30 Iyun 2020 00:42
3200
CƏMİYYƏT
A- A+

Azərbaycan böyük fəlakətdən qorundu


Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çevik və zəruri tədbirlər ölkəmizdə pandemiyanın təsirlərini minimuma endirdi


Dünya koronavirus, COVID-19 pandemiyasının birinci mərhələsindən tam yaxa qurtarmamış, ikinci və daha təhlükəli dalğası ilə üzləşib. Ölkələr infeksiyaya qarşı mümkün effektiv tədbirləri tətbiq etsə də, COVID-19 yoxa çıxmaq bilmir. Kiçicik bir yumşalmanı fürsət bilərək, böyük yoluxma ocaqları çatmağı bacarır.

Xəstəliyin yeganə çarəsi ola biləcək vaksin və dərman müalicəsi isə hələlik yoxdur. İndi bəşəriyyətin xilası insanların tələb olunan qaydalara əməl edərək koronavirusa yoluxmaqdan qorunmasıdır.

Hazırda pandemiya ilə bağlı vəziyyətin heç də ürəkaçan ssenari üzrə getmədiyini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri də söyləyirlər.

Qurumun Avropa Regional Bürosunun direktoru Hans Kluqe məlumat verib ki, son iki həftə ərzində Avropanın 30 ölkəsində COVID-19-la bağlı məyusedici dinamika müşahidə edilib: "Ölkələrin 11-də virusun sürətlə yayılması epidemiyanın yenidən başlamasına səbəb ola bilər. Əgər prosesi dayandırmasaq, Avropa ölkələrinin səhiyyə sistemləri uçuruma yuvarlanacaq. Dövlətlər əvvəl tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırdıqları üçün xəstəliyin yenidən yayılması riski var. Bəzi Avropa ölkələrində bu risk artıq reallığa çevrilib”.


Çox böyük problemlərdən sığortalandıq


Azərbaycanda da qlobal pandemiya ilə mübarizə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hələ virusun üzə çıxdığı ilk zamandan etibarən bütün sahələr üzrə çevik və zəruri addımlar atıldı. Dərhal və mərhələli şəkildə həyata keçirilən bu tədbirlər sayəsində ölkəmiz böyük fəlakətdən qorundu.

Pandemiyaya qarşı görülən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda yoluxma sürətini azaltdı, insan itkisi minimum sayda oldu.

Xüsusilə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizəyə inanılmaz töhfə verdi. İstifadəyə verilən bu xəstəxanalar 200 çarpayılıqdır, müasir texnologiyalar əsasında quraşdırılıb. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilib. Yaxın zamanlarda isə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq.

Ümumiyyətlə, son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, hazırda koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik.


İnfeksiyanın erkən aşkarlanması


Koronavirus infeksiyasının aparılan testlər sayəsində erkən aşkarlanması da effektiv vasitələrdən biridir. Bu sahədə də ölkəmiz lazımi addımları atıb. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib.

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Hazırda ölkədə testlərin aparılması üçün 23 laboratoriya fəaliyyət göstərir və adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.


Məhdudlaşdırıcı tədbirlərə rəvac verən səbəblər


Görülən qabaqlayıcı tədbirlər sayəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən karantin qaydalarında mərhələli şəkildə yumşalmalara start verildi. Amma təəssüf ki, bu ərəfədə bəzi vətəndaşların koronavirusun tamamilə yox olması kimi yanlış düşüncələr və atdıqları məsuliyyətsiz addımlar yenidən məhdudlaşdırıcı tədbirlərə rəvac verdi. Ölkəmizdə gündəlik virusa yoluxma sayı 500-ün üzərinə qalxdı və bu dinamika mənfiyə doğru sürətlə irəliləməyə başladı. Buna görədir ki, hazırda yoluxma sayı çox olan bir çox şəhər və rayonlarımızda iki həftəlik xüsusi karantin rejimi tətbiq olunub.

Görülən bütün bu tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaq, yarada biləcəyi fəsadların qarşısını almaqdır.

Sərtləşdirilmiş rejimin müddəti isə vətəndaşların məsuliyyətli davranışından və koronavirusun yayılma sayından asılıdır.


Karantin günlərində toy?


Təəssüf ki, vəziyyətin nə dərəcədə təhlükəli olmasını hələ də dərk etməyən şəxslər var. Onlar bütün tələblərə baxmayaraq qaydaları pozmaqda davam edirlər. Sosial məsafəni saxlamır, maskadan istifadə etmirlər.

Halbuki bu sadə qaydalara əməl edərək həm özlərini, həm də digərlərini koronavirus bəlasından qoruya bilərlər. Yoluxmanın sayı kəskin azalar, tibb işçilərimizin üzərinə düşən ağır yük yüngülləşər, elə biz də normal həyatımıza daha tez qayıdarıq.

Amma hələlik bu müsbət proqnozları verməyin tez olduğu da acı reallıqdır. Bəziləri dünyanı məhvə sürükləyən bəlanın varlığına dırnaqarası, şübhə ilə yanaşmaqda davam edirlər. Elələri olur ki, qapalı yerlərdə maska taxmırlar, yas mərasimlərində iştirak edirlər. Baxmayaraq ki, elə bir çox rayonlarda kütləvi yoluxmalar yas mərasimlərində iştirak səbəbindən yaranıb.

Ölkənin bu çətin günlərində şadyanalıq edib toy məclisi quranlar da tapıldı. Belə ki, Zərdab rayonunun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq, toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Qlobal pandemiya ilə üz-üzə qaldığımız bu böhranlı günlərdə yaşanan təəssüfləndirici məqamlar, elə tətbiq olunan cərimələrin miqdarının artırılmasına, SMS icazə sistemində bir sıra icazələrin ləğv olunmasına da gətirib çıxardı.


Nə həyatımızı təhlükəyə ataq, nə də cərimələnək...


Bəli, çox təəssüf, demək olar ki, yarım ildir həyətlərdən vağzalı sədası yüksəlmir, ana-atalar övladlarının toyunda qol açıb oynaya bilmirlər. Yarım ildir elimiz toy-bayrama, şadyanalığa həsrət qalıb. Və hər birimiz o xoşbəxt günlərə bir də nə zaman qayıdacağımızı səbirsizliklə gözləyirik. Amma bu kritik vəziyyətdə pandemiyanın həyatımıza diktə etdiyi tələbləri yerinə yetirməyərək edilən məsuliyyətsizliklər sayəsində elə toylara da həsrət qala bilərik, doğmalarımızın yas mərasimlərində iştirak etməyə də...

Əziz həmvətənlər, neçə ki gec deyil, üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirək. Qaydalara uyaq, uymayanlara xəbərdarlıq edək. Yaşamaq üçün, indi necə yaşamağın şərtlərinə ciddi əməl edək... Ki, həyatımızın sevincli və kədərli anlarını qeyd edərkən nə sağlamlığımızı və həyatımızı təhlükəyə ataq, nə də cərimələnək...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video