25 Iyun 2020 02:26
740
SİYASƏT
A- A+

Ölkələrin koronavirusdan xilası: karantin rejimi yenidən sərtləşdirilir


"Pandemiya güclənir: yeni yoluxma hallarının sayı rekord həddə - gündə 183 minə çatıb. Biz dünyanın bütün ölkələrini əhalinin sağlamlığının qorunması sahəsində tədbirləri gücləndirməyə çağırırıq”. Bunu ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bildirib.

ÜST-ün iyunun 23-nə olan hesabatına görə, dünyada təsdiqlənən koronavirusa yoluxma sayı 9,3 milyonu, ölənlərin sayı 469 mini keçib. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb. Üçüncü yeri isə Qərbi-Sakit okean regionu tutur.

COVID-19 infeksiyası yeni yayılmağa başladığı zamanlar mütəxəssislər ümid edirdilər ki, havalar isindikcə günəşin ultrabənövşəyi şüaları virusu məhv edəcək. Lakin sonradan bu proqnozlar nəinki özünü doğrultmadı, əksinə, yay aylarında yoluxma daha da artdı. Son zamanlar isə COVID-19 infeksiyası daha aqressiv və aktiv olmağa başlayıb - xəstələrin sağalma müddəti uzanıb, yoluxanlar arasında gənclər çoxdur və sairə. Məhdudiyyətlərin yumşaldılması da virusun yenidən sürətlə yayılmasına səbəb olub.

Bu da ölkələri karantin rejimi qaydalarını yenidən sərtləşdirməyə məcbur edir.


Virusun ikinci dalğası birincidən daha ağır ola bilər


Venesuela Prezidenti Nikolas Maduro ölkədə yoluxma hallarının sayının 4000-i aşmasından sonra koronavirus infeksiyasının "təhlükəli həddə çatması” haqqında bəyanat verib. Prezident koronavirusun bu qədər geniş yayılmasını venesuelalıların qonşu Kolumbiya və Braziliyadan qayıtması ilə əlaqələndirib. Belə ki, koronavirus pandemiyası başlanandan bəri 70 mindən çox venesuelalı öz ölkəsinə qayıdıb. Buna görə N.Maduro əhalini COVID-19-la mübarizə üçün karantinə riayət etməyə çağırıb.

İyunun 22-dən Venesuela yeni tipli koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə ölkənin 24 ştatından 10-da, o cümlədən paytaxt Karakasın ən böyük dairəsi olan Libertador bələdiyyəsində tətbiq edilmiş karantin rejimini gücləndirib. Supermarketlər, apteklər gündə cəmi bir neçə saat işləyir. Ölkədə daxili və beynəlxalq nəqliyyat əlaqəsi məhdudlaşdırılıb.

Fransada COVID-19 pandemiyası ilə əlaqədar yaradılmış 13 ekspertdən ibarət Elmi Şura koronavirusun yayılmasının intensivləşəcəyi ehtimalını irəli sürüb, infeksiyanın ölkənin regionlarında getdikcə geniş yayıldığını bildirib və dövləti ayıq olmağa çağırıb.

"Pandemiya təcrübəsi göstərir ki, virus mövsümi ritm almamışdan əvvəl 2 və ya 3 dalğada yayılır. Virusun yenidən baş qaldırması ehtimalı son dərəcə yüksəkdir. İkinci dalğa birincidən daha ağır ola bilər. Buna görə də xəstəxanalarda çarpayıların sayı çoxaldılmalı və dövlət ikinci dalğaya hazır olmalıdır”, - deyə virusoloq-həkimlər həyəcan təbili çalırlar.


"... Daha çox ölüm faktı ilə üzləşəcəyik”


Son günlərdə ABŞ-da COVID-19-a gündəlik olaraq 26 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Xəstəxanalarında koronaviruslu xəstələrin sayı sürətlə artmaqdadır.

"Əl-Cəzirə” telekanalı bildirir ki, yoluxma hallarının artımı ilə bağlı ABŞ-ın cənub və qərb ştatlarında həyəcan yaşanmaqdadır. Son zamanlar COVID-19 virusuna nəzarətin güclənməsinə və virusa qarşı mübarizədə əldə olunan irəliləyişlərə baxmayaraq, bir çox amerikalıların tibbi maska taxmağa və sosial məsafə saxlamağa laqeyd yanaşdıqları səbəbindən xəstəliyin miqyası genişlənir. Məhdudiyyətlərin son bir ay yarım ərzində yumşaldılması virusun yenidən sürətlə yayılmasına səbəb olub, təkcə Florida ştatında infeksiyaya yoluxmuş xəstələrin sayı 100 mini ötüb. Digər ştatlarda da yoluxmada kəskin artım müşahidə edilib.

"Virusa yoluxanların sayı sürətlə artır. Çox güman ki, biz bunun nəticəsində daha çox ölüm faktı ilə üzləşəcəyik”, - deyə Hyuston Metodist Xəstəxanasının baş direktoru Mark Bum bildirib. O, növbəti üç həftə ərzində xəstəxanaların tam dolacağını proqnozlaşdırıb və vətəndaşlara müraciət edərək hamını tibbi maskalardan istifadə etməyə və sosial məsafəni saxlamağa çağırıb.

Texas, Alabama, Florida və Cənubi Karolina ştatları daxil olmaqla bir sıra ştatların qubernatorları da bütün vətəndaşların tibbi maska taxmaq qaydasına riayət etməsinin vacibliyini vurğulayıblar.

Merilend ştatının paytaxtı yaxınlığında yerləşən Fort Vaşinqton Tibb Mərkəzində boş çarpayılar tapmaq müşkül məsələyə çevrilib. Bu, ağır xəstələrin ailə üzvləri üçün heç də ürəkaçan mənzərə deyil və onlar koronavirus təhlükəsinin gerçək olduğuna inanmayan çoxsaylı amerikalılarla bağlı öz məyusluqlarını bildirirlər.

Tənəffüs orqanları üzrə terapevt Kevin Kol qeyd edib ki, indi hamı çimərliklərə can atır və virusun sadəcə bitdiyini düşünürlər. Amma bu, belə deyil, virus yox olmayıb. Bu, hələ son deyil və təəssüflər olsun ki, bu pandemiyanın davam etməsinə səbəb olanlar da məhz həmin insanlar olacaqlar.


"Müalicə müəssisələrində xəstələrə yer çatmır”


Qazaxıstanın Kostanay vilayətində son günlər koronavirus infeksiyası ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsi müşahidə olunur. Hər gün 50-dən 100-dək yoluxma faktı qeydə alınır. Simptomlu və simptomsuz xəstələr nəzərə alınmaqla, ümumilikdə koronavirusa yoluxanların sayı 518 nəfərədək yüksəlib. Koronavirus infeksiyası bu xəstəliyin əvvəllər qeydə alınmadığı cənub regionlarında da özünü büruzə verməyə başlayıb.

"Yoluxma sayının artması səbəbindən laboratoriyalar, həmçinin xəstələrin müalicəsində iştirak edən tibb işçiləri gərgin iş rejiminə keçiblər. Yaranmış vəziyyətdə tibbi personal iş vaxtından əlavə çalışmağa məcburdur. Bu da təbii ki, onların səhhətinə mənfi təsir göstərir. Bundan başqa, müalicə müəssisələrində xəstələrə yer çatmır. Ehtiyat yataq yerlərinin açılması istiqamətində işlər görülür”, - deyə Kostanay vilayətinin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo bildirib.

Belə bir vəziyyətin yaranmasının əsas səbəbləri sırasında o, əhalinin, eləcə də sahibkarlıq subyektlərinin məhdudlaşdırıcı tədbirlərə kütləvi əməl etməməsini vurğulayıb: "Qadağalara baxmayaraq, kafe və restoranlarda ziyafət, toy, şənliklər keçirilir. Kostanay vilayətindəki iki uşaq bağçasının işçiləri arasında COVID-19-a yoluxma faktı aşkarlanıb”.

Xəstələrin sayının artması ilə əlaqədar vilayətdə iyunun 23-dən 30-dək karantin rejiminin gücləndirilməsi, məktəbəqədər müəssisələrin, idman obyektlərinin fəaliyyətinin dayandırılması, həmçinin ictimai iaşə obyektlərində iş rejiminin məhdudlaşdırılması qərara alınıb.

Ukraynada koronavirusun yayılması ilə əlaqədar təhlükəli epidemioloji vəziyyət yaranıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirir ki, ölkədə son sutkada koronavirusa 940 nəfər yoluxub. Bununla da Ukraynada COVID-19-a yoluxanların sayı 39 min 14 nəfərə çatıb. Virusdan ölənlərin sayı 1050 nəfərə yaxındır.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin qaydaları sərtləşdirilib. Son 2 həftədə koronaviruslu xəstələrin birgünlük artımı müşahidə olunur. Ukrayna hökuməti, o cümlədən Səhiyyə Nazirliyi hesab edir ki, bu artımın əsas səbəbi karantin məhdudiyyətlərinin zəiflədilməsi və əhalinin müəyyən edilmiş qaydalara riayət etməməsidir.

İranda koronavirusa yoluxanların ümumi sayı 209970-ə, ölənlərin sayı isə 9863-ə yüksəlib. Mütəxəssislər İranda vəziyyətin belə ağır olmasını karantin tədbirlərinin vaxtından əvvəl yumşaldılması ilə əlaqələndirərək infeksiyanın yayılmasının ikinci dalğasının başladığını bəyan ediblər. İran rəsmiləri də karantin tədbirlərinin yenidən sərtləşdirilməsinin zərurət olduğunu bildiriblər.

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb. COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub. Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.

Azərbaycanda da son vaxtlar epidemioloji vəziyyətin pisləşməsi xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri etdi. Sərtləşdirmə tədbirlərinin tətbiqində məqsəd ölkədə koronavirusun yayılma sürətini və xəstəlikdən ölüm hallarını azaltmaqdır.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video