Alternative content

10:35 03 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:39 03.12.2020 İLHAM ƏLİYEV dərsləri
00:37 03.12.2020 O gün gəldi
00:25 03.12.2020 BİLDİRİŞ
00:24 03.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusla ölüm-dirim savaşında...
Koronavirusla ölüm-dirim savaşında...
ANA SƏHİFƏ / Səhiyyə
00:46 30.06.2020


Üç aydır pandemiya ilə mübarizə aparan həkim Məlahət İSAYEVA: "Vətəndaşlardan bircə xahişimiz var, bizim əməyimizi öz məsuliyyətləri ilə qiymətləndirsinlər”


"Təcili yardım maşını klinikaya yaxınlaşanda həyəcanlandı. Üzümə baxdı. "Doktor, mən yaşayacam?” - deyib sözünü axıra kimi gətirə bilmədi. Qəhər onu boğdu. "Əlbəttə, yaşayacaqsan, hələ uşaqlarının toyunu da görəcəksən”, - söylədim və gülümsədim. İnandı mənə. Arabadan ayağa qalxıb təcili yardım maşınına mindi. Sağollaşıb, maşının qapısını örtdüm...

Qapının şappıltısı sanki üzümə bu anda dəyən solaxay şilləni xatırlatdı... Yanağım alışıb yandı. Əlimi üzümə çəkdim. İlahi, xəstənin gözlərinə baxa-baxa yalan danışmaq necə çətin imiş... Hər dəfə ağır, dönüşü geri mümkün olmayan xəstələrlə söhbət edəndə danışdığım yalana görə günlərlə vicdan əzabı çəkirəm...”

Bu sözlər hansısa bədii əsərdən bir parça deyil, real həyatımızın hazırkı acı, kədərli mənzərəsidir. Danışan isə roman qəhrəmanı yox, günümüzün, sözün əsl mənasında, qəhrəmanlarından biridir...

Koronavirusla aparılan ölüm-dirim savaşında ön cəbhədə vuruşan, ağ xalatlı, cəsur döyüşçülərdən biri...

Gecə-gündüz yorulmadan, çarəsiz, ağır xəstələrin qulluğunda dayanan, müalicəsini aparan, onları həyata qaytaran fədakar həkim...

Öz yorğunluğunu, istirahətini, şəxsi həyatını unudaraq, ailəsinə, övladlarına olan həsrətini sinəsinə çəkib şərəfinə and içdiyi peşəsini ləyaqətlə həyata keçirən tibb işçisi...

Məlahət İsayeva üç aydır ki, ağır şərtlər altında koronavirusla mübarizə aparan, ağır xəstələri həyata qaytaran həkimlər komandasında yer alır. Üç aydır ki, ailəsindən, balalarından, doğmalarından ayrı düşüb.

23 ildir 11 saylı şəhər poliklinikasında həkim-terapevt kimi çalışan Məlahət İsayeva TƏBİB-in çağırışına könüllü qoşularaq, aprelin əvvəlindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gözəgörünməz virusa qarşı döyüşür. Qorxu, həyəcan bilmədən, bütün çətinliklərə sinə gərib, "güc birlikdədir” deyib, cəsur həkimlərimizlə bir komanda şəklində birləşərək CovId-19-la fədakarlıqla mübarizə aparır. Deyir ki, burada işləyən bütün həkimlər, tibb bacıları xəstələrin sağalıb evlərinə, ailələrinə dönməsi üçün gecə-gündüz şikayət etmədən çalışaraq vəzifə borclarını yerinə yetirirlər. Bu 3 ay ərzində həm sağaldıb evə yola saldıqları, həm də dünyasını dəyişən xəstələr çox olub.

- Əvvəl yoluxma sayı az idi, xəstələrin vəziyyəti yüngül və orta ağır olurdu. Çünki güclü karantin rejimi vardı. Karantin rejimi yüngülləşəndən sonra xəstələrin sayı get-gedə artmağa başladı. Hazırda klinikamıza daxil olan xəstələrin vəziyyəti daha ağırdı. Xəstə sayı da əvvəlkinə nisbətən çoxdu. Əgər əvvəllər xəstələr qrip və hərarətlə müraciət edirdilərsə, indi yüksək hərarət, ağciyərin ikitərəfli pnevmoniyası ilə klinikaya daxil olurlar. Yüksək hərarət, boğulma, təngnəfəslik xəstələri haldan salır. Hər mərtəbədə 20-30 xəstə var. Hamilə qadınların, uşaqların, yaşlı insanların, xüsusilə şəkərli diabet, arterial hipertenziya, ürək-qan damar sistemli xəstələrin sayı daha çoxdur. Körpə uşaqdan tutmuş, yaşlı insanlara kimi bütün yaş qruplarından xəstələrimiz var. Bu virus uşaq, qoca bilmir, hər kəsi yoluxdurur. Hamilə qadınlar klinikaya ağır vəziyyətdə gətirilir. Bəzilərində qanaxma, bəzilərində hərarət çox yüksək olur, bəzilərininsə öskürəyi dayanmır. Hamilələrimizdə pnevmoniya halları çoxdur. Onların müalicəsi çətin başa gəlir. Çox qorxu, həyəcan keçirirlər, hər an bətnlərindəki körpələri üçün narahatdırlar. Onların da yoluxacağından və ya məhv olacağından ehtiyatlanırlar.

Həkimin sözlərinə görə, xəstələr ən çox hərarətin düşməməsindən, halsızlıqdan, baş ağrılarından, öskürəkdən, hava çatışmazlığından, ağızda dadın itməsindən, iştahsızlıqdan şikayətlənirlər. Virusla mübarizədə immunitetin güclü olması vacib olduğundan antiviral, antibakterial, vitaminterapiya və sair dərmanlardan istifadə olunur.

- Xəstələr klinikamıza daxil olanda bir tərəfdən qorxu, həyəcan, təşviş, digər tərəfdən xəstəliyin ağırlığı, hərarət onları əldən salır. Təəssüf ki, itkilərimiz çoxdu. Ağır, müalicəyə tabe olmayan xəstələri reanimasiya şöbəsinə köçürürük. Bir çoxu sağalsa da, sağalmayan, geri dönməyən xəstələr də var. Gözlərimiz önündə neçə xəstə itirmişik. Buna dözmək çox çətindi. Xəstəsinin həyatını xilas edə bilməməyin həkim üçün nə dərəcədə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil... İnsan əzizini itirəndə necə olursa, xəstələrinin itkisi də həkimə o qədər ağır təsir edir. Hansı həkim istəyər ki, onun müalicə etdiyi xəstə ölsün? Əlbəttə, heç bir həkim. Bütün xəstələrə eyni cür can yandırırıq. Gecələr yatmırıq, gündüzlər dincəlmirik. Onların müalicəsi ilə məşğuluq. İnanın ki, 5 dəqiqə oturmağa vaxtımız yoxdu, bir palatadan digərinə qaçırıq. İşimiz çox ağır və gərgindir.

- Belə iş qrafiki və rejimi ilə yanaşı, saatlarla hava keçirməyən skafandr geyimində olmaq isə həkimlərin yorğunluğunu daha çox artırır. 8 saat fasiləsiz şəkildə o geyimdə ac-susuz hərəkət etmək özü də bir gərginlik, çətinlik yaradır...

- Hələ Tədris Cərrahiyyə Klinikasına gəlməmişdən əvvəl işlədiyim 11 saylı şəhər poliklinikasında yaradılan filtr otağında çalışırdım. Orada biz artıq skafandr geyinib xəstələri müayinə və müalicə edirdik. TƏBİB-in çağırışı ilə klinikaya gələndə bu formanı geyinmək mənə çətin deyildi. Amma isti havada 8 saat ərzində formada tərin içində, ac, susuz qalmaq, təbii fizioloji tələbatları ödəməmək olduqca çətindir. 3 aydır bu geyimdəyik. Hər gün soyunma otağında paltarlarımızı çıxarırıq. Uniformanın üzərindən hava keçirməyən ağ kamuflyaj formanı geyinirik. Maska, plasmast eynəklər, əlcək taxır, ayaqqabımızın üzərinə və saçımıza baxil keçiririk. Beləcə yaraqlanıb-yasaqlanıb yuxarı mərtəbələrə gedirik. Bu sadaladığım yerlər "təmiz zona” sayılır. Liftdən çıxdıqdan sonra "neytral zona”ya daxil oluruq. "Neytral zona”dan isə hərə öz şöbəsinə keçir.

8 saatlıq üç növbəli iş qrafiki ilə çalışırıq. Səhər növbəsi 8:00-dan 16:00-a, günorta növbəsi 16:00-dan 00:00-a, gecə növbəsi isə 00:00-dan səhər 8:00-a qədərdir. Daim ayaq üstəyik, yatmaq, oturmaq, sayıqlığı əldən vermək olmaz. Hər an xəstələrin həyatda qalması üçün çalışırıq. Yuxusuz gecələr keçiririk. Xəstələrin tez bir zamanda sağalıb ayağa qalxması üçün əlimizdən gələni edirik. İş saatımız bitdikdən sonra "kirli zona”dan "neytral zona”ya gəlir, burada kamuflyajı, əlcəkləri, baxilləri çıxarıb yandırılmaq üçün qoyulmuş zibil qablarına atırıq. Eynəkləri isə dezinfeksiya olunmuş suyun içinə qoyuruq. Əllərimizi spirtlə dezinfeksiya edirik. Ondan sonra əl-üzümüzü yuyuruq. Daha sonra aşağıya düşüb bizi gözləyən avtobuslara minərək qaldığımız hotelə yol alırıq. Bütün bunlardan sonra tibbi heyətin hansı yorğunluğu yaşadığını təsəvvür edin.

- Daim xəstələrinin əhvalını yüksək tutmağa çalışan, ürək-dirək verən həkimin özünün psixoloji durumu necədir? Hər gün gördüyü ağrı-acılar, sarsıntılar ona necə təsir edir?

- Əlbəttə ki, biz də insanıq. Bizim də hisslərimiz, duyğularımız var. Bir tərəfdən gərgin, yorğun iş qrafiki, bir tərəfdən də əsəb, stres. Düzdür, özümüzü ələ almağa çalışırıq. Amma xəstələrimizin ölüm xəbərini eşidəndə kövrəlirik, ağlayırıq. Axı onları neçə müddət müalicə etmişdik, tanıyırdıq. Bizə əziz insanlardı. Elə olub ki, xəstələrimi yuxuda da görüb çox pis olmuşam. Heç yadımdan çıxmaz, bir xəstəni müalicəsi ilə əlaqədar digər klinikaya köçürəndə ağladı ki, ölməyə gedirəm. Dedim, nə danışırsız, siz yaşayacaqsız. İnanmadı mənə, getdi və 3 gündən sonra ölüm xəbəri gəldi. Onun ölümü mənə çox təsir etdi...

Əslində, bizi sarsıdan, kədərləndirən, təsirindən çıxa bilmədiyimiz hadisələr çox olur... Leykoz xəstəmiz vardı. Vəziyyəti çox ağır idi. Hər dəqiqə həyatını itirmək qorxusu vardı. Son günlər ona qan köçürdürdük. Vəziyyəti barədə lazımi orqanlara məlumat vermişdik. Onu təcili olaraq digər xəstəxanaya köçürtmək qərarına gəldilər. Xəstəni təcili yardım maşınına qədər arabada gətirdik. Maşına minəndə üzümə baxıb soruşdu: "Doktor, mən yaşayacam?” Gülümsəyib, "əlbəttə, yaşayacaqsan, hələ uşaqlarının toyunda oynayacaqsan”, - dedim. İnandı mənə. Həvəslə maşına mindi. Bu hadisə mənə çox pis təsir etdi. Çünki ona məcburən yalan danışdım...

M.İsayeva aprel ayından indiyədək evindən, ailəsindən, doğmalarından uzaqdadır. Aylardır övladlarını öpüb qucaqlaya, bağrına basa bilmir. Balalarının qoxusuna həsrət qalıb. Bunun necə bir əzab olduğunu yəqin çoxları anlayır...

- Daha çox övladlarım üçün darıxıram. Düzdü, skaypla danışırıq. Bununla belə qucaqlayıb öpmək, bağrına basmaq bir ayrı hissdir... Amma biz könüllüyük. Hər şeyi gözə alıb gəlmişik. İndi xəstələrin bizə daha çox ehtiyacı var. Hələ ki, koronavirusla savaş davam edir. Məni qarşıda nə qədər xəstə gözləyir. Həm də nə qədər yuxusuz gecələr var... Dözə bildiyim, bacardığım qədər burdayam.

Məlahət İsayeva həm həkim, həm də adi vətəndaş kimi insanlara çağırış edir, özlərini bu gözəgörünməz düşməndən qorumaq üçün sağlamlıqlarının keşiyində durmağı tövsiyə edir. Bu isə o qədər də çətin deyil. İlk növbədə immuniteti gücləndirmək naminə sağlam qidalanmaq, vitamin qəbul etmək, heç olmasa, ev şəraitində idmanla məşğul olmaq, stresdən uzaq durmaq lazımdır. Gigiyena qaydalarına əməl etmək isə ən vacib məqamdır.

- Təəssüf ki, bəzi insanlar virusun olduğuna inanmır. Bu da öz növbəsində karantin qaydalarına qarşı məsuliyyətsizlik yaradır. Halbuki virusa inanmayan neçə insan ağciyərin ikitərəfli pnevmoniyası, boğulma, təngnəfəsliklə klinikamıza daxil olub. Hər kəsi bu dəhşətli xəstəliyi ciddiyə almağa, karantin rejiminə riayət etməyə çağırıram. Qorxuya, panikaya düşmək lazım deyil. Çünki stres imuniteti aşağı salır. Amma ehtiyatı da əldən buraxmaq olmaz. Çölə çıxarkən mütləq maska taxılmalıdır, sosial məsafə qorunmalıdır. Evə qayıdarkən əllər yuyulmalıdır.

Mən hazırda "Bulvar” hotelində qalıram. Hərdən pəncərədən çölə baxıram və sosial məsafəni qorumadan gəzən, tibbi maska taxmayan insanları görürəm. Həmin anda gücüm çatdığı qədər möhkəm səslə qışqırmaq istəyirəm: "Ey insanlar, maskalarınızı taxın”. Biz çox gərgin iş rejimi ilə çalışırıq. Həyatımızı təhlükəyə atmaqla yanaşı, həm də hər gün nə qədər həyəcan, stres keçiririk.

Vətəndaşlardan bircə xahişimiz var, bizim əməyimizi öz məsuliyyətləri ilə qiymətləndirsinlər. Koronavirusa ancaq belə qalib gələ bilərik.

Onu da qeyd edək ki, Məlahət İsayeva çalışdığı klinikada baş verən gündəlik hadisələri "Facebook” sosial şəbəkə hesabında qeyd edir. Burada baş verən hadisələri, xəstələr barədə məlumatları, qəhrəman həkimlərimizin fədakarlığını, şəfqətli tibb bacılarının yorulmazlığını oxucularla paylaşır. Nəticədə insanlar həkimlərimizi daha yaxşı tanıyır, səhiyyə işçilərimizin gərgin fəaliyyətləri ilə bir daha tanış olurlar. Bu, virusa inanmayanlar, onu oyun hesab edənlər üçün də bir dərsdir.

Məlahət İsayeva deyir:

- Klinikada baş verən bütün hadisələri işıqlandırmağa çalışıram. İşimi bitirib gedənə qədər nə olursa, həmin günün sonu onları əvvəlcə telefonumun "qeyd dəftərçə”sinə yazır, sonra da paylaşıram. Bu gün olanları da mütləq qeyd edəcəm. Sabahkıları da, o biri günküləri də... İnanıram və ümid edirəm ki, "gündəliyimin” sonuncu qeydləri nikbin notlarla dolu olacaq. İnsanlarımıza koronavirusun bitdiyini xəbər verib, həmin "gündəliyi” bir daha açmamaq şərti ilə əbədi bağlayacam...


Xəyalə MURADLI,
"Azərbaycan”

Yazı "Nar” və TƏBİB-in birlikdə keçirdikləri "Günün Qəhrəmanları” müsabiqəsi çərçivəsində hazırlanıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM