02 Iyul 2020 00:33
487
SİYASƏT
A- A+

Xeyirxahlıq, həmrəylik və vətənə xidmət missiyasının daşıyıcısı


Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün isə İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycan öz tarixinin sözün bütün mənalarında parlaq dövrünü yaşayır. Ölkədə həyata keçirilən siyasətin bütün sahələrin yüksəlişinə yol açması yaşadığımız zamanın ən böyük reallığıdır. Bu gün hər birimiz haqlı olaraq söz sahibi olan, imzasını imzalar arasına yazdıran, qətiyyətli və müstəqil dövlətimizlə fəxr edirik.

Eyni zamanda bu tarixi reallıq bizlərin hər birini dövlətimizin qüdrətlənməsi naminə vətəndaşlıq borcumuzu yerinə yetirməyə, məsuliyyətli olmağa, ölkə rəhbərinin siyasi kursuna dəstək verməyə səsləyir. Bu baxımdan hər zaman milli təəssübkeşlik mövqeyindən çıxış edən, dövlətə və xalqa xidmətin möhtəşəm nümunələrini yaradan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti hər birimiz üçün böyük örnəkdir.

Leyla Əliyeva gəncdir. Amma onun gördüyü işlər o qədər çoxşaxəlidir ki, danışmaqla bitməz. Və bütün bunların sayəsində ortaya qoyulan fəaliyyət hər birimizdə haqlı olaraq həm də qürur və fəxarət hissi yaradır. Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun, mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, IDEA-nın təsisçisi, "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı, "Baku” jurnalının baş redaktoru kimi Leyla Əliyevanın fəaliyyətinin əsas məramı xeyirxahlıq, həmrəylik, dövlətimizə və xalqımıza şərəfli xidmət missiyasıdır.

Ümumiyyətlə, Leyla Əliyevanın ictimai fəaliyyəti barədə danışarkən öncə onu qeyd etməliyik ki, Heydər Əliyev Fondunun vitse-prezidentini biz daim valideyn hüququndan məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların, yaşlı insanların, əlillərin əhatəsində görürük. Ulu Öndər Heydər Əliyev irsini yaşadan fondun təmsilçisi kimi Leyla Əliyeva xeyriyyəçiliyi, əl tutmağı, müxtəlif humanitar və sosial aksiyalar keçirməyi öz fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edir. Elə bir bayram yoxdur ki, Leyla Əliyeva onlara baş çəkməsin, əlamətdar günləri onlarla birgə qeyd etməsin. Bu mənada Leyla Əliyeva barədə danışarkən ilk yada düşən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimi, onun da insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, daim nəyəsə ehtiyacları olanların yanında olması, diqqətini əhalinin sosial baxımdan həssas təbəqələrinə yönəltməsidir.

Məhz bu cür yüksək insani keyfiyyətlər xalqımızın mental və milli-mənəvi dəyərlərindən irəli gəlir ki, Leyla Əliyeva bu dəyərləri layiqincə daşıdığını əməlləri ilə sübuta yetirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi kimi Leyla Əliyevanın fəaliyyətinin bir istiqaməti də Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşa edilməsi, əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu baxımdan Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və elə özünün uğurlu fəaliyyəti nəticəsində İslam Konfransı Təşkilatından siyasi dəstək alan "Xocalıya ədalət!” kampaniyası Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi, erməni yalanlarının ifşası istiqamətində olduqca uğurlu layihələrdən biridir.

Leyla Əliyevanın rəhbəri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti isə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor siyasətinin həyata keçirilməsi baxımından son illərin ən uğurlu nümunəsidir. 2009-cu ildə Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən RAGB-nin yaradılması qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanğıcı idi. Reallıq göstərir ki, təşkilat Rusiyada yaşayan, təhsil alan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyasına layiqli töhfələr verir. Azərbaycan həqiqətlərini də Rusiya ictimaiyyətinə layiqincə çatdıran təşkilat, eyni zamanda milli mədəniyyətimizin təbliğatçısıdır.

Məhz bu işlərə, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Leyla xanım Əliyeva Azərbaycan Prezidentinin sərəncamı əsasında "Tərəqqi” medalı ilə təltif edilib. Bununla yanaşı, humanitar aksiyalarda fəal iştirakına görə "Key to life” fəxri mükafatı, BMT-nin sertifikatı və xüsusi vəsiqəsi, "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı, "Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı, Rusiyanın III dərəcəli "Knyaginya Olqa” ordeni, "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı, Vladimir Putin tərəfindən verilən "Puşkin” medalı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun "Xidmətlərə görə” medalı Leyla Əliyevanın çoxşaxəli və uğurlu fəaliyyətini təcəssüm etdirən nümunələrdir. Bütün bunlar həm də Leyla Əliyevanın timsalında Azərbaycan dövlətinin uğurlarıdır.

Aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə 2015-ci ilin mayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülməsi isə Leyla Əliyevanın fəaliyyətinin dünyanın ən ali təşkilatı səviyyəsində qiymətləndirilməsinin parlaq göstəricisidir.

Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən fəaliyyətə başlayan IDEA İctimai Birliyinin məqsədi yaşıllıqların çoxaldılması, dövlətimizin ekoloji siyasətinə dəstək verməkdir. Yarandığı gündən bəri IDEA Azərbaycanda yaşıllıqların qorunması və genişləndirilməsi üzrə bir çox misli görünməmiş layihələrə imza atıb. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Cavan ruh üçün cavan ağac”, "Ümumrespublika yaşıllaşdırma” marafonu, "Hər kağızı bir yarpağa dəyişək”, "Ağacların kəsilməsinə yox!”, "Ağac əkək, qoruyaq, yaşadaq”, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” və digər layihələr çərçivəsində könüllülərin dəstəyi ilə ölkə ərazisində milyonlarla ağac əkilib, yaşıllıq zolaqları salınıb və yüzlərlə qanunsuz ağac kəsintisi cəhdinin qarşısı alınıb.

Leyla Əliyevanın bir xüsusiyyəti də zövqləri fəth edən, dərin məna daşıyan şeirlər yazmasıdır. Onun bu yaradıcılığı dünyada da tanınır. Şeirləri xarici dillərə tərcümə edilərək digər xalqlara da təqdim olunur. Həmin şeirlərdən ibarət bir neçə nəfis tərtibatda kitablar işıq üzü görüb. Şeirlər həm də sosial mediada işıqlandırılır və ictimaiyyət bunları maraqla izləyir. Bir çox şeirlərə musiqilər bəstələnib, mahnılar ərsəyə gətirilib və tanınmış müğənnilərin ifasında səsləndirilib. Yaradacılığa yaxın bir insan kimi həmin şeirlərə bəstələnən səkkiz mahnı da mənim qismətimə düşüb. Bunlarla yanaşı, Leyla xanımın ərsəyə gətirdiyi rəsm əsərləri bir çox xarici ölkələrin tanınmış sərgilərində nümayiş etdirilib.

Qeyd etdiyim kimi, Leyla Əliyevanın fəaliyyəti o qədər əhatəlidir ki, bir yazıda onların hamısından hərtərəfli bəhs etmək mümkünsüzdür. Lakin Leyla Əliyeva bunlarla kifayətlənmək fikrində deyil və biz ildən-ilə onun yüksək işgüzarlığı, dərin təşkilatçılığı, idarəçlik qabiliyyəti ilə dövlətimizin milli maraqlarına, ölkə rəhbərliyinin sosial siyasətinin daha böyük uğur qazanmasına xidmət edən yeni təşəbbüslərinin, layihələrinin şahidi oluruq. Bütün bunlar, o cümlədən yüksək mənəvi keyfiyyətləri Leyla Əliyevanın xeyirxahlıq, həmrəylik və vətənə xidmət missiyasının layiqli daşıyıcısı olduğunu göstərir. Hər birimiz həqiqətən nümunə olan bu yolda Leyla Əliyevaya yeni uğurlar arzu edirik.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video