02 Iyul 2020 00:29
2633
Səhiyyə
A- A+

Bəzi xəstələr evdə müalicə olunacaq


Poliklinikalar da COVID-19-la mübarizəyə qoşuldu


COVID-19 dünyada yenidən alovlanmağa başlayıb. Buna səbəb kimi bir çox ölkələrdə sərt karantin rejiminin yumşaldılması və əhalinin tələb olunan qaydalara lazımınca riayət etməməsi göstərilir. Yer üzünü bürümüş bu bəlanın nə zaman sovuşacağı isə bəlli deyil.

Azərbaycanda koronavirusla ilk zamandan aparılan effektiv mübarizə ölkəni yaşanması mümkün olan faciədən qorudu və biz bu təhlükədən az itkilərlə çıxa bildik. Buna görə də qısa zamanda virusdan sağalanların sayı, yoluxanların sayını xeyli üstələdi.

Təəssüf ki, ölkəmizdə də sərt karantin rejiminin yumşaldılması ərəfəsində bəzilərinin pandemiyanın şərtlərinə uyğun davranmaması yoluxma sayında artıma səbəb oldu. Buna görə də vətəndaşların sağlamlıqlarının qorunması üçün ölkədə yenidən karantin rejimi uzadıldı və bəzi rayon və şəhərlərdə sərt karantin tətbiq edildi. Buna görə hazırda ölkəmizdə virusa yoluxma sayında müəyyən stabilləşmələr müşahidə olunur. Eyni zamanda bütün koronaviruslu xəstələrin tibb müəssisələrində yüksək səviyyədə müalicə olunması sağalanların sayını artırır. Hər bir ağır xəstənin həyata qaytarılması üçün zəruri tədbirlər həyata keçirilir. Koronavirusa yoluxan yüngül xəstələrin evdə müalicəsinin həyata keçirilməsi də bu istiqamətdə atılan təsirli tədbirlərdən biridir.

Bəs koronavirusa yoluxan şəxslərin ev şəraitində müalicəsinin təşkili necə həyata keçiriləcək? Buna nəzarət mexanizmi necə olacaq?


Təcili və Təxirəsalınmaz Tibbi Yardımın yüklülüyü azaldılır


Bununla bağlı Səhiyyə Nazirliyi Operativ Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara ediləcək yardımın nədən ibarət olduğu haqqında məlumat yayıb. Nazirlik tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidovun sözlərinə görə, bu yardım metodiki tövsiyələr və təşkilati məsələlərin həll edilməsindən ibarətdir.

İşçi qrupunun üzvü bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.


Simptomsuz pasiyentlərin evdə müşahidəsi


N.Seyidov deyib ki, nazirlik tərəfindən təqdim olunan tövsiyələrə görə, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaqlar: "Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər edərək testlər üçün nümunələr götürəcəklər.

Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq”.


Vətəndaşlarımıza tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək


O qeyd edib ki, poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini də davam etdirir: "Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə bağlı pasiyentlər poliklinika əməkdaşları ilə telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər”.

Lakin xüsusi işçi qrupunun üzvü Nabil Seyidov hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir. Testlərin yalnız məlumatlara uyğun olaraq aparılacağını bir daha xatırladan Nabil Seyidov vətəndaşların öz poliklinikalarına zəng etməklə COVID-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəyini qeyd edib.

Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVID-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərə biləcək, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVID-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmət davam etdiriləcək”, - deyə o bildirib.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verdi ki, COVID-19 xəstəliyindən əziyyət çəkmiş şəxslər evə buraxıldıqdan sonra yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafında qeydiyyatda olan 2 minə yaxın şəxs poliklinika nəzarətindədir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video