03 Iyul 2020 00:16
776
SİYASƏT
A- A+

Ermənistanın gerçək üzü


Erməni terror təşkilatları Fransada, xüsusən Lionda xeyli fəal idilər. Lionun ermənilər tərəfindən mərkəz kimi seçilməsi səbəbsiz deyildi. Şəhərin 2 mln. nəfər əhalisinin 80 min nəfəri erməni idi. Türkiyə, Suriya və Livandan gəlmiş ermənilərin çoxu burada sosialist, kommunist partiyalarına üzv olmuşdular. Fransada Türkiyə əleyhinə 8 gizli erməni təşkilatı var idi. Təkcə Lionda Türkiyə əleyhinə 3 erməni təşkilatı fəaliyyət göstərirdi. Fransanın bir çox şəhərlərində olduğu kimi, Lionda da fransız senatorların dəstəyilə tarixdə heç bir zaman olmamış uydurma "erməni soyqırımı”na üç abidə ucaldılmışdı. Türkiyənin Lion şəhərindəki baş konsulu Okan Gezer ermənilərdən tez-tez təhdid dolu məktublar alırdı. Məktublarda onlar Türkiyəyə qarşı əsassız torpaq ərazisi iddiaları ilə çıxış edir, qisas alacaqlarını yazırdılar.

Ermənilər Fransanın Marsel şəhərində də fəallaşmışdılar. Onlar Türkiyə konsulluğunun binasına bomba qoydular. Amma Fransa polisi bu bombanı zərərsizləşdirdi.

Erməni təşkilatları Yunanıstanda da xüsusi fəallıq göstərirdilər. Türkiyənin Afinadakı səfirliyinin əməkdaşı Galib Özmen və ailə üzvləri erməni terrorunun hədəfinə tuş gəldilər. Terror aktı nəticəsində Özmen və 14 yaşlı qızı Esmer həlak oldu, həyat yoldaşı Sevil Özmen və oğlu Alper isə ağır yaralandı.

Avqustun 5-də Fransanın Lion şəhərində "Erməni gizli azadlıq ordusu” terror təşkilatının üzvü olan iki nəfər türk konsulluğunun binasına soxularaq konsulun oturduğu yeri göstərməyi tələb etdi. Təhlükəsizlik xidməti əməkdaşlarının işə qarışması nəticəsində terrorçular konsulu qətlə yetirə bilməsələr də, iki nəfəri öldürdülər, bir neçə adamı yaraladılar.

Türklərə qarşı təhdidlər ABŞ ərazisində də davam edirdi. 1980-ci il avqustun 11-də Nyu Yorkda Türkiyənin BMT-dəki nümayəndəliyinin və türk konsulluğunun yerləşdiyi Türk evinin qarşısına üstündə türk diplomatlarından qisas alınacağı barədə yazının olduğu vərəqələr yapışdırıldı. Binaya "Erməni qrupu” imzası qoyulmuş partlamayan bombalar atıldı.

1980-ci il sentyabrın 26-da Parisdə türk səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Səlcuq Bakkalbaşı ASALA terror təşkilatının üzvlərinın açdığı atəşlə yaralandı və ömürlük əlil oldu.

Oktyabrın 3-də İtaliyada - Milanda Türk Hava Yollarının ofisi qarşısında ASALA-nın törətdiyi partlayış nəticəsində iki nəfər italiyalı yaralandı.

Bu hadisədən üç gün sonra Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arkanın yaşadığı evə yandırıcı butulka atıldı. Edilən telefon zəngində partlayışın "ermənilər naminə” törədildiyi bildirildi.

Oktyabrın 12-də Nyu York şəhərində erməni terrorçuları tərəfindən qaçırılmış avtomobilə qoyulmuş bomba türk mehmanxanasının yaxınlığında partladıldı.

Həmin tarixdə Londonda Türkiyə turizm və informasiya bürosunun binası qarşısında ASALA terrorçuları partlayış törətdilər.

Fransanın Strasburq şəhərində Türkiyə konsulluğunun yerləşdiyi binanın qarşısında noyabrın 9-da erməni terrorçuları tərəfindən törədilən partlayış nəticəsində ətrafa ziyan dəydi.

İtaliyanın paytaxtı Romada Türkiyə turizm bürosunun və Türk Hava Yollarının ofislərinin yerləşdiyi binalar qarşısında ASALA tərəfindən noyabrın 19-da partlayışlar törədildi.

Dekabrın 17-də Avstraliyanın Sidney şəhərində erməni terror qrupu tərəfindən baş konsul Şerik Erseki və səfirliyin təhlükəsizlik məsələləri üzrə attaşesi Engin Sever qətlə yetirildilər.

Terror aktları 1981-ci ildə də davam etdirildi. Türkiyənin Fransadakı baş konsulluğunu tutmaq planını hazırlamış Yan Kaskayanın yaratdığı "Ölümə gedənlər eskadronu” binaya xeyli ziyan vurdu.

Parisdəki türk səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Ahmet Erbeylinin maşınında yanvarın 14-də "Aleks Yeniköməciyanın dəstəsi” tərəfindən partlayış törədildi.

ASALA-nın iki terrorçusu Türkiyənin Fransadakı səfirliyinin əmək məsələləri üzrə müşaviri Reşat Moralıya və Parisdəki Anadolu bankının nümayəndəsi İlkay Karakoça martın 4-də atəş açdı. Moralı öldürüldü, maşında olan və yaralanan Teselli Arı isə xəstəxanada vəfat etdi.

Erməni terrorçuları martın 12-də Türkiyənin Tehrandakı səfirliyinə basqın edərək mühafizəçiləri öldürdülər.

Aprelin 3-də Türkiyənin Danimarkadakı səfirliyinin əmək məsələləri üzrə attaşesi Kavit Demir Kopenhagendə ASALA terror təşkilatının üzvləri tərəfindən atəşə tutuldu.

Kaliforniyada Los-Ancelesdə erməni terrorçularının Anahaym Konvent mərkəzinə yerləşdirdikləri bombanın partlaması nəticəsində iyunun 3-də türk xalq rəqs ansamblının konserti dayandırıldı.

İsveçrədə - Cenevrədə türk konsulluğunun katibi Mehmet Savaş Ergüz iyunun 9-da iş yerindən çıxarkən terrorçu M.Camdostyan tərəfindən öldürüldü. Onun həbs edilməsindən sonra yeni terror təşkilatı olan "9 iyun” yaradıldı.

İyunun 11-də Ara Toronyanın başçılıq etdyi terror qrupu Parisdə Türk Hava Yollarının ofisinin yerləşdiyi binanı tutdu. Lakin fransız təhlükəsizlik xidməti əməkdaşları onları zərərsizləşdirdi.

Danimarkada Kopenhagendə "Altıncı erməni azadlıq ordusu” tərəfindən sentyabrın 15-də Türk Hava Yollarına məxsus binanın qarşısında bomba partladılması nəticəsində bir neçə nəfər yaralandı.

Parisdə dörd nəfər erməni terrorçusu sentyabrın 24-də türk konsulluğunun binasını tutdu. Konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Kemal Özen ağır yaralandı. Terrorçular 56 nəfəri girov götürdülər. Özen xəstəxanada vəfat etdi.

Romadakı Türkiyə səfirliyinin ikinci katibi Gökbörk Erceokan oktyabrın 25-də erməni terrorçusunun atəşinə tuş gəldi. Ağır yaralanan ikinci katib terrorçuya cavab atəşi açdı. Lakin o, qaçıb aradan çıxdı.

1982-ci ildə də erməni terrorçuları türk diplomatlarına və binalarına qarşı aktları dayandırmadılar. Yanvarın 13-də ASALA terrorçuları Türkiyənin Torontodakı konsulluğunun binası qarşısında partlayış törətdilər. Binaya ziyan dəydi.

Üç nəfər silahlı erməni martın 12-də Türkiyənin Kanadadakı səfirliyinin binasını atəşə tutdu. Atışmada kanadalı təhlükəsizlik xidmətinin əməkdaşları öldürüldü. Səfirliyə hücumdan bir neçə gün əvvəl ABŞ-ın Müdafiə naziri K.Uaynberger Konqresin nümayəndələr palatasında bəyanat verərək türk diplomatlarının və vətəndaşlarının öldürülməsini pisləmişdi.

ABŞ Müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisi F.S.Aykl 1982-ci ilin mart ayında verdiyi bəyanatında deyirdi: "Ən təhlükəli və bununla belə diqqətdən kənarda qalmış terror təşkilatlarından biri - Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu rəsmi olaraq elan etmişdir ki, onun strateji məqsədi Türkiyənin şərq hissəsini öz nəzarəti altına almağa nail olmaq, onu necə deyərlər, Türkiyə idarəçiliyindən "azad etmək” və Ermənistan Sovet Sosialist Respublikasına birləşdirməkdir... Erməni gizli ordusunun fəaliyyətinin bilavasitə Moskvadan idarə edilib-edilməməsindən asılı olmayaraq, o, yaxşı hazırlıq keçmiş və günahsiz adamları amansızlıqla qətlə yetirən ordudur. O, Türkiyənin müttəfiqi olan dövlətlərə və qanunpərəst erməni icmasına təhlükə törədir”.

Almaniya Federativ Respublikasının Dortmund şəhərində yerləşən bir neçə türk ticarət şirkətinin binası aprelin 24-də "Yeni erməni müqaviməti” təşkilatının terrorçuları tərəfindən bomba partlayışı nəticəsində dağıdıldı.

ABŞ-ın Boston şəhərində türk fəxri konsulu Orhan Gündüz maşınında erməni terrorçusu tərəfindən mayın 4-də qətlə yetirildi.

Florida ştatının Tampa şəhərində türk konsulluğuna mayın 18-də soxulmaq istəyən erməni terrorçularının qarşısı alındı.

Portuqaliyanın Lissabon şəhərində Türkiyə səfirliynin inzibati-təsərrüfat məsələləri üzrə attaşesi Erkut Akbay və xanımı Nadide Akbay yaşadıqları evin qarşısında iyunun 7-də erməni terrorçuları tərəfindən öldürüldülər.

Dörd nəfər erməni terrorçusu iyulun 1-də Türkiyənin Niderland krallığında Amsterdamdakı baş konsulu Kemalettin Demirerin avtomobilini atəşə tutdu.

Avqustun 7-də Ankarada Esenboğa hava limanında gözləmə salonunda oturanlara ASALA terrorçuları atəş açdı. Terrorçuların bir nəfəri restorandakı 20 nəfəri girov götürdü. Təhlükəsizlik xidmətinin əməkdaşları ilə atışmada 9 nəfər öldü, 82 nəfər yaralandı. Terrorçu Levon Əkməkçiyan həbs edilərək məhkəmə qarşısında dayandı.

Parisdə Türkiyə səfirliynin turizm üzrə attaşeliyinin mühafizəçiləri avqustun 12-də erməni terrorçuları tərəfindən atəşə tutuldu.

Erməni terrorçusu Türkiyənin Kanadadakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi, polkovnik Atilla Altıkatı avqustun 27-də maşınında öldürdü.

Bolqarıstanın Burqas şəhərindəki Türkiyə konsulluğunun inzibati-təsərrüfat məsələləri üzrə attaşesi Bora Suelkan sentyabrın 9-da öz evində erməni terror təşkilatı ASALA-nın əməkdaşı tərəfindən qətlə yetirildi.

ABŞ-da Kaliforniya ştatının Los-Anceles şəhərindən olan beş nəfər erməni terrorçusu oktyabrın 26-da Pensilvaniya ştatının Filadelfiya şəhərindəki türk konsulluğunun binasında və baş konsul Kanot Erbeyin otağında partladıcı qurğunu quraşdırarkən həbs edildilər.

1983-cü il yanvarın 22-də Parisdə iki nəfər erməni terrorçu Türk Hava Yollarının ofisinin yerləşdiyi binaya əl qumbaraları atdı. Yalnız təsadüf nəticəsində ölən olmadı.

Belçikada - Brüsseldə Türk Hava Yollarının binasında erməni terrorçuları fevralın 2-də partlayış törətdilər.

Fevralın 28-də Türkiyənin "Marmara travel agency” şirkətinin binasına ASALA tərəfindən qoyulan bombanın partlaması nəticəsində 9 nəfər fransız əməkdaş yaralandı.

Türkiyənin Belqraddakı səfiri Qalib Balkar və sürücüsü Necati Keyer terror təşkilatının üzvləri olan Krikor Levonyan və Rafi Elbekyan tərəfindən martın 9-da atəşə tutuldular. Səfir qətlə yetirildi, sürücüsü isə ağır yaralandı. Yuqoslaviya orqanları terrorçuları həbs etsə də, az sonra azad edilərək Yunanıstanda sığınacaq tapdılar.

Belçikada Türkiyənin "Marmara travel agency” və səfirliyin mədəniyyət-informasiya mərkəzinin ofisləri qarşısında ASALA tərəfindən güclü partlayışlar mayın 24-də törədildi. İyunun 16-da bu təşkilata mənsub olan terrorçular İstanbulun Kapalıçarşı ticarət mərkəzində atəş açdılar, qumbaralar ataraq iki nəfəri öldürdülər, 21 nəfəri yaraladılar.

Brüsseldəki Türkiyə səfirliyinin attaşesi Dursun Aksoyu iyulun 14-də erməni terrorçuları maşınında qətlə yetirdilər. Bundan bir gün sonra Parisdə Orli hava limanında yerləşən Türk Hava Yollarının kassası qarşısında törədilən partlayış nəticəsində 8 nəfər həlak oldu. Onların 4-ü fransız, 2-si türk, 1-i amerikalı, 1-i isveçrəli idi. Hadisədə 60 nəfər yaralandı. ASALA-nın Fransadakı şöbəsinə başçılıq edən Suriya mənşəli 29 yaşlı Varocan Karapetyan və adamları terror aktını törətdiklərini etiraf etdilər.

Beş nəfər erməni terrorçusundan ibarət qrup iyulun 27-də Türkiyənin Lissabondakı səfirliyini ələ keçirməyə, cəhd etdi. Onlar səfirin müavinini, həyat yoldaşını və övladlarını girov götürdülər. Terrorçuların əlindəki bombanın partlaması nəticəsində səfirin həyat yoldaşı və dörd terrorçu öldü. Terrorçulardan biri təhlükəsizlik xidməti əməkdaşları ilə atışmada öldürüldü. Bir nəfər polis əməkdaşı qətlə yetirildi. Cinayətə görə məsuliyyəti "Erməni azadlıq ordusu” adlı terror təşkilatı öz üzərinə götürdü. Bu hadisə ilə əlaqədar olaraq iyulun 28-də ABŞ Prezidenti Ronald Reyqanın verdiyi bəyanatda deyilirdi: "Türkiyənin Lissabondakı səfirinə qarşı Portuqaliyada dünənki sui-qəsd türk diplomatlarına və digər günahsız adamlara qarşı qəddar, nizamsız aksiyalar seriyasında axırıncı olmuşdur. Erməni azadlıq ordusunun məsuliyyət daşıdığı dünənki sui-qəsd nəticəsində səfirin həyat yoldaşı ölmüş, uşağı yaralanmışdır. Elə iki həftə bundan əvvəl Brüsseldə türk diplomatı evindən çıxarkən qətlə yetirilmiş, bir gün əvvəl isə Türkiyənin yeddi nəfər vətəndaşı Paris hava limanında öldürülmüşdür. Həmin günlərin dəhşətlərinə heç bir real və yaxud uydurma inciklik bəraət qazandıra bilməz. ABŞ xalqı və hökuməti adından Türkiyə hökumətinə və günahsız qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Lakin başsağlığı ilə kifayətlənmək azdır. Mən sivil cəmiy-yətlərdə belə vəhşi və insanlıqdan kənar hərəkətlərə son qoymaq üçün təcili və daha əlaqəli tədbirlər görmək barədə bu günlərdə digər dövlətlərin rəhbərləri ilə danışacağam”.

80-ci illərdən etibarən erməni terror təşkilatları fəaliyyətlərini İran ərazisində də genişləndirmişdilər. 1984-cü il martın 28-də iki erməni terrorçusu Tehranda Türkiyə vətəndaşı İsmayıl Pamukçunu ağır yaraladı. ASALA bu terror aktına görə məsuliyyəti öz üzərinə götürdü. Səfirliyin birinci katibi Hasan Servet Ötkem də terror nəticəsində yaralandı. İran polisi Türkiyə səfirliyinin binası qarşısında üç nəfər erməni terrorçusunu həbs etdi. Səfirliyin maliyyə müşavirinin maşınına bomba qoyan terrorçu partlayış nəticəsində öldü.

Erməni terror qrupları 1984-cü il martın 29-da Türkiyənin Los-Ancelesdəki konsulluğuna göndərdikləri məktubda bu şəhərdə keçiriləcək olimpiadada türk idmançılarının iştirakının qarşısını almaq üçün ölümlə hədələdilər. Aprelin 8-də ASALA təşkilatı Livandan Türkiyəyə uçan bütün təyyarələri partlatmaqla hədələdi. Yenə həmin təşkilat aprelin 26-da Türkiyənin Baş Naziri Turqut Özala məktub göndərərək İrana səfərini təxirə salmağı tələb etdi. Əks təqdirdə təyyarəsini partladacağını bildirdi. Bu hadisədən iki gün sonra iki nəfər erməni terrorçusunun törətdiyi sui-qəsd nəticəsində Tehranda Türkiyə vətəndaşı İşık Yönder maşınında öldürüldü.

Türkiyənin Avstriyadakı səfirliyinin sosial məsələlər üzrə müşavirinin koməkçisi Erdoğan Özen iyunun 20-də maşınının partladılması nəticəsində öldü. Bir neçə avstriyalı polis əməkdaşı yaralandı.

Sentyabrın 3-də İstanbulda Topkapı sarayının qarşısında maşına bomba qoymaq istəyən iki nəfər livanlı erməni bombanın vaxtından əvvəl partlaması nəticəsində öldü.

BMT-nin Vyanada yerləşən sosial və humanitar məsələlər mərkəzinin əməkdaşı, milliyyətcə türk olan Enver Ergün noyabrın 19-da maşınında qətlə yetirildi.

1984-cü ilin dekabrında AFR-də Münxendə türk konsulluğunun binası qarşısında bir bomba partladıldı.

Bütün bunlar erməni terror təşkilatlarının qanlı fəaliyyətinin yalnız bir neçəsidir.

Sovet hakimiyyəti illərində xarici ölkələrdən ermənilərin Ermənistana gətirilib yerləşdirilməsi, digər xalqların sıxışdırılması, azərbaycanlıların vəhşicəsinə deportasiya edilməsi yolu ilə Ermənistanın erməniləşdirilməsi və türksüzləşdirilməsi irqçiliyin həm nümunəsi, həm də konkret nəticəsidir.


Ermənistan Respublikasında irqçilik və terrorçuluq dövlət siyasətidir


Dövlət müstəqilliyi elan edildikdən sonra Ermənistan hakimiyyəti əsası erməni terror-siyasi təşkilatları tərəfindən qoyulmuş, daşnak Ermənistanında dövlət siyasətinə çevrilmiş, sovet Ermənistanında isə mahiyyətcə eyni, lakin şəraitə uyğun olaraq formaca başqa yollarla davam etdirilən terrorçuluq, irqçilik və işğalçılığı varislik kimi qəbul etdi. 1991-ci ildən sonra ötən illərin təcrübəsi göstərir ki, Ermənistanda hakimiyyətdə partiyalar bir-birini əvəz etsə də, erməni ünsürünün həyat tərzi olan və "dövlət ənənəsi”nə çevrilmiş bu siyasət davam etdirilir. Əslində, bu üç amil - terrorçuluq, iqrçilik və işğalçılıq müasir Ermənistanın təməlini təşkil edir və gerçək simasını göstərir.

Yüzlərlə təkzibolunmaz faktlardan yalnız bir neçəsinə diqqət yetirək. Azərbaycana qarşı əsassız ərazi iddialarının gedişində 200 min nəfərdən çox azərbaycanlının vəhşicəsinə tarixi, dədə-baba torpaqlarından qovulması ilə yanaşı, digər xalqlara da qarşı məqsədli şəkildə yürüdülən ayrı-seçkilik siyasəti nəticəsində Ermənistan monoetnik dövlətə çevrilib. Bu gün Ermənistanda "bir millət, bir kilsə, bir din, bir mədəniyyət” konsepsiyası dövlət siyasətidir.

Avropa Şurası tərəfindən 2017-ci il fevralın 13-də qəbul edilmiş Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin hesabatında qeyd olunur ki, Ermənistan monoetnik dövlət olduğundan burada milli azlıqların mədəniyyətləri və dillərinin inkişafına az yer verilir, beynəlxalq insan və milli azlıqların hüquqlarının müdafiəsi normaları pozulur, həmçinin ayrı-seçkiliyin qadağan edilməsi barədə qanunun qəbul edilməsi gecikdirilir.

Müstəqilliyini elan edən zaman Ermənistanda təxminən 60 min yezidi kürd yaşayırdı. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin Ermənistanın vəziyyətinə dair dördüncü hesabatında qeyd olunur ki, toplanmış məlumatların qeyri-dəqiqliyi, qeyri-şəffaflığı və 2011-ci il əhalinin siyahıyaalınmasının nəticələrinə dair məlumatın dərc edilməsinin 2013-cü ilin dekabrına qədər gecikdirilməsi nəşr olunmuş yekun nəticələr haqqında şübhə yaradır. Məşvərətçi Komitənin hesabatında qeyd edilir ki, yezidilərin sayı 2001-ci ildə 40.620-dən 2011-ci ildə 35.308-dək azalıb. Ermənistan dövlətinin milli azlıqlara qarşı həyata keçirdiyi siyasət nəticəsində azsaylı yezidilər və digərləri Ermənistanın ictimai-siyasi və mədəni həyatında iştirak edə bilmirlər. Yezidilərə münasibətdə tez-tez alçaldıcı, ayrı-seçkilik formalaşdıran fikirlər səsləndirilir, cinayətlər törədilir. Bu isə Ermənistanda qatı millətçiliyin və şovinizmin olduğunu təsdiq edir.

Yəhudilərin də ayrı-seçkiliyə məruz qaldığı Ermənistanda antisemitizm 3 səviyyədə mövcuddur: erməni cəmiyyətində antisemitizm; hakimiyyət və siyasətçilər tərəfindən dəstəklənən antisemitizm; KİV vasitəsilə təbliğ olunan antisemitizm. Hələ 1959-cu ilin statistik göstəricilərinə görə, sovet Ermənistanında yəhudilərin sayı 10 min nəfər idi. 2018-ci ildə isə Ermənistanda yaşayan yəhudilərin sayı bəzi mənbələrdə 100 nəfər, bəzi mənbələrdə isə 500 nəfər göstərilir. Bu azalmanın başlıca səbəbi antisemitizmin artması və irqçiliyin dövlət siyasətinə çevrilməsidir. Amerikada nəşr olunan "The Algemeiner” yəhudi qəzetində "Ermənistanda yəhudilərə qarşı: açıq-aşkar və təhlükəli” adlı məqaləsində yazılır: "Erməni cəmiyyətində antisemitizm hərəkətlərinin artması və iqtisadi vəziyyətin çökməsi yəhudiləri ölkəni tərk etməyə vadar etmişdir. Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir neçə yüz nəfərə enmişdir”.

Ermənistanın rəsmi qurumlarının bilavasitə rəhbərliyi ilə Azərbaycana qarşı törədilən yüzlərlə terror aktı bu iyrənc ənənənin davam etdiyini göstərir.

İrqçiliyin və terrorçuluğun Ermənistanda dövlət siyasəti olmasının başqa bir nümunəsi - ideyasını Hitlerin "Mənim mübarizəm” kitabından götürmüş "erməniçilik” ideologiyasının banisi, İkinci Dünya müharibəsi illərində yəhudilərin öldürülməsində xüsusi rol oynamış Qaregin Njdeyə 2016-cı ilin may ayında İrəvanda ucaldılmış heykəl və onun açılışında həmin vaxt prezident olan Serj Sarkisyanın iştirakı oldu. İndiki Ermənistan rəhbərliyinin bu heykəli sökməməsi, terrorçuların adına orden və medalların təsis edilməsi, küçə və prospektlərin verilməsi, onların haqqında filmlərin çəkilməsi, mətnlərin dərsliklərə daxil edilməsi bir daha təsdiq edir ki, hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, terrorçuluq, irqçilik və işğalçılıq Ermənistanda dövlət siyasətidir. Terrorçunun abidəsini görən, dərsliklərdə terrorçuların milli qəhrəman kimi təbliğ edildiyi mətnləri oxuyan şagirdlər özlərini görəsən kimə bənzədəcəklər? Məncə, cavab aydındır.

* * *

Ümumiyyətlə, təkzibedilməz faktlar və rəsmi İrəvanın fəaliyyəti bir daha sübut edir ki, indiki Ermənistanın dövlət siyasətinin təməlində əsası erməni terror-siyasi təşkilatları tərəfindən qoyulmuş, daşnak Ermənistanında dövlət siyasətinə çevrilmiş, sovet Ermənistanında bu və ya başqa formada davam etdirilmiş terrorçuluq, irqçilik və işğalçılıq dayanır. Ona görə də heç bir erməni xadiminin terrorçuluq və irqçilik əleyhinə danışmağa mənəvi haqqı yoxdur.

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video