, ölkəmizdə turizm həm dövlətin, həm də özəl sektorun sərmayələri hesabına inkişaf edir. O layihənin ki, icrasında dövlətin maddi dəstəyinə ehtiyac var, problem yoxdur - dövlət iş adamının yanındadır. O layihə ki, külli miqdarda investisiya tələb edir, yenə dövlət yaxasını kənara çəkmir - bütün vasitə və imkanları ilə sahibkarı tək qoymur.

Elə bu çətin günlərdə də dövlət bütün özəl sahələrdə işləyənlər kimi, pandemiyadan ən çox ziyan çəkən turizm sektorunda çalışanlara da hər cür kömək edir. Prezident İlham Əliyev videokonfransda bu barədə demişdir: "Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”.

Bəs, Prezidentin bu sözlərinin arxasında nə dayanır? Yenə də dövlət başçısından sitat: "Biz turizm sektorunun işçilərinin əməkhaqlarının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə də mən hökumətə məlumat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin”.

Amma bu da turizm sektorunda çalışanlar üçün pandemiya dövründə yeganə xilas yolu deyil. Sərhədlər bağlı olduğundan daxili turizmə tələbatın artmasını nəzərdə tuturuq. Düzdür, videokonfransda da qeyd olunduğu kimi, bu, bütünlükdə vəziyyətdən çıxmaq üçün çox azdır. Amma bütün hallarda heçdən çoxdur və indiki vəziyyətdə bundan istifadə edib sektoru müəyyən qədər ayaqda saxlamaq lazımdır. Xüsusən də dövlət başçısı buna dəstək verirsə: "...pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda bütün turizm infrastrukturunun, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər.

Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər”.

Bu yerdə biz haşiyəyə çıxmaq istərdik. Məsələ bundadır ki, adətən daxili turizmdə əsas iştirakçı paytaxt sakinləridir. Yəni regionlardakı istirahət mərkəzlərinə üz tutanların əksəriyyəti adətən Bakıda yaşayanlar olur. Bakıdan isə məlum səbəblərdən ən yaxşı halda iyul ayının üçüncü ongünlüyünəcən regionlara gediş-gəliş mümkün olmayacaq. Deməli, sözügedən sektorun daxili turizm hesabına vəziyyətdən müəyyən qədər çıxması sərt karantin tədbirlərinin nə qədər davam edəcəyindən, dolayısı ilə bizim həmin tədbirlərə nə dərəcədə məsuliyyətlə yanaşacağımızdan asılıdır.

Bununla birlikdə bütün dünya, o cümlədən Azərbaycan pandemiyanın ləğvindən sonra turizm sektorunun bərpa yolları üzərində çalışır. Hərçənd bu, elə də asan məsələ deyil, külli miqdarda vəsait tələb edir. Elə COVID-19-un üzündən yaranan iqtisadi böhranda həmin vəsaiti tapmaq da problemdir. Amma belə bir vəziyyətdə Azərbaycan turizm sektorunun postpandemiya dövründə dirçəlməsi üçün bütün tədbirləri görməkdə israrlıdır. Prezident İlham Əliyev: "Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq... biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcəyik, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var”.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video