25 Iyun 2020 14:14
1888
PARLAMENT
A- A+

Azərbaycan Ordusu qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir


İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə deputat Ziyad Səmədzadəni 80 yaşının tamam olması münasibətilə təbrik etdi.

"Bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur. Möhtərəm Prezident İlham Əliyev akademik Ziyad Səmədzadəni 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir” deyən Sahibə Qafarovanın sözlərinə görə, bu, təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə, Milli Məclis üçün sevindirici hadisədir. Milli Məclisin Sədri Ziyad Səmədzadəyə fəaliyyətində yeni-yeni uğurlar arzu etdi.

Deputat Ziyad Səmədzadə ona göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi, bundan sonra da Azərbaycanda iqtisad elminin daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini dedi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olundu. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər "Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin məcəlləyə əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur. Layihə üçüncü oxunuşda qəbul olundu.

"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar bildirildi ki, sənəd "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.

Parlamentin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə (ikinci oxunuş) təqdim etdi. Deputat bildirdi ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaqdır. Layihə ikinci oxunuşda təsdiq edildi.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumat verdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılmışdır və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Qeyd edildi ki, müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında (ikinci oxunuş) məlumat verdi. Qeyd etdi ki, təklif olunan dəyişikliklər "Telekommunikasiya haqqında” qanuna əsasən telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələr məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Layihə ikinci oxunuşda təsdiqləndi.

Kamal Cəfərov Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklərlə bağlı qanun layihələrini də (ikinci oxunuş) təqdim etdi. Bildirdi ki, dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcəklər. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni (ikinci oxunuş) təqdim etdi. Bildirildi ki, qanunda "az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur. Birinci oxunuşdan sonra layihəyə təkliflər daxil olmamışdır. Qanun layihəsi ikinci oxunuşda təsdiq edildi.

Gündəliyin növbəti dörd məsələsi bir zərfdə daxil olduğuna görə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Vergi Məcəlləsinə, "Notariat haqqında”, "Sosial sığorta haqqında” və "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli parlamentə bir zərfdə təqdim olunmuş "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrant haqqında” qanunlara dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verdi. Bildirdi ki, təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin "Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, Prezident, Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib: "Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur”.

Milli Məclisin Sədri bir daha Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin bütün şəxsi heyətinə, xalqımıza və deputatlara təbriklərini çatdırdı.

Bununla da Milli Məclisin iclası başa çatdı.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video