03 Iyul 2020 13:31
988
CƏMİYYƏT
A- A+

Yeni yaradılan publik hüquqi şəxslər sosial müdafiə sahəsində vətəndaşlara daha yüksək səviyyədə xidmətlər göstərəcək

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və nizamnamələri təsdiqlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AZƏRTAC-a müsahibəsində nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması, həmin qurumların fəaliyyətində baş verəcək dəyişikliklər və bunları zəruri edən səbəblər barədə danışıb. O deyib:

- Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmin siyasətin növbəti təzahürləri kimi, ötən il həyata keçirilən və sosial sahədə inqilabi addımların atılmasını təmin edən sosial paketlər 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək oldu.

Eləcə də son aylarda pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaş məşğulluğa və sosial rifaha dəstəkyönümlü tədbirlərlə əhatə olundu. Bununla bütün sosial ödənişlərin, istər əməkhaqlarının, istərsə də bu gün 2,3 milyondan çox insanı əhatə edən sosial müdafiə xarakterli ödənişlərin – pensiya, müavinət, təqaüd, sosial yardım və s. mütəmadi artırılması, eyni zamanda, onların davamlılığı təmin edilir.

Bununla bərabər, dövlət başçısının sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, çevik və optimal mexanizmlər üzərində qurulması, bu xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Prezidentin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi, həmçinin ötən il və bu ilin keçən dövründə yaradılan 3 DOST mərkəzi həmin hədəfə nail olunmaqda mühüm uğurdur. 132 xidməti bir pəncərədə təqdim edən DOST mərkəzlərinin xidmətlərindən məmnunluq səviyyəsi 96 faiz üzərindədir.

DOST Agentliyi də nazirliyin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir və bu uğurlu təcrübənin 30 iyun 2020-ci il tarixli Fərmanla yeni publik hüquqi şəxslərin yaradılmasında da mühüm bir nümunə kimi çıxış etdiyini qeyd etmək olar. Ümumilikdə isə Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyi kimi publik hüquqi şəxslərin yaradılması məşğulluq, sosial müdafiə, sosial xidmət, əlillik, reabilitasiya sistemlərinin əhalinin müvafiq qruplarına daha yaxın sistemlər kimi qurulmasına yönəlik islahatların məntiqi davamıdır və vətəndaşlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsinə, bu xidmətlərin çevikliyi və əlçatanlığının, şəffaflığının təmin edilməsinə hesablanıb. Bu, çox ciddi bir struktur islahatı olmaqla, mahiyyətcə həmin qurumların fəaliyyətində inzibati idarəçiliyin birbaşa əhaliyə xidmət modeli ilə əvəzlənməsinə imkan verir.

- Aparılan struktur islahatı sosial müdafiə sahəsində xidmətlərə hansı yeniliklər gətirəcək?

- Nazirliyin müvafiq qurumları - Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əsasında artıq publik hüquqi şəxs olması həmin qurumların əhaliyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Onlar həm öz fəaliyyətlərini daha sərbəst şəkildə həyata keçirməklə, vətəndaşlara daha yaxın olmaq, sosial məsələlərə, vətəndaş müraciətlərinə daha adekvat və çevik reaksiya vermək, ortaya çıxan məsələləri praktik müstəvidə daha operativ və təkmil formada həll etmək, fəaliyyətlərinin ictimai faydalılığını artırmaq üçün yeni imkanlar, funksiyalar qazanacaqlar. Bu, həmin qurumların xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.

Misal üçün, bu gün Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası sahəsində fəaliyyət göstərən, eyni zamanda, 2,3 milyondan artıq şəxsə aylıq sosial təminat növləri üzrə ödəniş həyata keçirən bir qurumdur. Bu qurumun publik hüquqi şəxsə çevrilməsi onun Nizamnaməsi ilə qarşısında duran vəzifələrin yerinə yetirilməsində, vətəndaşlara xidmətlərin daha səmərəli və keyfiyyətli təşkilində, ümumən qarşısında duran məqsədlərə nail olmasında yeni hüquqlar və əlavə imkanlar qazandırır. Yəni, nəticə etibarilə, bu mühüm struktur dəyişikliyi DOST nümunəsində olduğu kimi, əhaliyə dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipinə uyğun təşkili və göstərilməsi üçün fəaliyyət dairəsini xeyli genişləndirir.

- Yeni yaradılan Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs hansı işləri görəcək?

- Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərindən biri də çətin həyat şəraitində yaşayan şəxslərin sosial-psixoloji vəziyyətini, onların məişətini çətinləşdirən problemlərin aradan qaldırılmasına yönələn sosial xidmətlərin göstərilməsidir. Bu sahədə fəaliyyət "Sosial xidmət haqqında” Qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir.

Son illərdə sosial müdafiə sistemində aparılan islahatlar sosial xidmətlər sisteminin də qabaqcıl dünya praktikasına uyğun şəkildə təkmilləşdirilməsinə, cəmiyyətin həyatında, sosial məsələlərin həllində bu xidmətlərin rolunun artırılmasına yönəlib. Həmçinin son illərdə sosial xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Stasionar, yarımstasionar və evdə xidmət formasında 20 mindən çox insan sosial xidmətlə əhatə edilir.

Daimi dövlət təminatında yaşayanlara stasionar şəraitdə sosial xidmətlərlə, həmçinin tənha, yaşlı və əlilliyi olan şəxslərə evlərində sosial xidmətlər göstərilməklə yanaşı, digər bir çox həssas qruplardan olan insanlar da sosial xidmətlərlə təmin olunur.

Dövlət sosial sifarişləri əsasında qeyri-hökumət təşkilatları tərəfindən bir çox layihələr əsasında sosial xidmətlər də göstərilir. Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi, icma əsaslı sosial reabilitasiya mərkəzləri, surdoloji mərkəzlər və s. yaradılıb.

Digər tərəfdən, sosial xidmət müəssisələrinin sayı daim artır və onların şəbəkəsi genişlənir. Yəni, ümumi götürəndə sosial xidmətlər kifayət qədər əhatəli bir xidmət sahəsi olmaqla yanaşı, artıq mühüm sosial əhəmiyyət kəsb edən bir xidmət sahəsi kimi də diqqəti cəlb edir. Həm də bu sahə ilə əlaqədar mühüm strateji hədəflər var. Məhz bu əsasda və eyni zamanda, sosial xidmətlərin daha keyfiyyətli səviyyədə göstərilməsi və sosial məsələlərin həllində daha təsirli rola malik olması üçün həmin sahə üzrə ayrıca bir qurum olaraq və publik hüquqi şəxs kimi Sosial Xidmətlər Agentliyi yaradılıb.

Yeni qurum müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə əlaqədar nazirliyə təkliflər verəcək, sosial xidmətə ehtiyacı olan şəxslərə və ailələrə sosial xidmətlərin göstərilməsini, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər təşkil edəcək, övladlığagötürmə sahəsində öz Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələri icra edəcək və s. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin dövlət proqramları əsasında mənzillə və ya fərdi evlərlə, xüsusi avtonəqliyyat almaq üçün tibbi göstəriş əsasında əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məqsədilə tədbirlərin görülməsi də Sosial Xidmətlər Agentliyinə həvalə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video