26 Iyun 2020 01:24
4060
SİYASƏT
A- A+

Prezident İlham ƏLİYEV: "İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır"


Pandemiyanın miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır


Altı aydır ki, dünya ölkələri bütün səylərini qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyası ilə mübarizəyə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün olmamışdır. Əksinə, son zamanlar virus daha aqressiv və aktiv olduğu üçün yoluxmaların sayı, eləcə də ölüm halları artan templə davam edir. Ona görə də əksər ölkələr yenidən xüsusi karantin rejimini sərtləşdirmək, məhdudiyyətlər tətbiq etmək qərarını verib.

Azərbaycanda isə martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olunub, aprelin 5-dən xüsusi karantin rejimi elan edilib. Onu da qeyd edək ki, COVID-19 virusunun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə hələ yanvar ayından Prezident İlham Əliyevin tapşırığına əsasən, zəruri qabaqlayıcı tədbirlər görülməyə başlanmışdı. COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsallı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmişdi, ölkədə 20-dən çox laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdı.

Martın sonunda istifadəyə verilmiş "Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verilmişdi.

Pandemiya ilə mübarizədə əhəmiyyətli rol oynayan bu xəstəxanalardan ikisi Bakıda, biri Sumqayıtda, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıb.


Modul tipli xəstəxanalar COVID-19-a qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edəcək


İyunun 24-də isə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Üç korpusdan ibarət, ümumilikdə, 100 palata və 200 çarpayılıq yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz edilib. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək. Yeni korpusda orta simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün yüksək şərait yaradılıb. Eyni zamanda daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür.

Bu, artıq istifadəyə verilmiş 5-ci modul tipli xəstəxanadır. 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul tipli xəstəxanaların açılması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Beləliklə, əlavə 2 min çarpayı yeri olacaq. Son həftələr koronavirus xəstələrinin sayının artdığını nəzərə alsaq, bu, COVID-19-a qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edəcək.

Dövlət başçısı bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarı aprel ayında qəbul etmişdi. O vaxt xəstələrin sayı kifayət qədər az, sağalanların sayı isə daha çox idi. Hazırda koronavirus xəstələrinin sayının artması, nəticədə daha çox çarpayıya ehtiyacın yaranması bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın qəbul edilməsinin nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya yenidən qurulub.

Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasında çıxışı zamanı Bakıda koronavirus xəstələrinin daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə aldıqlarını bildirib. Məsələn, təxminən 600 çarpayılıq böyük, müasir tibb ocağı olan "Yeni klinika”da bu gün koronavirus xəstələri müalicə alır. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları, digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar.


Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır


Dövlət başçısı qeyd edib ki, koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb. Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub: "Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur”.

Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə mayın əvvəlindən karantin rejimi yumşaldılmağa başlandı. Lakin yumşalma tədbirlərindən sonra Azərbaycanda sanitar-epidemioloji qaydalar kütləvi surətdə pozulduğu üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Çünki ölkədə xəstələnənlərin sayı, dinamikası artır və belə davam edərsə, səhiyyə sistemimiz buna davam gətirə bilməz. Məhz bu səbəbdən iyunun 21-dən daha sərt karantin rejimi tətbiq edildi. Bunun əsas və yeganə səbəbi odur ki, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər.

"Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək. Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir”, - deyə dövlət başçısı əlavə edib.


Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır


Azərbaycan ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirdi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər. Buna baxmayaraq, ölkədə şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Azərbaycan dünyada ilk ölkələrdən idi ki, kütləvi yoluxmanın qarşısını almaq üçün bütün təhsil ocaqlarını, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladı. Bu məhdudlaşdırıcı tədbirlərin görülməsinin səbəbi insanların sağlamlığının əsas prioritet təşkil etməsidir.

Lakin dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azaltdı. Sürətlə inkişaf edən turizm sektorunun dayanması, bir neçə başqa perspektivli sektorun fəaliyyətdən qalması iqtisadiyyatın durumuna mənfi təsir göstərdi. Baxmayaraq ki, ölkənin gəlirləri azaldı, bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qaldı, dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürdü. 600 mindən çox insan lazım olan vəsaitlə təmin edildi, 190 manatın verilməsi müddəti uzadıldı. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara dövlət öz köməyini göstərdi. Heç bir sosial layihə ixtisar edilmədi. Məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər, yaşayış kompleksləri tikilir.

Dövlət başçısı bəyan etdi ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır: "Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır.

Bir də ki, biz son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində iqtisadi gücümüzü böyük dərəcədə artırmışıq. Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır”.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır. Dövlət üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. İndi qalır vətəndaşların üzərinə düşən vəzifələr - tibbi maska taxmaq, sosial məsafəni gözləmək, dezinfeksiya qaydalarına riayət etmək. Bu şəraitdə koronavirusla mübarizədə uğurun əsas şərti məhz vətəndaşların məsuliyyətindən, nizam-intizamından asılıdır. Mübarizədə cəmiyyət olaraq birlik, həmrəylik nümayiş etdirməli, tətbiq edilən qaydalara intizamla yanaşmalıyıq. Bu, hər birimizin vətəndaş borcudur. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, ətrafımızı, dolayısı ilə xalqımızı gözəgörünməz düşməndən qoruyaq.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video