30 Iyun 2020 00:47
863
İQTİSADİYYAT
A- A+

Yenidən qurulan “Azərbaycan” İES-in dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi artıb


Prezident İlham Əliyev: "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir”


Bu gün Azərbaycan təkcə neft və qaz deyil, həm də elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. İqtisadiyyatında bu sahələrin hamısının inkişaf etdiyi ölkələr dünyada tək-təkdir. Odur ki, çox ölkələr istehlak etdikləri yanacaq və enerjinin bir hissəsini xaricdən alırlar. Azərbaycanda yaradılan generasiya gücləri isə ölkəmizə həm əhalisini və iqtisadiyyatını elektrik enerjisi ilə təmin etməyə, həm də onun ixracatçısı olmağa imkan verib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən "Azərbaycan” İstilik Elektrik Stansiyası ölkəmizin enerji sisteminin gücünü daha da artırıb.

"Azərbaycan” İES Ulu Öndər Heydər Əliyevin əsəridir. Belə ki, bu nəhəng enerji obyektinin tikintisinə 1974-cü ildə Ümumilli Liderin təşəbbüsü ilə başlanmışdı. Stansiyasının birinci enerji bloku 1981-ci, sonuncu - 8-ci bloku isə 1990-cı ildə istismara verilmişdi. Əgər sovet dönəmində bu stansiya tikilməsəydi, müstəqillik dövründə Azərbaycan ciddi problemlərlə qarşılaşa bilərdi.

Prezident İlham Əliyev "Azərbaycan” İES əsaslı yenidənqurmadan sonra istifadəyə verilərkən həmin dövrü xatırladaraq demişdir: "O vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi - 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik”.

"Azərbaycan” İES uzun illər ölkənin elektrik enerjisinə tələbatının ödənilməsində birinciliyini qoruyub saxlamışdır. Lakin məlum olduğu kimi, 2018-ci il iyulun 3-də stansiyada qəza baş vermişdir.

Prezident İlham Əliyevin göstərişinə əsasən, eləcə də dövlət başçısının diqqət və qayğısı sayəsində "Azərbaycan” İES qısa müddətdə tamamilə yenidən qurulmuş, 8 blokun hamısı işlək vəziyyətə gətirilmişdir. Obyektin 2400 meqavat generasiya gücü bərpa edilmişdir. Qəza baş verən yarımstansiyalar yenidən qurulmuş, müasir idarəetmə mərkəzi yaradılmışdır. Beləliklə, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadılmışdır.

Onu da qeyd edək ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik verilişi bir dəqiqə də olsun dayanmamışdır. Bütün işlər paralel olaraq yerinə yetirilmişdir.

Mingəçevir şəhərində yenidən qurulmuş "Azərbaycan” İES-in açılış mərasimində Prezident İlham Əliyev bu barədə demişdir: "Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur... Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək mümkün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, milyardlarla. Ona görə mən "Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi”.

Azərbaycan bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacaq. Çünki elektrik enerjisi sistemi bax, beləcə getdikcə daha da gücləndirilir və təkmilləşdirilir. Elektrik xətləri yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulur, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Təkcə son illərdə tikilmiş təxminən 800 meqavat gücündə olan "Cənub”, 300 meqavatlıq "Səngəçal”, 525 meqavatlıq "Sumqayıt”, hər biri 400 meqavatlıq "Şimal-1” və "Şimal-2” stansiyalarını qeyd etmək kifayətdir.

Beləliklə, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün onu 3 ölkəyə ixrac edir.

Yenidən qurulan "Azərbaycan” İES ölkəmizin elektrik enerjisi sisteminin gücünü daha da artırmışdır. Yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Hazırda bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Burada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.

Bütün bunlar o deməkdir ki, "Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi tam təmin olunub.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video