30 Iyun 2020 20:47
446
CƏMİYYƏT
A- A+

Azərbaycan könüllüləri vətəndaşlara müraciət edib

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları tərəfindən martın 27-də təsis edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) ictimaiyyətə müraciət edib.

AKƏM-dən AZƏRTAC-a daxil olan müraciətdə qeyd olunub: "Biz, Azərbaycan könüllüləri bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlət tərəfindən atılan zəruri addımlara töhfə vermək məqsədilə son aylar ərzində həkimlərimiz və polislərimizlə çiyin-çiyinə mübarizənin ön cəbhəsində vətəndaşlarımızın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni etməyə çalışırıq.

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşlarımız arasında profilaktik tədbirlər, pandemiya dövründəki davranış qaydaları, xəstəliyin ciddiyyətinin tam şəkildə qavranılması ilə bağlı maarifləndirici aksiyalarda iştirak edirik. Aksiyalar çərçivəsində maarifləndirici nəşrlər paylayır, maskadan istifadəyə təşviq edir və kütləviliyin olduğu məkanlarda sosial məsafənin qorunmasını təmin etməyə səy göstəririk. Eyni zamanda, pandemiyanın aztəminatlı ailələr və tənha yaşlılar üçün yaratdığı çətinliyin aradan qaldırılması istiqamətində onlara ərzaq bağlamaları çatdırır, dərman vasitələrinin alınması üçün kömək göstəririk”.

Könüllülərin mart ayından başlayaraq qızmar yay aylarında paytaxt Bakıda və bölgələrdə, böyük əzm və fədakarlıqla, heç bir təmənna güdmədən, xalqımızın rifahı naminə gündəlik fəaliyyəti davam etdirdiklərinin vurğulandığı müraciətdə bildirilib: "Hər gün minlərlə vətəndaşı əhatə edən maarifləndirmə aparır, yüzlərlə ailəyə, sosial həssas qruplardan olan insanlara xidmət edir, onlara dəstək olmağa çalışırıq. Bilirik ki, çətin günün ömrü az olur, sadəcə, səbir etmək və qaydalara əməl etməklə bu günləri mütləq geridə qoyacağıq!

Həm də bilirik ki, bu bəlaya qalib gəlmək bizim öz əlimizdədir. Sadə tövsiyələrə əməl etməklə, özümüzü, yaxınlarımızı, cəmiyyətimizi qoruya bilərik.

Biz artıq normal həyatımıza, gələcəyimizi qurmağa qayıtmaq istəyirik. Bunun üçün minlərlə Azərbaycan könüllüsü adından vətəndaşlara üz tutaraq, özünüzün və sevdiklərinizin sağlamlığının qorunması üçün tövsiyələrə riayət etməyə çağırırıq: ictimai məkanlarda maskadan istifadə edək, əllərimizi tez-tez yuyaq, xüsusi ehtiyac olmadığı hallarda evdən çıxmayaq, sosial məsafəni nəzərə alaq və bütün bunları ətrafımızdakı insanlar arasında da təbliğ edək!

Xahiş edirik ki, istər sosial mediada, istərsə də KİV-də həkimlərin və bu infeksiyaya yoluxmuş insanların çağırışlarını, onların düşdükləri ağır vəziyyəti ciddiyyətlə qəbul edəsiniz.

Biz inanırıq ki, birlik, həmrəylik və vətəndaş məsuliyyəti bütün çətinliklərin öhdəsindən gəlməyin açarıdır!

Unutmayaq ki, biz birlikdə güclüyük!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video