“Qara qızıl”ın üzünü ağardan neftçi
Bu ömür yolu başlanğıcını dağlardan götürmüşdü. Başına doladığı dumandan çalmaya, sinəsindən şaqqıltıyla kükrəyən selinə heyranlıqla baxdığı dağlardan. İndi yalnız yuxularda bir gecəlik mehman ola bildiyi dağlardan...
Və bu ömür yolu coşan dalğaların, ucsuz-bucaqsız neft qoxulu ümmanların qoynunda uzun bir yol qət etmişdi...
İstəklərinin, arzularının, ümidlərinin arxasınca...
Yarım əsrdən artıq bir zaman kəsiyinə çox müvəffəqiyyətlər sığdırmışdı. Zəhməti, əzmkarlığı sayəsində indi ömrünün 70-ci zirvəsindən baxanda da nailiyyətləri, imza atdığı uğurlar, qazandığı mükafatlar da elə dağ kimi sıralanmışdı.
Bəs nə idi bu uğur çeşməsinin sularını bulanıq göstərən? Alnında düyünə, qəlbində kövrəkliyə, ürəyində közə çevrilən yurd həsrəti?!
Nə idi həm ölkəmizdə, həm də vətənimizin hüdudlarından xeyli uzaqlarda belə şöhrət qazanan neftçimiz Tofiq Məhəmmədovun ürəyində qübara çevrilən nisgil?!
Dağlar oğlu neçə-neçə dənizləri fəth edir
Hələ soydaşlarımızın doğma torpaqlarımızdan didərgin düşməyən xoşbəxt günlərinin birində, 1950-ci ilin 22 iyununda indiki Ermənistanın Qaraqoyunlu mahalının Əmirxeyir kəndində dünyaya göz açmışdı Tofiq Həzrətqulu oğlu Məhəmmədov.
Uşaqlığı zirvələri ağ örpəkli dağlarda, qartalların qıy vurduğu qayalarda, çiçəklərdən xalı sərilmiş çəmənliklərdə keçmişdi. Təbiət vurğunu olmuşdu və elə o vaxtdan qəlbində onun sirlərinə daha dərindən vaqif olmaq arzusu baş qaldırmışdı.
Orta məktəbi bitirdikdən sonra, 1967-ci ildə birbaşa üz tutduğu ünvan Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsi oldu.
Seçdiyi ixtisasa olan dərin sevgi və bu sahənin incəliklərinə bələd olmaq üçün əzmlə çalışması sayəsində 1972-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdi.
O zaman diplom rəhbəri, akademik Şəfayət Mehdiyevin, "Mən inanıram ki, dağlar oğlu neçə-neçə dənizləri fəth edəcək və yaxşı neftçi olacaq” sözlərini həyat amalına çevirərək, çox keçmədən gerçəyə, reallığa çevirmişdi...
Xəzərin ram edilməsi
Bir an öncə sevdiyi peşəsi ilə məşğul olmağa tələsən Tofiq Məhəmmədov məzun olduğu ildən etibarən Özbəkistan SSR-də Neft-qaz kəşfiyyatı birliyində çalışmağa başlayır. Zəhmətsevərliyi, işinə olan sevgisi, ən əsası da bilik və bacarığı sayəsində əvvəlcə operator, geoloq, böyük geoloq, daha sonra isə sahə rəisi vəzifəsinədək yüksəlməyi bacarır.
Beş il müddətində həmin müəssisədə çalışıb, bir sıra perspektivli neft yataqlarının aşkara çıxarılması və mənimsənilməsində əvəzsiz xidmətlər göstərir. Çəkdiyi zəhmət müqabilində o, Özbəkistanın orden və medalları ilə təltif olunur.
1979-cu ildə Özbəkistanın Neft-Qaz Axtarışı Birliyinin kəşfiyyat ekspedisiyasının rəhbəri vəzifəsinə dəvət alsa da, bundan imtina edərək Azərbaycana dönür. Elə həmin il Xəzər dənizində açıq neft-qaz fontanlarının qarşısının alınması və ləğv edilməsi üzrə hərbiləşdirilmiş hissədə bölmə rəisi vəzifəsinə təyin olunur. Ömrünün doqquz ilini həmin müəssisə ilə bağlayan T.Məhəmmədov fəaliyyət göstərdiyi müddətdə Xəzər dənizində yerləşən neft-qaz yataqlarının təhlükəsiz istismarı, habelə texnoloji proseslərin düzgün aparılması sahəsində yüksək bacarıq və elmi təcrübə nümayiş etdirir. Buna görə də Azərbaycanın keçmiş Neft-Qaz Sənayesi Nazirliyi yüksəkixtisaslı və təcrübəli kadr olduğunu nəzərə alaraq, Tofiq Məhəmmədovu 1988-ci ildə Vyetnam Sosialist Respublikasına göndərmək qərarına gəlir.
Cənubi Çin dənizinə səyahət
Beləliklə, təcrübəli neftçi vətəndən çox-çox uzaqlarda sevdiyi peşəsini icra etməyə, həm də bu sahə üzrə gənc kadrlar yetişdirməyə başlayır.
1988-1992-ci illər ərzində "Vyetsovpetrol” MMC-də şöbə rəisi vəzifəsində işləyən T.Məhəmmədov, 1992-1995-ci illərdə SOCAR-ın Liman nəzarəti və hidrotexniki qurğuların təhlükəsiz istismarı idarəsində baş mühəndis vəzifəsində çalışır. 1995-2008-ci illərdə yenidən Vyetnam Sosialist Respublikasına ezam olunaraq orada "Vyetsovpetrol” MMC və "Petrovyetnam” şirkətində baş mühəndisin müavini və təhlükəsizlik idarəsinin rəisi vəzifələrində işləyir.
Cənubi Çin dənizində bir sıra neft-qaz yataqlarının istismarındakı fəaliyyətinə görə T.Məhəmmədov 1991-ci ildə Vyetnam Sosialist Respublikasının "Dostluq” medal və ordeni ilə, 2001-ci ildə Dövlət mükafatı, 2010-cu ildə isə ''Əmək'' ordeni ilə təltif olunub.
Alın təri ilə qazanılan uğur
Ömrünün yarıdan çoxunu neft sənayesinə həsr edən zəhmətkeş neftçi 2009-cu ildən "SOCAR-AQŞ”-də baş direktorun müşaviri işləyir, dərin bilik və təcrübəsini bu sahənin uğurlu inkişafına sərf edir.
Peşəkar neftçinin əməyi ölkəmizdə də yüksək qiymətləndirilib, 2016-cı ildə T.Məhəmmədov Prezident İlham Əliyev tərəfindən "Tərəqqi'' medalına layiq görülüb. Aldığı mükafatın sevincini isə bu sözlərlə ifadə edib: "Bu xəbəri eşidəndə həm sevindim, həm də qürur hissi keçirdim. Bu keçən illər ərzində "qara qızıl”ımız həm mənim, həm də xalqımızın üzünü ağartdı. Ona görə də aldığım mükafatın sevincini yaşamaqla bərabər, mənə göstərilən etimadın məsuliyyətini də dərk edirəm. Hesab edirəm ki, bu uğur həm də uzun müddətdir çalışdığım "SOCAR-AQŞ” kollektivinin də uğurudur”.
Xoşbəxtliyin şah zirvəsi
Bu dünyada hərənin öz alın yazısı var deyirlər. Qismətinə nə yazılıbsa, onu yaşayırsan, o cığırla irəliləyirsən...
Amma o da var ki, Tanrı bu tale yoluna naxış salmağı, onu zinətləndirməyi, şərəfli etməyi də hər kəsin öz ixtiyarına verib...
Nə xoşbəxtdir o kəslər ki, vəfasız dünyanın insanoğluna mükafat olaraq bəxş etdiyi bu töhfəyə əməli, işi, zəhməti sayəsində layiq olurlar...
Bugünündən dünəninə boylananda tarix səhifələrində öz izlərini görməyi, gələcəyə ötürülən salnamələrə öz imzalarını həkk etməyi bacarırlar...
Peşəkar neftçi Tofiq Məhəmmədov da belə bəxtinə uğur yazılan insanlardandır.
Amma xoşbəxtliyin zirvəsinə, şah nöqtəsinə illərdir nisgilini, həsrətini çəkdiyi ana yurduna, Qaraqoyunlu mahalının, Əmirxeyirin hər daşını torpağını, cığırını öz nəvələrinə bircə-bircə göstərəcəyi, tanıdacağı an çatacaq...
Bəli, əminik ki, o an tezliklə yetişəcək və Tofiq müəllim də növbəti ad günü təbriklərini, peşə uğurlarına verilən mükafatları, təltifləri də məhz o ellərdə, o yurdlarda qəbul edəcək...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq...
19 Mart
Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!