30 Iyun 2020 20:52
337
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib


Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanıb. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 30-da Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək deyib ki, ötən dövrdə Dövlət Baytarlıq Xidməti və onun müvafiq qurumları üçün yeni binalar inşa edilib, kəndlərdə baytarlıq məntəqələri və ət satışı mağazaları istifadəyə verilib. Yeni yaradılan Süni Mayalanma Mərkəzi muxtar respublikada fəaliyyət göstərən mövcud baytarlıq məntəqələrini yüksək məhsuldar törədici toxumla təmin edir ki, bu da heyvandarlıqda iqtisadi səmərəliliyin yüksəlməsinə və cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir. Süni mayalanma məntəqələrinin tələbatını ödəmək məqsədilə maye azot istehsal edən müəssisənin işə düşməsi nəticəsində idxal tam aradan qaldırılıb, yunun qəbuluna başlanması isə heyvandarlığın inkişafına stimul verib. Eyni zamanda Ali Məclis Sədrinin qayğısı ilə baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi və Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verir. Muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq olunmuş "Epizootik Tədbirlər Planı”na uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunub. Mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılıb, epizotiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilib. Vəli Novruzov göstərilən hərtərəfli qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Tibb üzrə Nobel mükafatçısı, akademik İvan Pavlov deyirdi ki, "Həkimlər yalnız insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edir”. Ölkəmizdə baytarlıq təbabətinin vacibliyi nəzərə alınaraq ardıcıl tədbirlər görülür, Dövlət Proqramı qəbul olunaraq icra edilir. Bu gün muxtar respublikada 123 mindən çox iribuynuzlu, 767 mindən çox xırdabuynuzlu, 1 milyon 300 minə yaxın quş və 99 mindən artıq arı ailəsi saxlanılır. Heyvanların, quşların və arı ailələrinin sağlamlığını qorumaq, bazara keyfiyyətli və sağlam məhsul çıxararaq ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etmək Dövlət Baytarlıq Xidməti əməkdaşlarının üzərinə düşən vəzifədir. Dövlət Baytarlıq Xidməti və onun rayon idarələri, laboratoriya və məntəqələri üçün yaradılan şərait muxtar respublikada epizootik vəziyyətin sabit saxlanılmasına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın baytarlıq təbabəti işçilərinə təşəkkür edərək deyib: Baytarlıq təbabəti vacib sahədir. Ona görə də muxtar respublikada bu sahədə müasir iş şəraitinin yaradılması, yeni avadanlıqların alınması və kadr təminatı daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində baytarlıq təbabəti sahəsində ixtisaslı kadrlar hazırlanır.

Qeyd olunub ki, baytarlıq xidmətinin təşkilində müasir iş metodlarından istifadə mühüm əhəmiyyət daşıyır. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri əhatə edən baytarlıq məntəqələrindən Dövlət Baytarlıq Xidmətinə qədər bütün mərhələlərdə yaradılan şərait səmərəli fəaliyyət göstərməyə imkan verir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması və sağlam məhsul istehsalı qarşıda duran əsas vəzifələrdir. 2002-ci ildən ötən dövrdə muxtar respublikada 90 mindən artıq mal-qarada süni mayalanma aparılıb, 59 minə yaxın cins buzov alınıb. 2019-cu ildə və bu ilin ötən 6 ayında isə 18 minə yaxın süni mayalanma aparılıb və 12 minə yaxın cins buzov alınıb. Bütün bunlar muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində dönüşdür.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada camışçılıq və xırdabuynuzlu heyvandarlıq sahəsində də cins tərkibinin yaxşılaşdırılmasına ehtiyac vardır. Əgər iribuynuzluların cins tərkibinin yaxşılaşdırılması sahəsində görülən işlər xırdabuynuzlu heyvanlarda və camışlarda da həyata keçirilsə, o zaman muxtar respublikada məhsuldarlıq xeyli artar. Muxtar respublikada cəmi 256 baş camışda süni mayalanma aparılmış və 115 baş cins bala alınmışdır ki, bu da aşağı göstəricidir. Ona görə də gələcəkdə heyvandarlığın xırdabuynuzlu və camışçılıq sahəsində də süni mayalanma işinə diqqət artırılmalıdır. Bunun üçün lazımi şərait yaradılıb. Əgər 2002-ci ildə muxtar respublikada 1 süni mayalanma məntəqəsi fəaliyyət göstərirdisə, 2020-ci ildə məntəqələrin sayı 23-ə çatdırılıb. O dövrdə bu sahəni bilən 1 həkim var idisə, bu gün onlarla baytar həkimi süni mayalanma işini həyat keçirir. Əvvəllər baytar həkimlər süni mayalanma işini öyrənmək üçün Göygöl rayonundakı Süni Mayalanma Mərkəzinə göndərilirdisə, artıq bu iş muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində həyata keçirilir. Eyni zamanda hər il süni mayalanma texnikləri yeni avadanlıqlar və motosikletlərlə təmin olunurlar. Ötən dövrdə 23 baytar həkimin hər birinə motosiklet və lazım olan avadanlıq dəsti verilmişdir. Bu gün də 5 yeni süni mayalanma dəsti təqdim olunur.

Ali Məclisin Sədri deyib: Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında məqsəd ondan ibarətdir ki, say tərkibini artırmadan məhsuldarlıq çoxalsın. Eyni zamanda muxtar respublikada otlaqların o qədər də geniş olmadığını nəzərə alaraq cins tərkibinin artırılmasına diqqət yetirilməlidir. Süni Mayalanma Mərkəzinin yaradılması, avadanlıqlarla təminat onu deməyə əsas verir ki, süni mayalanma işinin həyata keçirilməsi, eləcə də baytarlıq təbabətinin inkişafı üçün lazım olan bütün şərait var. Baytarlıq təbabəti işçiləri bundan sonra da səmərəli fəaliyyət göstərməli, muxtar respublikada epizootik vəziyyət daim sabit saxlanılmalı, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilməli, Dövlət Proqramında nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, 1 "Fiat” markalı avtomobilin, 5 yedəkli motosikletin açarlarını və 5 dəst süni mayalanma ləvazimatlarını təqdim edib, Dövlət Baytarlıq Xidmətinin fərqlənən bir qrup əməkdaşına hədiyyələr verib.

Şərur Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Kamalov minnətdarlıq edərək deyib: "Bu gün Şərur rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi Ali Məclis Sədrinin bu sahəyə birbaşa qayğısıdır. Dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, rayonda peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsi nəticəsində mal-qarada heç bir infeksion xəstəlik müşahidə edilmir. Söz veririk ki, bundan sonra da səylə çalışacağıq”.

Baytarlardan Rasim Rzayev, Qənbər Bağırov, Etibar Rəhimov, Cəlil Əhmədəliyev, Azad Novruzov, Rəhim Qarayev və Yusif Əlizadə də minnətdarlıq edərək bildiriblər ki, əvvəllər belə şərait yox idi. Bu gün hər bir kənddə baytarlıq məntəqəsi yaradılıb, bütün lazımi avadanlıqlarla təmin olunub. Bu da imkan verir ki, xidmət əməkdaşları öz işlərini səmərəli görsünlər.

Sonra Ali Məclisin Sədri yeni avtomobil, motosiklet və süni mayalanma dəstlərinə baxıb, müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video